Həştərxanda Rusiya Azərbaycanlı Gənclər Birliyi regional nümayəndəliklərinin təmsilçiləri ilə görüş keçirilib
A A A
05/31/2018
Oxunma sayısı : 11163

|

Mayın 31-də Həştərxanda Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) regional nümayəndəliklərinin təmsilçiləri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-in sədri Leyla Əliyeva iştirak edib.

Əvvəlcə RAGB-in Azərbaycan-Rusiya dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən bəhs edən sənədli film nümayiş etdirilib. Filmdə qeyd olunur ki, RAGB Rusiyanın ən fəal gənclər təşkilatlarından biridir. Azərbaycanın və Rusiyanın görkəmli siyasi və ictimai xadimləri RAGB-in fəaliyyətini yüksək qiymətləndirir, təşkilatın gördüyü işlərin əhəmiyyətini vurğulayırlar.

Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-in sədri Leyla ƏLİYEVA görüşdə çıxış edərək deyib:

-Hörmətli qonaqlar və əziz dostlar.

Mən RAGB-in üzvləri ilə görüşdə sizi salamlamağa şadam. Bugünkü görüşümüzün mehriban Həştərxan torpağında keçirilməsi olduqca xoş hadisədir. Hər dəfə Həştərxana gələndə bu şəhərin əsrarəngiz energetikasını və gözəlliyini hiss edirəm. Mən Aleksandr Jilkinə görüşümüzü bu şəhərdə keçirməyə imkan yaratdığına və dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm. Həmçinin səfirimiz Polad Bülbüloğluna təşəkkür edirəm. O, əvvəldən daim bizim bütün təşəbbüslərimizi dəstəkləyib.

Həştərxan və Bakını uzun illərin dostluq telləri bir-birinə bağlayır. Altı il əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə şəhərdəki Heydər Əliyev parkını I Pyotr meydanı ilə birləşdirən “Dostluq” körpüsü açılıb. Yaxşı ki, şəhərlərimiz arasında belə körpülər çoxdur. Dörd il əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş uşaq bağçasını açıblar. 2013-cü ildə Knyaz Vladimirin abidəsinin açılışı olub. Bu, çox dəyərli və gözəl abidədir. Bu layihə üzərində işləyənlərin hamısına təşəkkürümü bildirirəm.

Bildiyiniz kimi, ölkələrimiz arasında uzun illərdir dostluq və mehriban qonşuluq əlaqələri mövcuddur. Bizim ümumi tariximiz və mədəniyyətimiz var. Ən əsası isə xalqlarımız qəlbən bir-birinə yaxındırlar. Bunu heç nə ilə sarsıtmaq və dağıtmaq olmaz. Azərbaycanda rus dilinə və ədəbiyyatına, mədəniyyətinə böyük sevgi ilə yanaşılır. Sevindirici haldır ki, ölkəmizdə rus dilində təhsil tam həcmdə qorunub saxlanılıb, 300-dən çox məktəbdə tədris rus dilindədir. Bütün ali məktəblərdə tədris rus dilində aparılan fakültələr var. Bakıda Rusiyanın iki aparıcı ali məktəbinin - Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları açılıb. İnşallah, gələcəkdə Rusiyanın ən yaxşı ali məktəblərindən birinin – Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun filialı açılacaq. Bu ilin mayında Bakıda ictimai təşkilat olan Azərbaycan Rus İcmasının yaradılmasının 25 illiyi təntənəli surətdə keçirilib. Bu icma Azərbaycanda yaşayan 120 mindən çox rusu sıralarında birləşdirir. Çox xoşdur ki, gənclərimiz Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsində fəal iştirak edirlər. Belə bacarıqlı, enerjili gənclərimizin olması gələcəyimizin daha parlaq və işıqlı olacağını göstərir.

