Media qadınla bağlı xəbərləri niyə böyüdür?
A A A
11/05/2018
Oxunma sayısı : 5223

Qadına yoxsa kişiyə dair xəbərin əsiriyik?- Mediada gender söhbəti

Etiraf edək ki, illərdir “gender” sözü dilimizə düşsə də, buna dair qanun qəbul olunsa da hələ də çoxu, bəzi səlahiyyət yiyələri  bu kəlmənin tam məğzini anlamırlar. Hətta “gender” barədə danışanı yalnışlıqla feminist hesab edən də var. Gender –qadın və kişi üçün bərabər hüquqları və həyatın bütün sahələrində bərabər imkanların saxlanılmasını təlqin edir. Bu məsələ hər şeydən əvvəl  Konstitutiyamızın 25-ci maddəsində əksini tapıb. Orada qeyd olunur ki,dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən,cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, sisyasi partiyalara, həmkarlar ittifaqına və digər ictimai birliklərə mənsubiyyətindən  asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir və bunu məhdudlaşdırmaq qadağandır. 2006-cı ildə qüvvəyə minən “Gender bərabərliyinin təminatları haqqında”  Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin etmək olub.

Mövzunun dərinliyinə getsək, Azərbaycanda cinslərə münasibət məsələsi ən əvvəl ailə ənənəsində təbliğ olunur. BMT-nin son hesabatlarına görə, Azərbaycan dünyada doğulan uşaqların cins nisbətinə görə Çindən sonra 2-ci yeri tutur. Başqa sözlə, selektiv abortlar nəticəsində oğlan uşaqlarına üstünlük davam edir, qız uşaqları az doğulur. Kişilərə üstünlüyün verilməsi siyasi, ictimai, iqtisadi sahələrdə davam etməkdədir, amma son illər bələdiyyə sistemində qadınların fəallığının artmasını, sahibkar qadınlara dəstəyin verilməsini də etiraf etmək lazımdır. Gender balansında qanunun təsiri qismən görünür. Bəzən gender bərabərliyi bəzi səbəbdən baş verə bilmir. Misal üçün, məktəblərdə hələ də qadınlar müəllim kimi çoxluq təşkil edir, səbəb kişilərin maaş azlığından bu peşəni icra etməməsidir.

Medianın gender bərabərliyinin təbliği və onun qoruması üçün canfəşanlığı nə dərəcədədir? Medianın rolu böyükdür, bəs media işini görə bilirmi?

Qadınla bağlı xəbərlər niyə böyüdülür, bəzədilir?

Medianın  xəbərlərin təqdimatındakı rolu oxucu və ya seyrici üçün əhəmiyyətlidir. Xəbərin bir fotosu, süjetin bir kadrı  belə xəbərin effektinə təsirini edə bilər. Çünki media izləyicisi çox halda sözdən çox vizual təsirə məruz qalır.  Bir günlük medianı izləsək aparıcı xəbərlərin fotosunda kişilər çoxluq təşkil edir, qadın şəkilləri daha şou xəbərlərdə üstündür, hətta saytını oxutdurmaq istəyənlər dərhal çılpaq qadın şəkillərinin yayımına da əl atırlar. Xəbər başlıqları xəbərin peşəkarlığından çox, onun daha çox oxunaqlığına xidmət edir. “Qadın hakim istefa etdi”, “Bakıda tıxac-qadın sürücüyə görə”, “Kişi arvadını bıçaqladı-namusa görə” kimi xəbərlərdə hadisədən çox cins vurğulanır. İnsanlar və hadisələr üzərindəki diqqəti tamamlamaq əvəzinə, media az qala qərarverici rol oynayır. Qadının da iştirak etdiyi hadisədə(çox halda kriminalda) qadın əsas tərəf kimi qeyd olunur.

