“Social Hub” İnnovasiyalar Mərkəzinin əsas hədəflərindən biri ölkəmizdə sosial innovasiyalar və təşəbbüskarlığın təşviqi, həmçinin qlobal ekosistemə inteqrasiyasının həyata keçirilməsidir.
Bu barədə mərkəzin həmtəsisçisi Nərgiz Xələf məlumat verib. O bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının əsas tərəfdaşlığı ilə “Social Hub” İnnovasiyalar Mərkəzi ölkəmizdə milli innovasiya ekosisteminin inkişafı istiqamətində fəaliyyətini davam etdirəcək.
Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev ölkəmiz üçün sosial innovasiyalar və sahibkarlığın vacibliyindən bəhs edib. Bildirib ki, bu sahənin inkişaf etdirilməsi məqsədilə beynəlxalq qurumlarla əməkdaşlıq böyük əhəmiyyət kəsb edir.
"Azərbaycanda sosial innovasiyalar və təşəbbüskarlıq" mövzusunda keçirilən tədbirdə Gənclər və İdman Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun əməkdaşları çıxış ediblər. Onlar ölkəmizin davamlı inkişafında sahibkarlığın mühüm rol oynadığını qeyd edərək innovativ təşəbbüslərin həyata keçirilməsində gənclərə dəstək göstərilməsinin vacibliyindən danışıblar.
Sonda “Social Hub” İnnovasiyalar Mərkəzinin həmtəsisçisi Amin Məmmədov mərkəzin fəaliyyət sahələri və gələcək layihələri haqqında məlumat verib.
Digər həmtəsisçi Vüsal Süleymanlı isə "Azərbaycanda sosial innovasiyalar və təşəbbüskarlıq" mövzusunda təqdimatla çıxış edib.