“Atamdan gördüyüm tərbiyəni övladlarıma aşılayıram” - QHT sədri
A A A
02/22/2019
Oxunma sayısı : 1825

Elşad Eyvazlı: Mənə görə, on birinci sinfə qədər ana sözü ilə hərəkət edən oğlan uşaqlarını sonrakı həyatlarında həyat yoldaşları idarə edəcək 

 

Övlad bir nemətdir.  “Kaspi” qəzetinin "Mənim balam” rubrikasının qonağı Parlament Jurnalistləri Birliyinin sədri, "Modern.az”, "AzEdu.az” saytlarının baş redaktoru Elşad Eyvazlı da övladlarının onun həyatının ən dəyərli neməti olduğunu deyir. İki oğul atası olan müsahibimiz atasından gördüyü tərbiyə metodunu övladlarının üzərində tətbiq edir. Deyir ki, övladlarının kişi kimi böyüməsi üçün bu metod çox önəmlidir. Böyük oğlu Yusif 8, kiçik oğlu Tuncay isə 7-ci sinifdə təhsil alır.

 

- Övladlarınızı tərbiyə edərkən hansı üsuldan yararlanırsınız? Dədə-baba üsulu yardımınıza çatırmı?

 

- Mənə elə gəlir ki, insan özü hansı tərbiyə üsulu ilə böyüyürsə, sonradan gördüklərinin müəyyən hissəsini çalışır ki, öz övladları üzərində tətbiq etsin. Bu, bir aksiomadır. Eyni zamanda, övlad yetişdirərkən insan gördüyü tərbiyə ilə bərabər, öz dünyagörüşünü də bura əlavə edir. 

Uşaqlıqda dərslərimi çox yaxşı oxuyurdum, eyni zamanda çox dəcəl idim. Təsəvvür edin ki, mənim həm şərəf lövhəsində şəklim vardı, həm də divar qəzetində karikaturam. Atam müəllimdir. Mənə kimsənin ağlına gələ bilməyəcək cəzaları tətbiq edirdi. Kəlbəcərdə qar çox yağırdı, qarın hündürlüyü bəzən metri keçirdi. Bir dəfə atam mənə necə əsəbiləşmişdisə, üst paltarımı soyundurub qarın içinə atdı. O vaxt atamın bu hərəkətini düzgün qiymətləndirmirdim. Düşünürdüm ki, mənə qarşı çox əzazildir. Qəribəsi o idi ki, dörd qardaş-bacıdan ancaq mən cəzalandırılırdım. Bunu bəzən ayrı-seçkilik kimi də qəbul edirdim. Sonralar isə hiss edirdim ki, bütün təqsirlər özümdə olub. Standart olmamışam. Sovet müəlliminin standart olmayan övladına münasibəti normalda belə olmalı idi. 

İndi uşaqları tərbiyə edərkən görürəm ki, atamın buna haqqı var imiş. Gör-götür dünyasıdır. Çevrəmdəki insanlarla müqayisədə, övladların tərbiyəsi məsələsində xeyli sərtəm. Düşünürəm ki, heç nəyi səhv etmirəm. Biz məcburi köçkün olmuşuq, həyatımız sıfırlanıb, hər şeyə yenidən başlamışıq. Ondan sonra nə əldə etmişiksə, atamın bizə verdiyi bu tərbiyənin hesabına olub. Atam bizi kişi kimi böyüdüb. Vicdansızlıqdan, tərbiyəsizlikdən, yalandan uzaq olmuşuq. Öz gücümüzə ayaqda durmağı öyrənmişik. Övladlarıma da bu tərbiyəni aşılayıram.

Mən övladlarıma sərt cəza verəndə, onlar öz yanlarından guya etiraz olaraq oxuduqları kitablardan, qəzetlərdən mənə insan və uşaq haqlarından bəhs edirlər. Yusif üçüncü sinifdə oxuyanda özü üçün tutduğu gündəlikdə qəribə bir şey yazmışdı: Atam bizi pis döyür, fikirləşmir ki, ölərik.

 

- Uşaqlardan ən çox nə tələb edirsiniz?