Genderi əvvəl öyrənək, sonra tətbiq edək.  Peşəkarlıq, peşəkarlıq…

Media eksperti Ələsgər Məmmədlinin fikrincə, problemə səbəb qanunvericilikdə də boşluqların olmasıdır. “Bu mövzuda araşdırmalar aparmışam. KİV haqqında qanunda gender məsələləri tam əksini tapmayıb.  Praktikada bu gün qadınlarla bağlı xəbərlər nədənsə böyüdülür. “Qadın direktor rüşvət aldı” kimi başlıqlı xəbərlərin çoxluğu qadınlara qarşı cinsi ayrıseçkiliyi bariz şəkildə göstərir.  Belə təbliğat gedəndə cinsi ayrıseçkilik həyat fəlsəfəsinə çevrilir, media da stereotiplərin dərinləşməsinə xidmət edir. Səbəb tək mentalitet amili deyil, jurnalistlər arasında peşəkarlığın səviyyəsidir. Çox jurnalist həm etik məsələləri, həm də bu mövzuda hüquqi aspektləri, hətta genderin nə olduğunu bilmirlər. Media ilə bağlı qanunvericilikdə mütləq gender məsələsi işlənilməlidir.  Hüquqi zəmin, hüquqi aspektlər yoxdursa, bunun mübahisələndirilməsini də aparmaq yersizdir. Hüquqi boşluq dolanda, artıq müzakirələr gedir, polemikalar ictimai rəyə təsir edir, getdikcə bu məsələdə jurnalist biliyi də, diqqəti də formalaşır.

Professor Qulu  Məhərrəmlinin sözlərinə görə,  media gender bərabərliyinin dürüst işıqlandırılması üçün  jurnalistlərin bu sahədə ciddi maarifləndirilməsini tələb edir. “Təəssüf ki, mediada çalışanların çoxu bu yeni cəmiyyət hadisəsinin mahiyyətini bilmir, bir çoxunda isə gender barədə təsəvvürlər məhduddur. Bu mövzuda olan yazıları qiymətləndirmək üçün əsas kriteriya kimi genderin mahiyyətinin düzgün qavranılması və problemin elementlərinin necə əks etdirilməsi olmalıdır. Bu prizmadan yanaşsaq internet media, tv və qəzetlərdə genderlə bağlı dörd məqamı qeyd etməliyik: 1) xəbər materiallarında, hətta formal yanaşdıqda belə kişilərə aid materiallar çoxluq təşkil edir. 2) qadınlara aid xəbərlər mövzuca məhduddur, onların cəmiyyət həyatındakı rolundan daha çox şou-biznesdəki fəaliyyətləri işıqlandırılır. 3) gender problemi üzrə analitik yazılar, demək olar ki, yoxdur; 4) gender məsələləri üzrə ixtisaslaşmış jurnalistlərə ciddi ehtiyac vardır.”

Rasional Inkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl bildirib ki, gender məsələsi  medianın da problemi sayılmalıdır. “2012-2013-cü illərdə bir çox layihələrimizdə media ilə bağlı  işlər görülüb. Həmin vaxt gender mövzusunda yazan jurnalistlərin təlimatlandırılması, mediada yazılarla bağlı araşdırmamızı təqdim etmiş, kataloq şəkilində yaymışdıq .Təəssüf ki, son illər layihələrin maliyyələşməsində problemlər yarandığından bu istəklərimizi davam etdirə bilmirik. Bu gün medianın gender mövzusu ilə bağlı ciddi maariflənməsinə ehtiyac var. Bu mövzuyla bağlı araşdırma yazılara az rast gəlinir, beynəlxalq təcrübə ilə bağlı məqalələr yox dərəcəsindədir. Bir məqamı qeyd edim. BMT-nin CEDAW(1979- qadınlara qarşı hər cür ayrıseçkiliyin ləgv olunması konvensiyası) Komitəsinə üzv olan Azərbaycan 2015-ci ildə ölkə üzrə son hesabatını vermişdi. Komitə ölkəmizə 17 sahə üzrə 74 tövsiyələrini təqdim etmişdi. Bu il Azərbaycanın növbəti hesabatının verilməsi vaxtı yetişib.  Ölkəmizdən həm dövlət tərəfindən, həm də alternativ kölgə hesabatları olacaq. Təəssüf ki, 2014-cü ildən bu yana CEDAW  tövsiyələri çərçivəsində istənilən nəticələr əldə olunmayıb. Media və gender məsələsi də bura daxildir. Bu mənada bizim hesabatımız da zəngin olmayacaq. Monitorinq aparsaq, genderlə bağlı müstəqil araşdırma, analiz qarşıma çıxmayıb, əslində, media gender bərabərliyinin təminatında müstəsna rol oynaya biər”.

