Azərbaycan Xalq Cümhuriyyətinin qadın siyasəti: müsəlman qadınlarına verdiyi dəyər
A A A
07/05/2018
Oxunma sayısı : 6349

|

Azərbaycan Xalq Cümhuriyyətinin qadın siyasəti: müsəlman qadınlarına verdiyi dəyər
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılanadək Azərbaycan cəmiyyətində qadına münasibət.


Turan Babaşova - Nəsirova

Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin əməkdaşı




 XX əsrin əvvəllərində savadsızlıq və fanatik ənənələr səbəbindən ictimai və siyasi həyatdan təcrid olunmuş şəraitdə yaşamaları qadınların şəxsi həyatı üçün bir sıra çətinliklər yaratmışdı.

         Azərbaycanın ziyalı elitası xalqı maarifləndirməyə, hüquq və vəzifələrini anlatmağa çalışır, “qadın bir şəxsiyyət kimi azad olmayınca xalqın problemləri həllolunmaz qalacaq!” ideyasını irəli sürürdülər. Bu mövzuda daha çox H.Zərdabi, Ə.Ağayev, M.Şahtaxtlı, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, Ə.Nəzmi, M.Ə.Sabir, F.Köçərli, M.S.Ordubadi, C.Cabbarlı, M.Ə.Rəsulzadə və başqaları yazırdılar. Onlar fanatik dindarların hücumlarından çəkinməyərək diqqəti qadın problemlərinə də cəlb edə bilmiş, qızların zorla evləndirilməsini, kişinin onlarla qul kimi rəftar etməsini tənqid etmiş, qadına kişilərlə bərabər təhsil verməyin zəruriliyini diqqətə çatdırırdılar.

XX əsrin başlanğıcında Azərbaycan qadınının azadlığı problemi ilk olaraq 1903-cü il martın 30-da Tiflisdə nəşrə başlayan “Şərqi-Rus” qəzetində qaldırıldı. Onun təsisçisi, Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi Məhəmməd ağa Şahtaxtlı müsəlman aləmində qadın azadlığı məsələlərindən bəhs edən məqalələr yazıb çap edirdi. Onun bu mövzudakı yazıları əsasən qadının azadlığını məhdudlaşdıran və ətraf aləmdən, ictimai həyatdan tədric edən problemlərə həsr olunmuşdu.

XX əsrin ilk illərində Azərbaycan qadınlarının mühüm problemlərindən birinin – təhsil almaq imkanının məhdudluğuna qarşı atılmış mühüm addımlardan biri də H.Z.Tağıyevin 1901-ci ilin oktyabr ayında Bakı Qız Məktəbini təsis etməsi oldu. Məktəbin təntənəli açılışı günü – 1901-ci il oktyabrın 7-də “Kaspi” qəzeti  Qafqaz (Zaqafqaziya) müsəlmanlarının şeyxülislamı Axund Əbdüssəlam Axundzadənin xeyir-duasını da dərc etmişdi. O, Məhəmməd peyğəmbərin “elm öyrənmək həm müsəlman kişiyə, həm də müsəlman qadınına vacibdir” sözlərini xüsusi vurğulamış, İslamın tarixindən, həkim, alim kimi şöhrət tapmış müsəlman qadınlarının həyatından misallar və sitatlar gətirmiş və demişdi: “Bu tarixi sitatlardan məqsədim budur ki, nə din, nə şəriət təhsil və tərbiyə sahəsində qadınların hüquqlarını məhdudlaşdırmır. Belə olsaydı, İslamda bu qədər şöhrətli müsəlman qadını yetişməzdi. Əgər bu vaxta qədər Zaqafqaziyada qızlara təhsil verilməyibsə, bunun səbəbi təkcə məktəbin yoxluğu deyil, həm də kök atmış ziyanlı adətlərdir”.