 

- Mənim üçün əsas onların insan kimi formalaşmaları və təhsilidir. Uşaqların özünə demirəm, ancaq onların bütün dərslərdən "5” almağının tərəfdarı deyiləm. Düşünürəm ki, orta məktəbdə "2” almayan uşaq şagird deyil. Ancaq bunu onların özlərinə desəm, ikilərin sayını çoxalda bilərlər, dərsdən qaçırlarsa, qaçmalarının sayını artıra bilərlər. Bilirəm ki, indi bunu oxuyan məni qınayacaq. 

 

Bu gün kütləvi bir hal var, oğlan uşaqları bəlli yaşa qədər analarının sözünə baxırlar. Sonra bir az sözəbaxmazlıq edirlər. Bəzən bunu tərbiyəsizlik kimi dəyərləndirirlər. Amma mən normal qəbul edirəm. Mənə görə, on birinci sinfə qədər ana sözü ilə hərəkət edən oğlan uşaqlarını sonrakı həyatlarında həyat yoldaşları idarə edəcək. Burdan belə çıxmasın ki, mən uşaqların ananın üzünə ağ olmasının tərəfdarıyam. Sadəcə, bu mənim baxışımdır. Bilirəm ki, bu fikirlər topa tutulacaq və s. Nə qədər qəribə qarşılayacağınızı bilə-bilə deməliyəm ki, uşaqlar məni əsəbiləşdirəndə, onlara əl qaldırdığım vaxtlar da olur. Çünki mən belə görmüşəm. Yeddi, səkkizinci sinifdə oxuyan oğlan uşaqları üçün ən böyük cəzalardan biri onların saçının dibindən qırxılmasıdır. Bu cəza növü də tətbiq etdiklərimin sırasındadır. Amma bütün bunlar mənim əzazil valideyn olduğum fikrini yaratmamalıdır. Çünki mən həm də uşaqlarla dostam.

 

- Belə olan halda, uşaqların sizə qarşı nifrətlə böyüməsindən ehtiyat etmirsinizmi?

 

- Uşaq bir tərəfdən görür ki, valideyni ona qarşı sərtdir, digər tərəfdən də ona istədiyini verir. Amma onun istədiyi şəkildə deyil, valideynin istədiyi şəkildə verir. Uşaqlara məktəbdə "Mənim valideynim” adlı inşa yazdırmışdılar. 7-ci sinifdə oxuyan oğlum Tuncayın yazısı ciddi müzakirə mövzusu olmuşdu. Tuncay yazısında qeyd etmişdi ki, "valideynlərimizi aldatmaqla özümüzü aldadırıq. Valideyn bizdən ötrü çalışır. Biz indi başa düşməliyik ki, valideynlərimiz bizə hansı işgəncəni verirsə, başqa üsula əl atırsa, bu, bizim xeyrimizədir. Biz onların qədrini bilməliyik”. Uşaqlar bu cür düşünürlərsə, demək, mənim üçün dediyiniz məqamla bağlı qorxu yoxdur.

 

- İndiki dövr sizin uşaqlıq illərini yaşadığınız dövrdən tamam fərqlənir. Həm də bu günün uşaqları da əvvəlki uşaqlar kimi deyil.

 

- Doğrudur, bu gün zəmanə başqadır, ancaq övladlarım elə bizim dövrün uşaqları kimidir. Onların smartfon olmayan telefonları var. Öz həmyaşıdlarının geyimlərinə, telefonlarına hərdən həsəd aparırlar. Bəzən dostlarım məni buna görə qınayırlar.

 

- Bəs, bu sizi sıxmır?

 

- Heç də. Məni sıxan o olar ki, uşaqlar oxumasınlar, dünyagörüşləri olmasın, tərbiyəsiz olsunlar və s. Mən uşaqlara kompüteri qadağan etmirəm. İstifadə etsinlər, amma qədərində. Onu uşağa nə qədər qadağan etsən də, uşaq bir o qədər ona tərəf gedəcək. Hər şeyi bir az tənzimləmək lazımdır. Hər kəsin fərqli yanaşması var. Uşaqlar idmana, musiqiyə, müəllim yanına gedirlər. Onların başqa işlərlə maraqlanmağa vaxtı olmur. Bəzən özümü də qınayıram ki, onların uşaqlıq həyatı yaşamağına imkan vermirik. Ancaq uşaqlıq həyatını yaşamağa imkan verəndə də, başqa səmtə doğru yol alacaq. Kənddə olsaydıq, mən onlara mal-qoyun otarmağı, həyətdə işləməyi, ağac əkməyi, torpaq belləməyi tapşırardım. Şəhərdə onlara hansı işi tapşırasan ki... Biz jurnalistik, cəmiyyətdə baş verən proseslərdən xəbərdarıq, uşaqları özbaşına buraxanda baş verəcək hadisələri də bilirik. Onlara şəhərdə nəzarət etmək bir az çətin olur. Bəlkə söylədiklərim kimsənin xoşuna gəlməyə bilər. Amma bu da mənim yanaşmamdır.