Media orqanlarına qadınlar da rəhbərlik etsin!

Ekpertlər belə hesab edir ki, mediada gender bərabərliyi deyəndə xəbər məhsullarından çox həmin media qurumlarının əməkdaşlarının gender bərabərliyi ilə bağlı vəziyyəti nəzərdən keçilməlidir. Daha çox kişilərin media qurumlarına rəhbərlik etməsi, redaktorlar arasında kişilərin çoxluğu xəbərlərin seçiminə, hazırlanmasına öz təsirini göstərir. Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Kömitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elgün Səfərov problemlərin həllində yeni hazırlanan qanunvericliklikdə dəyişikliklərdə görür. Avropa Şurasının tövsiyyələrinə əsasən hazırlanan jurnalistlərin davranış qaydaları  layihəsində Komitənin də ekspertləri iştirak edirlər. Bu qaydaların məqsədi məhdudiyyətlər qoymaq yox, mediaya dəstək vermək, beynəlxalq praktikanı tətbiq etməkdir. Yeni qaydalarda uşaq, qadınlarla yönəlik  xəbərlərin yazılma qaydalarına, cinsi ayrıseçkiliyə yol verilməməsinə dair məsələlər əksini tapacaq. Digər məsələ xüsusən özəl media qurumlarında kvotalar tətbiq olunmasıdır, çünki media orqanlarına rəhbərlik edənlər arasında kişilər çoxluq təşkil edir. Normalda qadınlar 40-45% təmsil  olunmalıdır.  Qadınlarla bağlı  xəbərlərdə bəzən “qadın etdi” vurğusu yer alır. Hadisələri insanlar törədir, amma xəbərlərdə qadınların əməli ya xüsusi qeyd olunur, ya da böyüdülür. Jurnaistlərin bu mövzuda təlimləri davamlı olmalıdr. Bir neçə dəfə bu məsələ ilə bağlı jurnalsitlər üçün təlim təşkil etmişik. Media işçiləri təlimə xəbər yazmağa gəlir, əslində təlim onların peşəkarlaşması üçün keçirilir.” Hüquqşünasın qənaətinə görə,  gender bərabərliyi, uşaq və qadın hüquqlarından yazan  bu sahədə ixtisaslaşmış jurnalistlərimiz çatışmır. Beynəlxalq tədbirlərdə bu mövzuda ölkəni təmsil edən jurnalistlərimiz  demək olar ki yoxdur.”

Media eksperti, telejurnalist  Məlahət Qüsuri hesab edir ki, dövlətin genderlə bağlı apardığı siyasət effektsizdir. “Çünki  12 il əvvəl rəsmi olaraq Azərbaycanda gender bərabərliyilə bağlı qanun qəbul edilməsinə baxmayaraq, ötən illər ərzində yenə də Dövlət orqanlarında və Milli Məclisdə səsçoxluğu kişilərin əlindədir, bir nəfər də olsun qadın nazirimiz yoxdur. Qadına hər zaman olduğu kimi yenə də ikinci dərəcəli vəzifələr təklif olunur. Görünür, bu mexanizm mediaya da təsirsiz ötüşmür. Media cəmiyyətdən qaynaqlanır, ona görə də onu cəmiyyətin güzgüsü hesab etmək olar. Əgər nəzərə alsaq ki, media həm də ictimai rəyi formalaşdırır, o zaman məsələnin nə qədər ciddi olduğunun fərqinə varırıq.

