Azərbaycan Vərəm əleyhinə Koalisiyası Şəmkir rayonunda “VƏRƏMƏ SON QOYAQ” adlı maarifləndirmə aksiyası keçirib.
QHT.az xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan vərəm üzrə QHT Koalisiyasının üzvləri Səhiyyə Nazirliyi İctimai səhiyyə və islahatlar mərkəzinin dəstəyi ilə Şəmkir rayonunda maarifləndirmə tədbiri keçirilib.
İlk öncə Vərəm əleyhinə Koalisiyanın nümayəndələri Şəmkir rayon Ağciyər xəstəlikləri xəstəxanasında olaraq stasionar müalicə alan xəstələrin vəziyyəti ilə yaxından tanış olmuş və onlara sovqat paylayıblar.
Daha sonra Şəmkir şəhərində Heydər Əliyev Mərkəzində vərəmlə bağlı maarifləndirmə tədbiri keçirilib.
Tədbiri giriş sözləri ilə açan Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşı Pərviz İbrahimov Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun adından qonaqları salamlayaraq təşəbbüskarlara öz minnətdarlığını bildirib. Şəmkirdə bu kimi maarifləndirmə tədbirlərinin keçilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirərək tədbirin işinə uğurlar arzulayıb.
Daha sonra Sağlamlığa Xidmət İctimai birliyinin sədr müavini Pərvanə vəliyeva Koalisiyanın vərəmlə mübarizə tədbirləri haqqında təqdimatla çıxış etdi.
Tədbirdə çıxış edən Koalisiya sədri Elçin Muxtarlı vərəm xəstəliyi və dünyada bu xəstəliklə bağlı Ümumdünya Səhiyyə təşkilatının yaydığı faktlar barədə məlumat verdi. Daha sonra İctimai səhiyyə və islahatlar mərkəzinin Səhiyyə siyasəti şöbəsinin müdir müavini Şəhla Mirzəzadə vərəmlə mübarizə sahəsində təhsil müəssisələrində daim maariflənmə və profilaktik tədbirlərin aparılmasının böyük önəmindən və İSİM-in bu sahədəki uğurlu fəaliyyətindən söz açıb.
“Sağlamlığa Xidmət” İB-in həkim koordinatoru Samirə Məmmədova xəstəlik, onun yayılma yolları, profilaktikası və müalicəsi haqqında tədbir iştirakçılarına ətraflı informasiyalar verdi. O, vərəmli xəstələrə yönəli ayrıseçkiliyin aradan qaldırılmasının vacibliyini də xüsusi vurğulayıb. “Həyat” Humanitar dəstək təşkilatının koordinatoru Zəminə Səfərova da cəmiyyətdə hər bir xəstəliklə bağlı fəallığın vacibliyini qeyd edib. Hər bir regionun gəncləri, könüllüləri də bu təbliğat kampaniyalarında aktiv iştirak etməlidirlər.
“İnkişafa Doğru Qadın Təşəbbüsü” ictimai birliyinin rəhbəri Ziba Nəbiyeva vərəm xəstəliyi və koinfeksiyalar haqqında məlumat verərək bildirdi ki, xroniki hepatit B və hepatit C xəstəlikləri vərəmli pasiyentlər üçün daha böyük təhlükə mənbəyidir və koinfeksiyalı pasiyentlərin müalicəsi tibbi baxımdan xüsusi yanaşma tələb edir. O, nigahdan əvvəl bu cür yoluxucu xəstəliklərə görə gənc cütlüklərin müayinə olunmasının böyük zərurət olduğunu vurğulayıb.
Rayonun Ağciyər xəstəlikləri xəstəxanasının baş həkimi Təhməz Mehdixanov rayonda vərəmin epidemioloji vəziyyəti və xəstəxananın fəaliyyəti haqqında auditoriyaya geniş məlumat verdi.
Daha sonra Vərəm üzrə Avropa Koalisiyasının maliyyə dəstəyi ilə ərsəyə gətirilmiş vərəm haqqında maarifləndirici sosial film nümayiş olunub.
Sonda tədbirin ərsəyə gəlməsinə böyük dəstək göstərən Şəmkir rayon İcra hakimiyyəti başçısı və nümayəndəsi, xəstəxanaların baş həkimləri də Koalisiya üzvləri tərəfindən təltif ediliblər.