 

- Əvvəllər valideynlər ən azı 6-7 övlad sahibi olurdular. İndi isə bir və ya iki övladla kifayətlənirlər. Siz bunu nə ilə əlaqələndirirsiniz?

 

- Bəzən bunu sosial məsələlərlə bağlayırlar, mən bunu qəbul etmirəm. Əslində, ümumiyyətlə, çoxuşaqlı olmağın tərəfdarıyam. Düzdür, özüm buna nümunə deyiləm. Biz evlənəndə evimiz, maşınımız, düz-əməlli işimiz olmayıb. İndi deyirlər ki, övladımız az olsun, amma gələcəklərini təmin edək. Bu, doğru deyil. Heç kim acından ölməyəcək. Hər kəsin bir qisməti var. Ailələrdə azuşaqlılıq sanki oturuşmuş bir ənənə halına çevrilib. Çox nadir hallarda 3 uşaqlı ailələrlə rastlaşıram. Bəhanə edirik ki, az olsun, ancaq onlara yaxşı gələcək bəxş edək. Bunun ən böyük səbəbi tənbəllikdir. 

 

- Bayaq öz uşaqlığınızdan danışdınız. Hansı oğlunuzu özünüzə daha çox bənzədirsiniz?

 

- Ağlım kəsəndən 11-ci sinfə qədər atam tərəfindən ciddi cəzalandırılmışam. Ancaq dərslərimi çox yaxşı oxumuşam. Dərs oxumağı çox sevirdim. Hətta istənilən fənn üzrə hansı mövzunun hansı səhifədə olduğunu belə bilirdim. Bilmirəm, bəlkə də kənd uşağı olmuşam, başqa məşğuliyyətimiz olmayıb. Kənddə biz televizora dəqiqə ilə baxırdıq. Orta məktəbdən bu yana həmişə uşaqlar, dostlar mənim başıma toplaşıb. Deyəsən buna lider deyirlər. Atam məktəbdə də ən böyük cəzanı mənə verirdi. Orta məktəb dövründə uşağın edə biləcəyi pis hərəkətlərin hamısını etmişəm və bunu qəhrəmanlıq hesab edirdim.

 

- Məsələn nələri? 

 

- Misal üçün, indi siqaret çəkmirəm, ancaq orta məktəbdə siqaret çəkmişəm. Elə şeylərə qəhrəmanlıq kimi baxırdım ki, indi onları düşünəndə dəhşətə gəlirəm. Axı bunların nəyi qəhrəmanlıq idi? Öz uşaqlığımı Tuncayda görürəm. Hər dəfə məni incidəndə, onda öz uşaqlığımı görürəm, atama verdiyim əziyyətlər yadıma düşür. Atamın mənə tətbiq etdiyi işgəncələri mən də Tuncaya tətbiq edirəm.

 

- Sizcə, bu onları daha da möhkəmləndirir?

 

- Təbii ki. Uşaq bu gün nəyisə deyir, sən onun qarşısını alırsansa, o başqa bir şeyi deyir, artıq onun alternativləri düşünmək bacarığı yaranır. Qohum-əqrəbam, çevrəmdəki insanlar deyir ki, Tuncay fiziki görünüşündən tutmuş, saçlarına, danışıq və davranışına kimi mənim eynimdir. Ancaq o, mənim qədər oxuya bilmir. 

 

- Övladlarınızı cəmiyyətin hansı zərərindən qoruya bilirsiniz?