Baxın, böyük əksəriyyət qadınlarımızın cəmiyyətdəki rolu və imkanları nə qədərdir. Acınacaqlı haldır ki, dövlət təhsilin böyük hissəsini ödənişli əsaslarda həyata keçirir. Halbuki dövlət vətəndaşlarının təhsil alması üçün bütün resurslarını ortaya qoymalı, keçmişdə olduğu kimi ali təhsil ocaqlarını dövlət büdcəsi hesabına maliyyələşdirməlidir. Dövlətin təhsil siyasətindən bu gün əldə etdiyimiz nəticə göz qabağındadır. Sosial durumu ağır olan ailələr təhsil məsələsində seçim qarşısında qalanda keçmişdə olduğu kimi yenə də oğlan övladlarına üstünlük verirlər. Bununla da gələcəyə sanki cahil qadın kütləsi hazırlanır. Qadın ailənin aparıcı mexanizmi olduğu üçün onun yetişdirdiyi övladlar da cəmiyyətin aparıcı mexanizminə çevrilir. Gəldiyim qənaətə görə, dövlətin media sahəsində, əsasən də televiziyalarda apardığı təbliğat da əvvəldən axıradək yanlışdır. Qadınlara cəmiyyətdə özünəməxsus yer tutmaq əvəzinə, əyləncə obyekti olmaq təbliğ edilir. Halbuki bu media vasitələrindən daha effektli istifadə etmək, təhsilsiz qadınlarımızı maarifləndirmək olardı. Hesab edirəm ki, məhz ona görə mətbuatda dərc olunan xoşagəlməz, kriminal xarakterli xəbərlərin qurbanı olmaq natamam, təhsilsiz qadınların – ana, həyat yoldaşı, qız övladının payına düşür. Bu ölkədə böyük əksəriyyət qadınlar öz hüquqlarını bilmir, haqlarını tələb etmir. Sonda da çox ağır problemlərlə üz-üzə qalır. Mətbuatın vəzifəsi cəmiyyətdə baş verən bütün hadisələri işıqlandırmaqdır. Və bu vəzifəni yerinə yetirərkən, qeyd etdiyimiz problemlərlə qarşı-qarşıya durur.

Məsələnin başqa bir tərəfi də var. Diqqət edin, həyati vacib debatlarda, müsahibələrdə fəal qadınlarımız azlıq təşkil edir. Media orqanlarında çalışan qız-qadınlarımız çox olsa da, ona rəhbərlik edən qadınlarımız yox dərəcəsindədir. O baxımdan xəbəri analiz etmək, araşdırmaq, ona daha həssas yanaşmaq məsuliyyəti media qurumlarını idarə edən kişilərin vicdanına qalır. Nəticədə qadınlar kişilərlə müqayisədə mediada əhəmiyyətli şəkildə az görünürlər. Yəni cəmiyyətdə baş verənlər bu balansın saxlanılmasına imkan vermir.”

“Kaspi” qəzetinin baş redaktoru Ilham Quliyevə görə, gender bərabərliyinin qorunması məsələsi həmişə Azərbaycanın ciddi mediasının gündəmində olur. “Cinsi ayrı-seçkilikdən qaçmaq, qadın hüquqları ilə bağlı mütəmadi olaraq xəbərlər verilir, araşdırmalar aparılır. “Kaspi” qəzetində də bu nüans həmişə diqqətdə saxlanılır. Bilirsiniz ki, adətən qəzetlərin birinci səhifəsi hazırlanarkən gündəmdə olan və maraqlılıq dərəcəsinə görə fərqlənən xəbərlər seçilir. Biz bunlarla yanaşı gender bərabərliyinin təmin olunması üçün mümkün qədər gender balansına da diqqət yetirməyə çalışırıq. Xüsusən də “Gənclik qəzeti” əlavəmizdə 1-ci səhifəyə çıxarılan yazılarda qəhrəmanların cinsi balansını tənzimləməyə diqqət yetiririk. Məsələn, 1-ci səhifədə anonsu verilən yazılardan 3-ündə qəhrəmanımız kişdirsə, 3-ündə qadın olmasına çalışırıq.

Fikrimcə, Azərbaycan mediası gender bərabərliyini qorumaq yolunda missiyasını yerinə yetirir, jurnalistikada gender problemi yoxdur. Mətbuat Şurasının açıqladığı rəqəmlərə görə, mediada çalışanların yarıdan çoxu xanımlardır. Bizim redaksiyada da işçilərin yarısı xanımlardır.”

Qeyd edək ki, Azərbaycanda hazırda  medianın  40-45%-ni qadınlar təşkil edir (dünyada 30%), lakin KİV rəhbərləri və təsisçilərinin 85-90%-i kişilərdir.