Ölkəmizdə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı qəbul edilib. Bu proqram texniki biliklərə malik gənc azərbaycanlılar nəslinə ölkənin həyatında fəal iştirak etmək imkanı açır. Gənclər proqramı çərçivəsində biznes-inkubatorların, texnoparkların açılması nəzərdə tutulub. Aydındır ki, müasir dövrümüzdə və gələcəkdə yeni texnologiyaların əhəmiyyəti çox böyükdür və buna görə də biz bu sahədə bütün təşəbbüsləri dəstəkləyirik. Əlbəttə, sağlam həyat tərzi və idmanla məşğul olmağı da unutmaq olmaz. Azərbaycanda sağlam həyat tərzinin təbliği üçün çox işlər görülür. Mənim üçün “Bizim həyət” layihəsi çərçivəsində idman meydançalarının açılışında iştirak etmək həmişə xoşdur. Bu layihə insanlara təmiz havada olmaq, ünsiyyət qurmaq, bir-biri ilə tanış olmaq imkanı yaradır. 2018-ci ildə Bakıda 41 ölkədən 19 mindən çox insanın iştirak etdiyi marafon böyük uğurla keçdi. Gələn il sizin hamınızı marafonda iştirak etməyə dəvət edirəm. Orada çox müsbət aura və energetika olur. Artıq üçüncü ildir ki, Azərbaycanda dünyanın hər yerindən qonaqların gəldiyi Formula 1 yarışları keçirilir. RAGB da bu işlərdən kənarda qalmır. Biz gənclər arasında idmanın inkişafı üçün çox işlər görürük. Artıq uzun illərdir biz Heydər Əliyev Kuboku uğrunda mini-futbol yarışları keçiririk. Biz həm də “Nə? Harada? Nə vaxt?” yarışması, müxtəlif olimpiadalar, yarışlar keçiririk. Əlbəttə, insanlar təmiz havada, hərəkətdə olarkən ünsiyyət qurduqda bir-birini daha yaxşı tanıyır, hətta iki dəqiqəyə dostlaşa da bilərlər.

Əziz dostlar, RAGB-in ilk forumunun keçirilməsindən 9 il ötüb. Bu illər ərzində biz müxtəlif sahələrdə - təhsil, elm, mədəniyyət, səhiyyə, xeyriyyəçilik sahələrində böyük işlər görmüşük. Mən sizi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə təbrik etmək istəyirəm. Bu tarix mayın 28-də təntənəli surətdə qeyd olundu. Bu gün Azərbaycan öz gələcəyini 100 il əvvəl elan edilmiş demokratiya ənənələrinə və dəyərlərinə uyğun qurur. Əlbəttə, müasir gənclik burada böyük rol oynayır.

Qeyd etmək istəyirəm ki, RAGB-in fəaliyyəti hər il olduğu kimi, ötən il də çox uğurlu olub. Buna görə hamınıza təşəkkürümü bildirirəm. RAGB Soçidə keçirilən XIX Ümumdünya Gənclər və Tələbələr Festivalının Milli Hazırlıq Komitəsinin tam hüquqlu üzvü olub. 2017-ci ilin fevralında İvanovo şəhərində 4-cü liderlik məktəbi açılıb. Beş gün ərzində məktəbdə istedadlı və yaradıcı gənclər tematik treninqlərdə, ustad dərslərində, yarmarkalarda, təqdimatlarda, işgüzar görüşlərdə və idman yarışlarında iştirak ediblər. İnşallah, belə görüşlər daha çox olacaq. Hər il RAGB-nin təşəbbüsü ilə Rusiya şəhərlərində 1990-cı ilin qanlı 20 Yanvar hadisələri, 1992-ci ilin Xocalı soyqırımı ilə bağlı anım mərasimləri keçirilir. Həlak olanların xatirəsi bizim yaddaşımızda əbədi qalacaq. Biz inanırıq ki, dünya bu faciələrə ədalətli qiymət verəcək. Mən inanıram ki, dünya daha yaxşı olacaq. Bu cür faciələr bir daha dünyanın heç bir ölkəsində baş verməməlidir.

Bu yaxınlarda Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü qeyd olundu. Gənclərimiz bu tarixi hadisəni Moskva Dövlət Universitetinin əsrarəngiz Botanika bağında ağac əkməklə qeyd etdilər. Çox yaxşı ki, ölkələrimizin həmişə bir yerdə qeyd etdiyi və mən əminəm ki, həmişə qeyd edəcəyi ümumi bayramları və əlamətdar hadisələri var. 2017-ci il mayın əvvəlində RAGB Paklonnaya qorada “Qələbənin varisləri” tarixi-mədəni konfrans təşkil edib. Azərbaycanlılar Böyük Vətən müharibəsində mühüm rol oynayıblar. On minlərlə azərbaycanlı Sovet ordusunun sıralarında qəhrəmanlıqla döyüşüb. Belə görüşlər bizi birləşdirir və keçmişimizi unutmağa qoymur. Ən başlıcası odur ki, biz, ilk növbədə, insanıq, milliyyətimizdən və dini etiqadımızdan asılı olmayaraq, bizim bir planetimiz var. Düşünürəm ki, xeyirxah işlər görmək və bir-birimizə kömək etməyimiz çox vacibdir. Əlbəttə, bizim təmənnasız qanvermə aksiyamız olan “Qanın milləti yoxdur” layihəmiz də bu barədədir.