 

- İndi internet dünyasıdır. Az əvvəl dedim kimi, onların balaca telefonu var. Ancaq bu o demək deyil ki, onlara kompyuter vermirik və televizora baxmırlar. Uşağa hər şeyi olduğu kimi izah etmək lazımdır. Onlar kompyuterdə oyun oynayırlar, mən onlara baxıram. Oyun bitəndən sonra uşaqlarla çay süfrəsi ətrafında söhbət edirəm. Soruşuram ki, siz buradan nə qazandınız. Bu, sadəcə vaxt itkisidir. Düşünürəm ki, uşağı qorumaq yox, onlara izah etmək lazımdır. Çünki uşağı nədənsə qorumaqla, əslində ona daha çox meyilləndirir, istiqamətləndirirsən. 

 

- Uşaqlarınızla zaman keçirə bilirsinizmi?

 

- Son aylar işlərim xeyli çoxalıb, yeni "AzEdu.az” saytımız yaranıb. Artıq uşaqlarımdan şikayətlər eşitməyə başlamışam. Əvvəllər həftədə ən azı bir dəfə uşaqlarla yeməyə gedirdim. Onlarla gəzintiyə gedir, idman edirdik. Uşaqlarla birgə vaxt keçirib dostluq edirdim. Son aylar isə işlərimin çoxluğundan bunları edə bilmirəm və bu baxımdan özümü qınayıram.

 

- Övladlarınızı idarə etmək asandır, yoxsa "Modern.az”-ı?

 

- "Modern.az” saytı mənə övladlarım qədər əzizdir. Modern.az-da çalışan uşaqların əksəriyyətinin - Əfqan Qafarlıdan başqa hamısının ilk iş yeri buradan başlayıb. Onlar məhz Modern.az-ın övladlarıdır. Kollektivimizin uşaqlarına öz övladlarım kimi yanaşıram. Modern.az-ı idarə etmək daha asandır. Burada çalışanlar ali təhsilli insanlardır və onlar öz işlərinin məsuliyyətini dərk edirlər. Ancaq məktəblilərin idarə olunmasında nə qədər istiqamətləndirməyə çalışsan da, onların uşaq istəkləri var. 

 

- Müxtəlif problemlərin həll yolunu göstərən, valideynləri nümunəvi olmağa dəvət edən saytın rəhbəri olaraq, kənardan özünüzə baxanda necə ata kimi görünürsünüz?

 

- İnsanların 90 faizi özünə kənardan baxa bilmir. Bu günə qədər özümdən razı olmamışam. Bütün fəaliyyətimi özünütənqid üstündə kökləmişəm. Müxbirlərimiz etiraf edir ki, Elşad müəllimdən bir dəfə də olsun "yaxşı işləyirsən” sözünü eşitməmişik.

 

- Bəs özünüzə necə, o sözü deyirsinizmi?

 

- Mən özümün də gördüyüm işləri yüksək qiymətləndirməmişəm. Kənardan baxanda, son aylar olmasaydı, özümü orta, övladları ilə maraqlanan bir valideyn kimi qiymətləndirərdim. Uşaqlara vaxt ayırıb bədii ədəbiyyat, yeni kitabları müzakirə edə bilmirik. Uşaq o zaman yaxşı dərs oxuyar ki, bədii ədəbiyyat oxusun. Ədəbiyyat maraqlı olur və uşaqda otura bilmək, səbr vərdişlərini formalaşdırır. Uşaq bir kitabı davamlı olaraq 3 saat oturub oxuyursa, bu o deməkdir ki, o, orta məktəbdə əla oxuyacaq. Yoxsa 10 dəfə su içmək bəhanəsi ilə durub gedirsə, demək ki, dərslərini yaxşı oxumayacaq. Bundan sonra bu nöqsanı, qüsuru aradan qaldıra biləcəyəmmi, bilmirəm. Səhər saat 8-də işə gəlirəm və axşam saat 8-dən tez evə getmirəm. Özümü uşaqların qayğısına qalan valideyn hesab etmirəm. Zamanım olsaydı, başqa şərtlərdə olsaydım, övladlarıma daha çox vaxt sərf etmək istəyərdim. İnsan həyata bir dəfə gəlir. İnsanın ən yaxını onun doğması, ailəsidir. Təbii ki, bütün zamanını onlara verməlidir. Mümkün qədər bunu etməyə çalışıram. İnsanı yaşadan onun ailəsidir. Bildiyim qədəri ilə, onlar məndən narazı deyillər, ancaq özüm-özümdən narazıyam. 