Gender- qlobal medianın hələ də aşa bilmədiyi məsələ

Bu yaxında BMT-nin Əhali Fondunun dəstəyi ilə İstanbulda insan haqları üzrə ixtisaslaşmış media qurumlarından birində oldum. Məlum oldu ku, mediada gender mövzusu Türkiyə mediası üçün də problem olaraq qalır. Bianet.org saytının redaktoru və yenicə çapdan çıxmış  “Toplumsal cinsiyyet odaklı haberçilik” kitabının həmmüəllifi Çiçək Tahaoğlu ilə söhbətim oldu. Müəllifə görə,  nə qədər peşekar media olursa olsun, hələlik orada gender bərabərliyinin təminatı mümkün deyil. Çünki gündəlik verilən informasiyalarda kişilərlə bağlı xəbərlər üstünlük təşkil edir, qadınlarla  bağlı xəbərlər daha çox  şou, əyləncə məqsədli və ya qadınlar krimınal xəbər qəhrəmanı kimi qələmə verilir. Xəbərin nə üçün yazılması, hər bir jurnalisti düşündürməlidir, daha sonra peşəkar yanaşma ilə xəbərin mərkəzində əsas hədəf olacaq. Xəbərdə fantaziya yolverilməzdir. Gender mövzusu illərdir bizim araşdırma mövzumuzdur. Xəbərlərin cinsə görə işlənilməsi vacibdir, bunun xəbər hazırlayanların cinsinə dəxli olmamalıdır. Bəzən kişi jurnalistlər qadına dair xəbəri  daha sərt, yersiz qərəzlə də yaza bilər, amma olmaz! Araşdırmamıza görə,  Türkiyə mediasında xəbər üçün  ekspert qismində danışanların 81%-i kişi, 19%-i qadındır. Siyasət xəbərlərinin 16%-i qadın, iqtisadi xəbərlərdə isə 21% qadın rolu var. Çap mediasının 74%-i kişi redaktorlardır, internet mediasında isə 53,4% kişilər, qalanı qadınlardır. İllərdir, jurnalistlərin cinsindən asılı olmayaraq xəbərlərə yanaşma tərzində peşəkarlığını təbliğ edirik.”

Bakıda səfərdə olan 40 ildən çox Almaniyada  polis işləmiş, hazırda orada  qadın sığınacağı rəhbəri və gender üzrə ekspert olan Kristina Kleynlə söhbətim zamanı ölkəsindəki vəziyyət barəsində fikirlərini bölüşüb. Ekspertin verdiyi məlumata görə, Almaniya mediasında da gender məsələlərinin təbliği ürəkaçan deyil. “Nə qədər gözəl qanunlar qəbul olunsa da, bəzi məsələlər cəmiyyətin düşüncə tərzinin formalaşması ilə əlaqədardır. Bunun üçün zaman lazımdır. Hazırda Almaniyada polis orqanlarında işləyənlərin 20%-i qadındır. Federal parlamentin 37%-ni, əyalət parlamentinin 24%-ni, şəhər-rayon bələdiyyələrinin 17-20%-ni qadınlar təşkil edir. Yenə də yüksək vəzifələrdə qadınlara daha sərt şərtlər qoyulur, bəzən əsas qərarlar qadınlar olmayan yerlərdə verilir. Mediadakı təmsilçiliyə gəlincə, qadınlar daha çox ştatdan kənar fəaliyyət göstərirlər, iş şərtləri qadınların tam işləməsinə imkan vermir. Bu səbəbdən alman jurnalist qadınların bir şəbəkəsi var, onlar “Kvota uğrunda”şüarlı aksiya keçirirlər ki, jurnalist qadınlar aktiv işləyə bilsinlər.”