Ekologiya və ətraf mühitin müdafiəsi sahəsində layihələrimizi də qeyd etmək istəyirəm. Bildiyiniz kimi, təəssüf ki, bu problem günbəgün daha da aktuallaşır. Böyük sahələrdə meşələr qırılır, çaylar, göllər, dənizlərin suyu çirkləndirilir, kökü kəsilməkdə olan heyvanlar məhv olur, hər saatda bir fil və 11 min köpək balığı brakonyerlər tərəfindən məhv edilir. Okeanın 90 faizi artıq məhv edilib. Bəs biz övladlarımıza və nəvələrimizə nə miras qoyacağıq? IDEA təşkilatı böyük işlər görür. Biz Azərbaycanda 5 milyondan çox ağac əkmişik, Qafqaz leopardı, nərə balığı kimi nadir heyvan və balıq növlərini fəal şəkildə qoruyur, forumlar təşkil edir, filmlər çəkirik. Ancaq mənə elə gəlir ki, indi artıq fəaliyyətə başlamaq vaxtıdır, zaman gözləmir. Bu gün mən çox şadam ki, belə yaşıl şəhərdəyəm. Mən bilirəm ki, əksəriyyətiniz ətraf mühit probleminə laqeyd deyilsiniz. IDEA və RAGB sizin bu sahədə hər təşəbbüsünüzü dəstəkləməyə hazırdır. Başlıcası budur, hər bir insan unutmamalıdır ki, planetimizin müdafiəsinə öz töhfəsini verə bilər. Biz bir yerdə möcüzələr yarada bilərik.

Əziz dostlar, bir daha sizə bugünkü gözəl tədbirə görə təşəkkürümü bildirmək istəyirəm. Uzun yol qət edərək bura gələnlərə təşəkkürümü bildirirəm. Əminəm ki, biz daha xeyirxah, möhkəm və güclü olacağıq. İstərdim ki, bugünkü forumda fikir mübadiləsi aparmaq, suallar vermək, bu gün və sabah həll edə biləcəyimiz vəzifələr irəli sürmək imkanımız olsun. Heç nə bu dünyada təsadüfi deyildir. Hər bir insanın qəlbində bir dünya, sonsuz potensial var. Sizə yaxşı oxumağı, böyük nailiyyətlər, heç zaman ruhdan düşməməyi arzulayıram. Unutmayın ki, bütün çətinliklər bizi daha güclü və yaxşı edir. RAGB (rus dilində AMOR) sevgi deməkdir. Sevgi isə ən yüksək və sarsılmaz qüvvədir.

X X X

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov görüşdə çıxış edərək Azərbaycan ilə Həştərxan vilayəti arasında əlaqələrin möhkəmlənməsində RAGB-in, gənclərin rolundan danışıb. 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və onun rəhbərlik etdiyi RAGB təşkilatına Azərbaycan-Rusiya münasibətlərinin dərinləşməsi istiqamətində gördüyü işlərə görə təşəkkürünü bildirib. Səfir Azərbaycan gənclərini Rusiyada daha fəal olmağa çağırıb.

Daha sonra RAGB-in regional bölmələrinin fəalları çıxış ediblər.

Tədbirdə RAGB-in sədri Leyla Əliyeva təşkilatın fəallarına diplomlar təqdim edib.

X X X

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Həştərxana səfəri çərçivəsində vilayətin qubernatoru Aleksandr Jilkinlə və nümayəndə heyətinin üzvləri ilə birlikdə nərə balıqlarının Volqa çayına buraxılması mərasimində iştirak edib.

X X X

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Həştərxanda olan Azərbaycan nümayəndə heyəti Prezident İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Knyaz Vladimirin Həştərxanda ucaldılmış abidəsini ziyarət ediblər.

X X X

Sonra Həştərxan Opera və Balet Teatrında Azərbaycan və Rusiya incəsənət ustalarının iştirakı ilə böyük konsert proqramı olub.