Bundan başqa, nədənsə XIX əsrin sonları və XX əsrin əvvəllərində yaşayıb-yaratmış Qafqaz Şeyxülislamı Axund Əhməd Hüseynzadə (Əli bəy Hüseynzadənin babası), Qafqaz müftisi Mirzə Hüseyn Əfəndi Qayıbov (Nigar xanım Şıxlinskayanın atası), görkəmli Azərbaycan maarifçisi Mirzə Əbdürrəhim Talıbzadə, Mir Məhəmməd Kərim Mircəfərzadə, Mirzə Əbu Turab Axundzadə kimi onlarla ilahiyyat xadimləri və din alimlərimizin qadın problemi ilə mübarizə yönündəki fəaliyyətlərindən, nəşr edilmiş əsərlərindən, əfsuslar olsun ki, geniş şəkildə bəhs edilmir.

Maarifçi ziyalıların gərgin səyləri nəticəsində XX əsrin ikinci onilliyindən etibarən Azərbaycan qadınları ictimai-siyasi həyatda da görünməyə başladılar. Hətta onlar artıq yetişmiş problemlərini qadınların özləri tərəfindən ictimai rəyə çatdıran “İşıq” kimi qadın qəzetinin meydana çıxmasına nail oldular. “İşıq” qəzetinin ilk nömrəsi 1911-ci il yanvarın 22-də çıxmışdır. 1912-ci ilədək 68 nömrəsi işıq üzü görmüş nəşrin redaktoru Xədicə Əlibəyova, naşiri isə onun həyat yoldaşı Mustafa bəy Əlibəyov olmuşdur. “İşıq” qəzeti maarifçi ideyalarla gündəmə gələrək o dövrün ziyalı qadınlarını ətrafına toplamışdı.

Bu, artıq XX əsrin əvvəllərində Azərbaycan qadınının ciddi bir ictimai qüvvəyə çevrilməsini təsdiq edən əlamətlərdən biridir. Burada və digər mətbuat orqanlarının səhifələrində qadın müəlliflərinin çıxışlarının getdikcə intensivləşməsi, müxtəlif mövqeli müəlliflərlə fikir mübadiləsində onların öz mövqelərini daha inamla ortaya qoymaları və s. bir daha göstərdi ki, XX əsrin əvvəllərində Azərbaycan mətbuatının qadın azadlığı uğrunda apardığı çətin mübarizəsi nəticəsiz qalmadı.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadın siyasəti.

XX əsrin ilk illərindən etibarən ailə və qadın mövzusu ziyalılar tərəfindən geniş şəkildə müzakirə edilən ən aktual məsələlərdən olmuşdur. Bu problem fərqli əqidə sahibləri tərəfindən ən müxtəlif kontekstlərdə dəyərləndirilmişdir.

Tarixinə nəzər salsaq görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişdir. Bununla belə, ölkəmizdə milli qadın siyasəti tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət statusu almış oldu.

Hələ 1918-ci il qurultayında M.Ə.Rəsulzadə müsəlman qadınının azad edilməsini müsəlman xalqlarının milli-azadlıq mübarizəsinin ən mühüm məsələlərindən biri kimi qiymətləndirdi. M.Ə.Rəsulzadə deyirdi: “Bütün digər xalqların qadınları kişilərlə bərabər ictimai-siyasi hərəkatda iştirak etdiyi və bununla da öz millətinin uğurlarına kömək etdiyi bir vaxtda müsəlman qadın dustaqlıqda qala bilməz və qalmamalıdır”. Milli öndərin bu fikirləri 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV bəndində bərabərhüquqluluq prinsipinin, seçmək və seçilmək hüququnun təsbit edilməsi ilə öz qanuni təsdiqini tapdı. Nəticədə, Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə oldu.

Müsəlman dünyasında ilk dəfə olaraq  kişilərlə bərabər, qadınlara seçkilərdə iştirak etmək – seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyət hesab olunurdu. Bununla da, nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ Azərbaycanda verilmiş oldu. Bu Xalq Cümhuriyyəti hökumətinin demokratik, hüquqi, dünyəvi dövlət yaratmaq əzmində olduğunu bütün dünyaya nümayiş etdirdi. 

