Respublika Veteranlar
Təşkilatında Tofiq Ağahüseynovun 95 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə İkinci Dünya
müharibəsi, Silahlı Qüvvələr, əmək veteranları, dövlət orqanlarının, ictimai və gənclər təşkilatlarının
nümayəndələri, ziyalılar, xarici ölkələrin Azərbaycan Respublikasındakı
diplomatik nümayəndələrinin təmsilçiləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Respublika
Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov açaraq demişdir:
“Mühüm xidmətləri ilə Azərbaycanın hərb tarixində və ictimai-siyasi həyatında
layiqli yer tutan general-polkovnik Tofiq Ağahüseynovun 95 yaşı tamam
olur. T.Ağahüseynov SSRİ dövründə bir sıra məsul hərbi vəzifələrdə işləmiş,
müstəqilliyin bərpasından sonra isə ulu öndər Heydər Əliyevin hərbi məsələlər
üzrə köməkçisi kimi bu sahənin inkişafında, Azərbaycanın müasir standartlara
uyğun, dünyanın inkişaf etmiş ölkələrindən geri qalmayan ordusunun qurulmasında
xidmətlər göstərmişdir. Yəqin
ki, bugünki yubiley tədbirində iştirak edənlər, yubiliyarı yaxından tanıyanlar,
dövlət orqanlarının təmsilçiləri onun keçdiyi həyat yoluna geniş nəzər salacaqlar.
Buna görə də mən qısa çıxış etmək, bu yolun yalnız bəzi məqamlarını sizə
xatırlatmaq istəyirəm.
T.Ağahüseynov 1923-cü il
fevral ayının 1-də Şəkidə anadan olmuş, yeddi yaşından ailəsi Bakıya köçdüyü
üçün orta məktəbi burada bitirmişdir. 1941-ci ilin sentyabrında Bakı Zenit
Artilleriya Məktəbinə daxil olmaqla, həyatını 18 yaşından hərblə bağlamışdır. Müharibə
başlandıqdan qısa müddət sonra leytenant rütbəsi alan T.Ağahüseynov cəbhəyə
yola düşür.
1-ci Belorusiya cəbhəsində
vzvod-komandiri, əlahiddə zenit artilleriyası divizionu qərargah rəisinin köməkçisi
kimi Visla-Oder və Berlin əməliyyatlarında iştirak edir. Müharibə bitdikdən
sonra Tofiq Ağahüseynovun qulluq etdiyi diviziya 1946-cı ilin oktyabrına qədər
Almaniyada qalır. Onun sağlamlığı, fiziki hazırlığı, ətrafındakılara münasibəti,
cəsarəti, dönməzliyi, xüsusilə də daim biliyini artırması gələcəkdə böyük hərbçi
olacağına yol açan faktorlar idi.
Tofiq Ağahüseynov 1949-cu
ildə Dzerjinski adına Hərbi Akademiyaya, bunun ardınca Hərbi Artilleriya
Akademiyasına daxil olur. Yüksək təhsilli mütəxəssis kimi Vətənə qayıdan gənc hərbçi
1960-1964-cü illərdə Hövsanda yerləşən Hava Hücumundan Müdafiə polkuna
komandirlik edir.
Sonrakı xidmət yolu
diviziya komandiri kimi Volqoqradda keçən Tofiq Ağahüseynov 1968-ci ildə
general-mayor rütbəsi alır və növbəti il Rostovda korpus komandiri təyin
edilir. SSRİ kimi bir dövlətdə qeyri-rus millətindən olan bir şəxsin cəmi 4 il
sonra, 1972-ci ildə general-leytenant rütbəsi alması onun hərb sənətini necə
yüksək səviyyədə mənimsəməsinin, bu işin öhdəsindən layiqincə gəlməsinin nəticəsi
idi.
Tale Tofiq Ağahüseynovu
yenidən doğma Bakıya qaytarır, 1975-ci ildə Bakı Dairəsi Hava Hücumundan Müdafiə
Komandanının birinci müavini təyin edilir. 1980-ci ildə Tofiq Ağahüseynov SSRİ
Silahlı Qüvvələrində general-polkovnik rütbəsini alan ilk azərbaycanlı olur. Həmin
vaxt ona Bakı Dairəsi Hava Hücumundan Müdafiə Komandanı vəzifəsi həvalə edilmişdi.
1982-ci ildə isə general-polkovnik Tofiq Ağahüseynova daha yüksək bir vəzifə həvalə
etdilir. O, Varşava Müqaviləsi dövlətlərinin birləşmiş silahlı qüvvələri baş
komandanlığının Çexoslovakiyadakı nümayəndəsi təyin olunur.