Tədbir atəşfəşanlıqla başa çatıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Həştərxan

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Şuranın fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə yubiley mərasimi keçirilib - 22 / 06 / 2018 21:05
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir. - 22 / 06 / 2018 09:47
Vəkillər Kollegiyası QHT-lərə Dövlət Dəstəyi Şurasını 10 illik yubileyi münasibəti ilə təbrik etmişdir - 22 / 06 / 2018 08:47
Şuranın dəstəyilə Xaçmazda ailə dəyərləri müzakirə olunub - 22 / 06 / 2018 08:32
Nazir Türkiyədə səfərdə olmuş Qazilərimiz ilə görüşüb - 21 / 06 / 2018 20:18
QHT Pansionatda məskunlaşan kimsəsiz qocalar arasında stolüstü idman oyunları üzrə yarış təşkil edib - 20 / 06 / 2018 13:39
Şuranın dəstəyilə xalçaçılıq sənətinin təbliği və inkişafı məqsədilə təlimlər təşkil olunub - 20 / 06 / 2018 07:05
“Loqos” da ShushaPost.az saytının təqdimatı keçirilib - 19 / 06 / 2018 06:31
"Ailə adətləri və süfrə mədəniyyəti" mövzusunda təlim keçirilib - 18 / 06 / 2018 19:55
Anfisa Zinyeddin: “Erkən yaşda alilələrin qurulması, uşaqların, təhsildən yayınması, uşaqların əməyə cəlb olunması, usaqlara qarsı zorakılıq edilməsi, usaq hüquqlarının pozulması deməkdir” - 18 / 06 / 2018 06:37
Şuranın dəstəyi ilə “Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsinin verlişlərinin cəklişləri və yayinlanmasina başlanılıb - 18 / 06 / 2018 06:24
Poeziya dəqiqələri: Müəllif və ifaçı QHT sədri - 17 / 06 / 2018 15:37
“Qalxan və qılınc” sənədli filminin təqdimatı olub - 16 / 06 / 2018 10:43
Azərbaycanda qaçqın statusu almış şəxslərlə Dövlət Miqrasiya Xidmətində görüş olub - 16 / 06 / 2018 07:19
QHT sədrinə ağır itki üz verib - 16 / 06 / 2018 06:45
ASGA Şuranın dəstəyi ilə növbəti layihəsinin təqdimatını etdi –"ShushaPost" - 15 / 06 / 2018 19:46
Ramazan bayramı münasibəti ilə tədbir keçirilib - 15 / 06 / 2018 19:37
Ramazan ayı İslam dininin ən gözəl aylarından biridir! - 15 / 06 / 2018 07:45
“Əhali arasında tibbi maarifləndirmə işinin təşkili və əhaliyə tibbi-psixoloji yardımların göstərilməsi” layihəsi davam edir - 14 / 06 / 2018 21:09
Azərbaycan Diabet Liqası "Diabetə birlikdə qalib gələk!" şüarı altında yürüş keçirir - 14 / 06 / 2018 19:20
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr davam edir - 14 / 06 / 2018 17:36
Şuranın dəstəyi ilə inklüziv təhsillin təbliğinə həsr olunmuş ictimai maarifləndirmə tədbirləri davam etdirilir - 14 / 06 / 2018 16:48
Şuranın dəstəklədiyi layihə çərçivəsində ilk təlim Ucarda baş tutub - 14 / 06 / 2018 13:00
Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstə rən Liderlik məktəbinin üzvləri “Loqos”da olublar - 14 / 06 / 2018 12:51
Şuranın dəstəyilə ‘NGO Azerbaijan’ adli mobil applikasiya təqdim edildi - 14 / 06 / 2018 09:07
Əlilliyi olan şəxslər arasında kiçik biznes və ailə təsərüfatının yaradılması imkanları müzakirə olunub - 14 / 06 / 2018 08:08
Bilik Fondu bölgələrdəki abituriyentlərə universitetləri yaxından tanıtdırdı - 14 / 06 / 2018 07:55
Şuranın dəstəyi ilə sahibkarlığın inkişafı ilə bağlı veriliş hazırlanacaq - 14 / 06 / 2018 06:20
Şuranın dəstəyi ilə “Məişət zorakılığı insan alverinə yol açır”mövzusunda təlim təşkil edildi - 14 / 06 / 2018 05:31
Şuranın maliyələşdirdiyi layihəyə yekun vuruldu - 14 / 06 / 2018 05:28