Beləliklə, 1918-ci il dekabrın 8-də işə başlayan Azərbaycan parlamentinə seçkilərdə də azərbaycanlı qadınlar iştirak etmişdir. Lakin, təəssüflər olsun ki, parlamentdə qadınlar təmsil olunmamışdı, çünki onlar rəhbər vəzifələrə öz  namizədlərini irəli sürməkdən imtina etmişdilər.

Azərbaycanlı qadınların seçki hüquqlarının möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım bu hüquqların Azərbaycan Xalq Cümhuriyyətinin Müəssislər Məclisinə seçkilər haqqında  Əsasnamədə  təsbiti  oldu. AXC-nin Müəssislər Məclisinə seçkilər çox vaxt və ciddi hazırlıq tələb edirdi, s mürəkkəb siyasi vəziyyət isə hər gün yeni məsələlərin həllini irəli sürürdü. Buna baxmayaraq, parlament bir sıra hüquqi aktlar, o cümlədən “Müəssislər Məclisinə seçkilər haqqında” Qanun qəbul etdi. 1919-cu il iyulun 21-də qəbul edilən qanunda dövlətin hakimiyyət orqanlarına qadınların seçmək və seçilmək hüquqları bir daha öz təsdiqini tapdı. Əsasnamənin 1-ci  fəslində deyilirdi: “Müəssislər Məclisi əhali tərəfindən cinsindən asılı olmayaraq və bərabər seçki hüququ əsasında, birbaşa və gizli səsvermə vasitəsilə, mütənasib nümayəndəlik əsasları təmin edilərək seçilən üzvlərdən ibarətdir”. 2-ci fəsildə qeyd olunurdu ki, Müəssislər Məclisinə seçkilərdə “səsvermə gününədək 20 yaşı tamam olmuş hər iki cinsdən olan respublika vətəndaşları iştirak hüququna malikdirlər”. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti qadınlara aktiv seçki hüququ vermək niyyətini bir daha təsdiqlədi.

M.B.Məmmədzadə yazırdı ki, “Qadınlar sair vətəndaşlarla bərabər vətəni və siyasi hüquq kəsb edirdilər ki, bu hal bütün Şərqdə deyil, Avropada belə tamamilə tətbiq edilmiş deyildi. Azərbaycan milli xartiyası  bu  qərar ilə nə  qədər ülvi, bəşəri və mədəni qayələrlə doymuş olduğunu isbat etməkdədir”.

Qadınların sosial həyatda və ümumi ictimai fəaliyyətdə fəal iştirak etmələri və onların millətin işgüzar bir üzvü,  məhsuldar və fayda verən bir zümrəsi olmaları uğrunda ziyalıların hələ bu vaxta qədər də çox təşəbbüsləri  olmuşdu. Lakin ilk dəfə olaraq İstiqlal  Bəyannaməsində bu mövzuya rəsmən toxunulması məsələsi həmin dövrün mətbuatında da müzakirə edilən aktual mövzulardan idi. Çünki, daha öncə bu yolda mübarizə aparmış Avropa mütəfəkkirləri də qadın məsələsini  hər bir şeyin  əsası, hətta  cümhuriyyətin belə təməli hesab edirdilər. 

 

Qadın problemi Cümhuriyyət parlamentinin də diqqətdə saxladığı aktual mövzulardan idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamеntinin 10 dеkabr 1918-ci il tarixində keçirilmiş ikinci iclasında Azərbaycan qadınlarına İslam aləmində ilk dəfə olaraq sеçilmək hüququ da rəsmi dövlət səviyyəsində vеrilmiş oldu.