Medianın dərmanı elə özündədir

Ekspertlərin də sadaladığı kimi, gender bərabərliyinin təminatı medianın özünün maariflənməsindən irəli gəlir ki, sonra da neqativ hallar qiymətini ala bilsin. “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na gender bərabərliyi ilə bağlı əlavələr ediləcək. Bu ilin mart ayından başlayaraq Avropa Şurasının təşəbbüsu ilə ehtiyac olunan dəyişikliklər üzərində iş gedir. Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin sözlərinə görə,  bu “KİV haqqında” qanunda və mətbuata aid digər qanunlarda əksini tapacaq.  “Yerli hüquqşünas və jurnalistlərdən də ibarət işçi qrupu əlavələrdə bir neçə əsas məsələləri vacib sayır:  mühüm əhəmiyyət daşımayan yazının qəhrəmanının cinsini göstərməmək tələb  olunur,  jurnalistlərdən gender ayrıseçkiliyinə qarşı mübarizə aparmaq istənilir,   jurnalistlərin mətbuatda problemləri işıqlandırarkən gender özəlliklərinə həssas münasibətin vacibliyi göstərilir, gender zorakılığına müsbət münasibəti qadağan edir  və media orqanlarının özündə  gender bərabərliyinin qorunması tələb edilir.”

Nəticə olaraq qeyd edək ki, media nə olur olsun, özünün qüsuralarını elə özü-özlüyündə aradan qaldırmalı, öz xəstəliyinə özü çarə tapmalıdır.

Raminə Eyvazqızı

a24.az

ŞƏRHLƏR
XƏBƏRLƏR
Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi - Video - 13 / 11 / 2018 20:56
General KƏRİM KƏRİMOV fenomeninin sirri - 13 / 11 / 2018 19:37
"Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilib - 13 / 11 / 2018 17:50
QHT-nin 20 illik yubileyi münasibətilə təbrik məktubu - 13 / 11 / 2018 12:56
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib - 13 / 11 / 2018 11:01
QHT-lərin hazırladıqları filmlərin telekanallarda yayımı məsələsi gündəmə gətirilir - 13 / 11 / 2018 09:49
Diabetə birlikdə qalib gələk - 13 / 11 / 2018 06:50
Azerbaijan, Turkey ink MoU on joint activity, cooperation on work with NGOs - 12 / 11 / 2018 19:27
Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb - 12 / 11 / 2018 19:07
Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi - 12 / 11 / 2018 09:26
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb - 12 / 11 / 2018 05:48
Veteran jurnalist xatirə medalı ilə təltif edildi - 11 / 11 / 2018 19:55
Hemofiliyalı vətəndaşların dərman təchizatında olan çətinliklər həllini tapmaqdadır - 11 / 11 / 2018 11:20
QHT sədri xüsusi medalla təltif edilib - 10 / 11 / 2018 17:11
Parlament Jurnalistlər Birliyinin üzvləri ənənəvi olaraq Bayraq Günündə aksiya keçirdilər - 10 / 11 / 2018 07:52
Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb - 09 / 11 / 2018 20:15
Ağdamda möhtəşəm “Bayraq yürüşü” - 09 / 11 / 2018 19:07
“Hərəyə bir bayraq verək” aksiyası - 09 / 11 / 2018 13:35
“Milli Qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq!” - 09 / 11 / 2018 05:10
QHT-lərə Dövlət Dəstəyi Şurası tarixçi-alim İsrafil Məmmədovu Fəxri Fərmanla təltif etdi - 08 / 11 / 2018 20:06
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib - 08 / 11 / 2018 17:25
“Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinin bağlanış mərasimi keçirilib. - 08 / 11 / 2018 11:09
Tamxil Ziyədinoğlu “Oxu Akademiyası” tərəfindən Fəxri diplomla təltif edilib - 08 / 11 / 2018 10:34
Şuranın dəstəyilə hazırlanan “İrəvan - Azərbaycanın qədim mədəniyyət mərkəzi” adlı kitabın təqdimatı olub - 08 / 11 / 2018 10:09
Onlayn mediaya maliyyə dəstəyi günün tələbidir - 08 / 11 / 2018 08:32
Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkdilər - 08 / 11 / 2018 08:13
Gənclər təşkilatı “İnteqrasiya olunmuş sosial xidmətlər modelini” təqdim etdi - 08 / 11 / 2018 08:11
Şəmistan Əlizamanlı “Diriliş Ərtoğrul”da mahnı oxudu - VİDEO - 07 / 11 / 2018 21:06
Sumqayıtda "Uşaqlar hüquqlarını bilirlərmi" mövzusunda seminar təşkil olundu - 07 / 11 / 2018 19:44
Şura sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya səfərə gedir - 07 / 11 / 2018 17:08