Əlbəttə, onun da yüksəlişində,
belə yüksək hərbi rütbələrə layiq görülməsində o zaman Azərbaycan SSR-in birinci
katib olan Heydər Əliyevin hərbi sahədə həyata keçirdiyi düşünülmüş siyasətin
rolu və təsiri də vardı. Bu sahədə hazırkı generallarımızın mütləq əksəriyyətini
yetirmiş C.Naxçıvanski adına hərbi məktəbin adını qeyd etmək kifayətdir. General özü də onun formalaşmasında Heydər
Əliyevin aparıcı rolu olduğunu dəfələrlə qeyd edib. Ulu öndər onun hərbi sahədəki
bacarığını və xidmətlərini həmişə yüksək qiymətləndirib. 1997-ci il 17 aprel
tarixli sərəncamı ilə Tofiq Ağahüseynovu prezidentin hərbi məsələlər üzrə köməkçisi
təyin etməsi və general-polkovnik rütbəsində Azərbaycan Milli Ordusu sıralarına
bərpa etməsi məhz bunun nəticəsi idi.
Yüksək peşəkarlığı və
nüfuzu nəzərə alınaraq, Tofiq Ağahüseynov üç çağırış Azərbaycan SSR Ali
Sovetinin deputatı seçilib. Müharibə illərində və sonralar dövlətin ali
mükafatlarına, orden və medallara layiq görülüb. Qırmızı Bayraq, Oktyabr
İnqilabı, Birinci Dərəcəli Vətən Müharibəsi, Qırmızı Ulduz ordenləri və s.
Tofiq Ağahüseynov Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin formalaşdırılmasında və hərbçi kadrların
hazırlanmasında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 1 fevral 2008-ci il və 17 yanvar 2013-cü il tarixli tarixli sərəncamları
ilə “Şöhrət” və “Azərbaycan Bayrağı” ordenləri ilə təltif olunmuşdur.
General-polkovnik Tofiq
Ağahüseynov respublikamızda veteran hərəkətinin inkişafına da böyük tövhələr vermişdir.
Bu xidmətlərinə görə ölkə veteranları 12 sentyabr 2017-ci ildə onu Respublika
Veteranlar Təşkilatının sədri seçmişlər. Müharibənin odu-alovundan çıxmış, Azərbaycanın
qəhrəman oğlu, hərb tarixinə adını daimi yazmış general-polkovnik Tofiq
Ağahüseynovu qarşıdan gələn yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir,
möhkəm cansağlığı, işlərində müvəffəqiyyətlər arzulayırıq.
General-polkovnik Tofiq
Ağahüseynovun
həyat və fəaliyyətindən bəhs edən kitab yazılmış, sənədli film çəkilmişdir.”.
Tədbirdə Azərbaycan Respublikasının müdafiə naziri,
general-polkovnik Zakir Həsənov, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi,
general-polkovnik Vaqif Axundov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi,
general-leytenant Mədət Quliyev, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət
Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, Baş Prokurorun müavini, Hərbi
prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev, DİN-nin müavini, Daxili
Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov, Əmək və əhalinin sosial
müdafiəsi naziri Səlim Müslümovun adından və başqa dövlət orqanlarından
yubiliyara ünvanlanmış, eləcə də, “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının müxtəlif ölkələrdəki
nümayəndəliklərindən, Rusiya Müdafiə nazirinin müavini Y.İ.Borisovun, Rusiya
Federasiyasının Azərbaycan Respublikasındakı hərbi attaşesi İ.Lobastov və digərlərindən
daxil olan təbrik məktubları oxunmuş, hədiyyələr təqdim
edilmişdir.
Tədbirdə çıxış edən RVT-nin, dövlət
orqanlarının nümayəndələri, İkinci dünya, Qarabağ müharibəsi, Silahlı Qüvvələr və əmək veteranları general-polkovnik
Tofiq Ağahüseynovun keçdiyi şərəfli həyat yolundan, peşəkar hərbiçi kimi xidmətlərindən, həmçinin
ictimai fəaliyyətindən bəhs etmişlər. Onlar bildirmişlər ki, müstəqil Azərbaycan
Respublikasının ordu quruculuğunda onun danılmaz rolu olmuşdur.
Sonda Respublika
Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov çıxış edərək demişdir: “Mən orduda 46 il xidmət etmişəm və hesab edirəm ki, bəxtim gətirib
ki, həyat yolumda qarşıma həqiqi insanlar çıxdılar. Əlbəttə, mənim general kimi
formalaşmağımda Heydər Əliyev aparıcı rol oynayıb. Mən 30 ildən çox idi ki, onu
tanıyırdım. O, həmişə mənim taleyimlə maraqlanır, hər cür kömək edirdi. Mən
bunun üçün ona son dərəcə minnətdaram”.
T.Ağahüseynov daha sonra tədbir
iştirakçılarına və yubiley təbriklərinə görə dövlət orqanlarının, ictimai təşkilatların
rəhbərlərinə minnətdarlığını bildirmiş, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin Təşkilata, ümumən ölkə veteranlarına diqqət və qayğısını yüksək
qimətləndirərək, veteranların bundan sonra da göstərilən etimadı
doğruldacaqlarına əmin etmişdir.