İclasda qadınların kişilərlə bərabər bütün hüquq və azadlıqlarını təmin еtmək üçün qəbul еdilmiş qanunda aşağıdakılar göstərilmişdir:

- hər iki cins üçün 8 saatlıq iş günü (maddə 28);

- həftədə bir istirahət günü (maddə 29);

- 16 yaşına qədər olan məktəb yaşlı uşaqların işlədilməsinin qadağan еdilməsi və 16 yaşından 18 yaşına qədər olan cavanların iş gününün 6 saatdan artıq olmaması (maddə 42);

- Qadınları səhhət və vücudlarına zərərli olan işlərdə çalışdırmaq qadağandır. Hamilə olan Qadınlar doğuşdan 4 həftə əvvəl və 6 həftə sonra əmək haqları tam ödənməklə xidmətdən azad еdilir (maddə 43);

- Qadınların işlədiyi hər bir fabrik və zavodda südəmər uşaqlar üçün tərbiyəxanalar təsis olunmalıdır. Sahibkarların hеsabına xəstələnmiş fəhlələrə müftə dərman vеrilməli və xəstə olduqları müddətdə əmək haqları onlara çatdırılmalıdır (maddə 50);

- Bu qanunlara əməl еtməyən sahibkarlar cinayət məsuliyyətinə cəlb еdiləcəklər.

 

Parlamentin ikinci iclasında “Hümmət” fraksiyasından Əkbər ağa Şeyxülislamov qadın hüquqlarından bəhs edərək deyirdi: “Millətimizin yarısını təşkil edən qadınlar qul sifətindədirlər. Biz onlara insan surətində baxmalıyıq. Millətin yarısı işləyib, yarısı işləməsə o millət çolaqdır. Üzərinə heç bir xeyir yetirə  bilməz. Bu gün qadınlarımız gələcək övladlarımıza tərbiyə verməkdədirlər. Əgər onlar azadə olmasalar dövlət və vətənimizi müdafiə edən azad fikirli övlad dəxi yetirə bilməyib, özləri qul və əsir yaradarlar”.

 

Demokratik müzakirələr və məqsədyönlü siyasət nəticəsində qadınların  məşğulluq imkanlarının artması üçün Cümhuriyyət parlamentində qanun qəbul edilir, qadınların daha çox məşğul olduğu kustar sənayeni inkişaf etdirmək və genişləndirmək məqsədilə yerli sahələrə kömək göstərən kustar sənaye kursları təşkil edilir və vəsait ayrılırdı. İşsizliyin aradan qaldırılması və iqtisadiyyatın gücləndirilməsi məqsədilə bir sıra bölgələrdə toxuculuq və tikiş emalatxanası açılması barədə müxtəlif layihələr müzakirəyə çıxarılırdı.

1919-cu il iyunun 2-də qadın orta təhsil məktəblərində qanunlara dəyişikliklər və əlavələr edilərək pedaqoji şuranın sədri vəzifəsi direktor vəzifəsi ilə əvəz edilmiş və onlara bu vəzifədə kişi orta təhsil müəssisələrinin direktorları ilə bərabər  hüquqlar verilmişdi. Eyni zamanda sinif xanımı vəzifəsi sinif müəllimi ilə əvəz edilmiş, onlara da kişi məktəblərində dərs deyən müəllimlərlə eyni hüquqlar verilmişdi.

Xalq  Maarif  Nazirliyinin yeni kişi və qız məktəbləri və seminariyalarının açılmasına dair Azərbaycan Parlamentinə təqdim etdiyi qanun layihəsi əsasında 1919-cu ildə 4  kişi, 3  qadın kurslarının açılması qərara alınmış, qadın orta məktəblərində sinif müəllimi müavini vəzifəsinin təsis olunması barədə qanun layihəsi qəbul edilmişdi. Dövlətin təhsilə və yaradıcılıq  sahələrinə belə ciddiyyətlə diqqət yetirməsi sayəsində ədəbi-mədəni mühitin formalaşmasında da qadınların fəallığı artmışdı.

Qadınların bu nailiyyətlərində hökumətlə bərabər, Azərbaycan ziyalılarının və milli mətbuatımız rolu xüsusilə təqdirəlayiqdir.