 


ŞƏRHLƏR
XƏBƏRLƏR
QHT sədrindən təklif: BMT- nin Baş Katibi vəzifəsinə namizədliyi irəli sürülsün - 19 / 03 / 2019 21:25
Azərbaycanın ən yaxşı gənc natiqi müəyyən olundu! - 19 / 03 / 2019 20:36
Sahib Məmmədov: "Qanun qəbul olunacağı təqdirdə məhkəmələrin yükü azalacaq" - 19 / 03 / 2019 18:30
Azay Quliyev şəhid Məsim Əkbərovun ailəsini ziyarət edib - FOTO - 19 / 03 / 2019 14:18
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu - 19 / 03 / 2019 13:48
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib - 19 / 03 / 2019 12:54
QHT sədri Qazaxıstanda Türk dünyası ilə bağlı tədbirlərdə iştirak edəcək - 19 / 03 / 2019 09:49
Forum prezidentindən -TƏBRİK - 19 / 03 / 2019 06:43
Əlilliyi olan şəxslər üçün Novruz şənliyi təşkil olundu - 18 / 03 / 2019 21:11
KİVDF-nin 10 illik yubileyi qeyd edilib - 18 / 03 / 2019 18:51
QHT Şurasından həssas sosial qrupların hüquqlarını qoruyan təşkilatlara GÜZƏŞT - 18 / 03 / 2019 16:35
Qalib QHT-lərin nəzərinə: - QHT Şurası yeni qaydaları açıqladı - 18 / 03 / 2019 16:13
QHT sədrinin səhhəti normallaşıb - 18 / 03 / 2019 14:09
Birinci qrant müsabiqəsində qalib gələn QHT-lərin adları açıqlandı - SİYAHI - 18 / 03 / 2019 13:45
lham Mədətov əlaçı tələbələrlə görüşdü - 18 / 03 / 2019 08:25
QHT Şurası 371 layihəni maliyyələşdirdi - VİDEO - 18 / 03 / 2019 08:14
Hüquq müdafiəçiləri Prezident İlham Əliyevə təşəkkür məktubu göndəriblər - 18 / 03 / 2019 08:00
"Planet " verilişinin növbəti buraxılışı... - VİDEO - 18 / 03 / 2019 07:28
İlham Əliyev hər zaman ölkə vətəndaşlarını düşünür və onların hər zaman yanındadı - QHT sədri - 17 / 03 / 2019 21:09
QHT Koalisiyası Vərəmlə Mübarizə Günü ilə bağlı silsilə tədbirlər keçirir - 17 / 03 / 2019 19:15
Masallıda gənclərlə görüş keçirilib - 17 / 03 / 2019 11:51
Əfv sərəncamı Salyandakı 5 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - 17 / 03 / 2019 10:13
Respublika veteranları Prezident İlham Əliyevin imzalığı əhf sərəncamının yüzlərlə ailəyə bəxş etdiyi sevincə qoşulur - 17 / 03 / 2019 08:52
İradə Rizazadə: "Əhalinin sosial rifahının yaxşılaşdırılması cənab Prezidentin siyasətinin prioritet istiqamətlərindən biridir" - 17 / 03 / 2019 07:54
Əfv sərəncamı 14 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - VİDEO - 17 / 03 / 2019 07:17
"Azərbaycan Prezidentinin bu humanist addımı yüzlərlə ailəyə əsl bayram sevinci bəxş etdi" - Davud Rəhimli - 16 / 03 / 2019 19:08
"Bu Sərəncam Azərbaycanın humanist dəyərlərə sadiqliyini bir daha bütün dünyaya göstərdi" - Emin Həsənli - 16 / 03 / 2019 19:02
QHT sədri şəhid anaları və yaşlı insanları ziyarət edib -Zaqatalada - 16 / 03 / 2019 18:44
"Ölkə Prezidentinə təşəkkür edirəm” -Hüquq müdafiəçisi - 16 / 03 / 2019 17:38
Rufiz Qonaqov: "Əfv Sərəncamı Prezident İlham Əliyevin ölkə vətəndaşlarına yüksək diqqətinin göstəricisidir" - 16 / 03 / 2019 17:12