"Xankəndi" Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Xankəndi - Kərkicahan döyüş gündəliyi” adlı sənədli filminin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Qala qəsəbəsindəki Tədris Mərkəzindətəqdimat mərasimi keçirilib.
QHT.az-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan ictimai birliyin sədri Xatirə Vəliyeva yaradıcı heyətə və filmin çəkilməsində əməyi keçən hər kəsə öz minnətdarlığını bildirərək tədbir iştirakçılarını filmə baxmağa dəvət edib.Sənədli filmə baxış keçirildikdən sonra filmin ssenari müəllifi Bəxtiyar Qaraca vətənpərvərlik ruhunda çəkilən filmlərin əhəmiyyətindən danışıb. Həmçinin əzəli ata-baba yurdumuz olan Xankəndi şəhəri, Kərkicahan qəsəbəsi haqqında məlumatları da tədbir iştirakçılarının diqqətinə çatdırmaqla ermənilər tərəfindən əhaliyə qarşı törədilmiş terror, sui-qəsd və hücum aktları barədə məlumat verib.
Daha sonra 122 saylı Xankəndi seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Flora Qasımova çıxış edərəkbu kimi filmlərin hazırlanmasının erməni şovinistlərinin Azərbaycana qarşı ərazi iddialarının kökündə duran məsələlərin dəqiq araşdırılmasında, tariximizin daha dərindən öyrənilməsində əvəzsiz rolunu vurğulayıb. Ermənilər və onların havadarlarının bizim torpaqlarda xristian dövlətinin yaradılması cəhdləri və bunun acı nəticələri barədə geniş məlumat verən deputat F.Qasımova möhtərəm prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti və güvənc yerimiz, qürur mənbəyimiz olan, mükəmməl hazırlıq və yüksək döyüş ruhuna malik ordumuz sayəsində torpaqlarımız işğaldan tezliklə azad olunacağına əminliyi bildirib.
“Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədriSəriyyə Müslümqızı tarixi keçmişə nəzər salaraq erməni millətçilərinin iki əsrdən artıq başımıza gətirdikləri müsibətlərdən danışarkən milli vətənpərvərlik hisslərinin yüksəldilməsi, vətənə bağlılıq hisslərinin aşılanması istiqamətində “Xankəndi - Kərkicahan döyüş gündəliyi” sənədli filminin də xüsusi rol oynayacağını bildirib.
Film haqqında öz təəssüratlarını bölüşən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi İlqar Məmmədov ordu quruculuğundan, ordumuzun hazırki döyüş ruhundan danışaraq“Xankəndi - Kərkicahan döyüş gündəliyi” sənədli filminin davamlı olaraq kursantlara nümayiş etdiriləcəyini bildirməklə yaradıcı heyətə minnətdarlığını bildirib.