Parlamentin 14 aprel 1919-cu il tarixli iclasında Nəsib bəy Yusifbəyli  istiqlalın gələcəyinin maarifə bağlı olduğunu dilə gətirərək, milli  maarifimiz,  milli  məktəbimiz  tərəqqi  etmədən bizim  üçün  qurtuluş  və  nicat  ümidinin olmadığını vurğulamışdır. Bu istiqamətdə qadın  hüquqlarının  təminatına  xüsusi  diqqət  yetirən  hökumət  təhsil siyasətində  onlara da  ayrıca qayğı  ilə yanaşmış,  qadınlar üçün fərdi  gündüz  kursları  açılmış  və  cəmiyyətlə  əlaqəli  dərslər tərtib  edilmişdi.

1918-1920-ci və daha sonrakı illərdə qadın hərəkatının güclənməsi daha ardıcıl qadın mətbuatının yaranmasını zəruri etdi. Azərbaycan hökuməti qadın hərəkatına istiqamət vermək, bu sahədə qadınlara kömək etmək məqsədilə əvvəlcə ayrı-ayrı səhifələr, sonra “Zəhmətkeş qadınların yolu” və “Qafqaziya zəhmətkeş qadınların yolu” adlı qəzetlərin nəşrini qərara almıdır. Bu dövrdə elmi publisistik və bədii yaradıcılıqla məşğul olan Ş.Əfəndizadə, Ş.Qaspralı, Ş.Axundzadə, E.Yusifbəyli, Ü.Sadıqzadə kimi qadın ziyalıların məqalələrində, əsərlərində dövrün ictimai-siyasi milli-mənəvi  problemləri öz dolğun ifadəsini tapmışdır.

Milli istiqlal hərəkatı, eləcə də, mövcud olduğu 23 ay ərzində Cümhuriyyəti ayaqda tutmaq, demokratik prinsipləri hakim mövqeyə qaldırmaq, xalq arasında maarif-elmi təbliğ etmək uğrunda bir çox tanınmış şəxsiyyətlər əzmlə çalışmışlar. Onların arasında ziyalı qadınlarımızın da öz töhfəsi olmuşdur.

Həm pedaqoji, həm də publisistik fəaliyyətlərinin kökündə maarifçilik missiyası duran bu xanımlar heç də dövrün kişilərindən geri qalmırdılar. Buna səbəb əslində Cümhuriyyət hakimiyyətinin qadın məsələsi və qadın hüquqları istiqamətində apardığı düzgün siyasət idi.

Dövrün ictimai, siyasi, publisistik və digər sahələrində ad qazanmış məhşur ziyalı xanımları – Şəfiqə xanım Əfəndizadə, Nigar xanım Şıxlinskaya, Xədicə Ağayeva, Sara Talışinskaya, Badusəba Köçərli, Fatma Topçubaşova, Mədinə xanım Qiyasbəyli, İsmət Aşurbəyova, Pəri Topçubaşova, Sürəyya Axundova, Hənifə Zərdabi, Liza xanım Muxtarova, Əminə xanım Ağayeva, Mina xanım Aslanova, Nigar xanım Vəlibəyova, Gövhər xanım Vəlibəyova, Gövhər xanım Qayıbova və digərləri öz adlarını tarixə yazdırmışdır.

Bir sözlə, türkçülükdən mərdlik, ərənlik, İslamdan müqəddəslik almış müsəlman qadın Azərbaycan Xalq Cümhuriyyəti dövründə haqqı olan siyasi hüquqlara qovuşmuş oldu.

