Ukrayna Əfqanıstan Veteranları Birliyinin Kiyev şəhər şöbəsinin təşkilatçılığı ilə Ukraynanın Kiyev şəhərində Sovet qoşunlarının Əfqanıstan ərazisindən çıxmasının 30 illik yubileyi münasibəti ilə Foto-sərgi keçirilib. 
           
Tədbirdə Ukraynada fəaliyyət göstərən xarici dövlətlərin səfirliklərin, diplomatik korpusların, dövlət və qeyri-dövlət veteran təşkilatlarının, hərbiçilərin və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Sərgidə keçmiş sovetlər birliyinin tərkibində olaraq Əfqanıstanda beynəlmiləlçilik vəzifə borcunu yerinə yetirərək xidmət etmiş hərbiçilər haqqında sənədli filmlər və foto şəkillər nümayiş etdirilib.
 
Tədbirdə Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev, səfirliyin əməkdaşları və Azərbaycandan tədbirə rəsmi dəvət olunmuş, sovet qoşunlarını tərkibində Əfqanıstanda xidmət etmiş, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun prezidenti Sərraf Orucov da iştirak ediblər.
 
Səfir Azər Xudiyev çıxış edərək, Sovet qoşunlarının Əfqanıstanda 1979-1989-ci illərdə 10 il müddətindəki müharibənin acı fəsadlarından danışıb.
 
Beynəlmiləlçi  Əlil Döyüşçülər Fondunun prezidenti Sərraf Orucov foto-sərgidə tədbir iştirakçılarına Əfqanıstanda xidmət etmiş Azərbaycanlı veteranlar haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycandan 8500 nəfər Əfqanıstan müharibəsində iştirak edib. Onlardan 219 nəfəri hərbi əməliyyatlarda həlak olub, 450 nəfəri əlil olub, 7 nəfəri isə itkin düşüb. Bundan əlavə 1400 nəfər Azərbaycan vətəndaşı müxtəlif vəzifələrdə mülkü işlərdə xidmət edib. Əfqanıstan müharibəsi Azərbaycan Əfqanıstan veteranları üçün cəsurluq, qorxmazlıq, mərdlik, fədakarlıq və igidlik məktəbi olmuşdur. 
 
Sərraf Orucov Ukrayna veteran təşkilatları ilə yaxından əməkdaşlıq edib dostluq əlaqələrinin inkişaf etdirdiyinə görə “Ənənələrə sədaqətə görə” qızıl medalı ilə təltif edilib.