ŞƏRHLƏR
XƏBƏRLƏR
Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsi davam edir - 20 / 07 / 2018 09:24
Əlilliyi olan şəxslərin turları davam edir-FOTOLAR - 19 / 07 / 2018 16:06
QHT sədrinin müavini millət vəkillərinə səsləndi - Təcili - 19 / 07 / 2018 09:05
Hansı QHT-lərin sosial xidmət mərkəzləri var - Siyahı - 18 / 07 / 2018 20:22
"Yay məktəbi"nin iştirakçıları "AccessBank"ın fəaliyyəti ilə tanış olublar - 18 / 07 / 2018 18:48
Sumqayıt şəhərində yaradılmış İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzi fəaliyyətini uğurla davam etdirir - 18 / 07 / 2018 18:43
Millət vəkili Azay Quliyev İctimai Televiziyanın “Diqqət Mərkəzi” verilişinin qonağı olub - Video - 18 / 07 / 2018 10:22
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun növbəti buraxılışı hazırlanıb - Video - 18 / 07 / 2018 09:20
Mühasibat uçotu üzrə mövcud tədris proqramlarının təkmilləşdirilməsi ilə bağlı ekspertlər tərəfindən təqdim olunan təkliflərin müzakirəsi keçirilib - 18 / 07 / 2018 08:20
"Ölkədə ən çox problemlərdən danışan prezident İlham Əliyevdir" - 17 / 07 / 2018 20:23
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan səfirliyində davam etdi - 17 / 07 / 2018 18:20
Anfisa Zinyeddin: “Reproduktiv sağlamlıq sahəsində problemlərin aradan qaldırılması üçün, əhalinin bu məsələyə daha məsuliyyətli yanaşması vacıbdir” - 17 / 07 / 2018 08:20
Şuranın dəstəyi ilə “Sahibkar saatı” verilişi hazırlanıb - Videolar - 16 / 07 / 2018 19:23
"Loqos" un Müdafiə Nazirliyi ilə qarşılıqlı əməkdaşlığı davam edir. - 16 / 07 / 2018 13:13
Əlillər Cəmiyyəti əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramlarından yararlanma imkanları mövzusunda tədbir keçirib - 16 / 07 / 2018 07:23
Şuranın dəstəyi ilə "Azərbaycanda sahibkarlığın inkişafı üçün hansı güzəştlər nəzərdə tutulub?" adlı videoçarx hazırlanıb - 15 / 07 / 2018 13:58
London evində əlilliyi olan şəxslərin övladları üçün tədbir təşkil edildi - 15 / 07 / 2018 13:35
“Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsi davam edir - 15 / 07 / 2018 08:58
Şuranın dəstəyi ilə "Sahibkar saatı" verilişinin 5-ci buraxılışı hazırlanıb - 14 / 07 / 2018 20:23
Ailə ənənələri mövzusunda sosioloji araşdırmalar layihəsi yekunlaşdı - 14 / 07 / 2018 19:29
"Təxribatları təşkil edən qüvvələr bilirdilər ki..." - Sahib Məmmədov - 14 / 07 / 2018 19:25
QHT sədri: Ölkə vətəndaşlarının çətin anlarda öz dövlət başçısının yanında olması bir daha xalq-iqtidar birliyinin bariz göstərici oldu - 13 / 07 / 2018 19:17
OXU Akademiyası sizi Yay Məktəbinə dəvət edir - 13 / 07 / 2018 11:45
Cənub bölgəsində prezidentin fərmanına ictimai dəstək verildi - 13 / 07 / 2018 10:35
Rufiz Qonaqov: NATO Sammitinin yekun sənədi Ermənistanın işğalçı siyasətini iflasa uğratdı - 13 / 07 / 2018 10:10
Əliyevadan göstəriş: yüzlərlə tələbənin diplomu... -Video - 13 / 07 / 2018 09:02
Azərbaycan konstitusion, hüququn aliliyini əsas götürmüş dünyəvi bir dövlətdir - 13 / 07 / 2018 06:54
QHT sədri: “Törədilən qanlı olaylar Azərbaycan dövlətçiliyinə qarşı qəsdir” - 13 / 07 / 2018 06:17
Müharibədən zərər çəkmiş uşaqlar haqqında - 12 / 07 / 2018 18:40
Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib. - 12 / 07 / 2018 13:41