Gənclərin Sosial İnkişafına Dəstək (GSİD) İctimai Birliyinin sədri  Rövşən Bağırov ABŞ Dövlət Departamentinin qabaqcıl peşə mübadiləsi proqramı olan Beynəlxalq Müdavimlərin Liderlik Proqramı (The İnternational Visitor Leadership Program (İVLP)) çərçivəsində ABŞ-da səfərdədir.
 
QHT.az-a daxil olan məlumata görə, bu proqram öz ölkəsində və icmasında lider olan şəxslər üçün nəzərdə tutulmuş 3 həftəlik mübadilə proqramıdır. Professional görüşlər iştirakçıların peşəkar maraqlarını əks etdirir və ABŞ-ın xarici siyasət məqsədlərini dəstəkləyir. Hər il təxminən 5 min beynəlxalq qonaq İVLP proqramının müxtəlif bölmələri üzrə ABŞ-a səfər edir. 
 
R. Bağırov bu proqramın “Gənclər və Vətəndaş Cəmiyyəti” bölməsi üzrə Azərbaycandan seçilmiş yeganə namizəddir. İştirakçılar proqram çərçivəsində ABŞ-ın 6 ştatında baş tutacaq 100-dən  çox rəsmi və qeyri-rəsmi görüşlərdə iştirak edəcəklər. 
 
Qeyd edək ki, bu proqramı bitirənlər ABŞ Məktəb Məzunları sisteminə daxil edilir və ABŞ Dövlət Departamentinin xüsusi diplomu ilə təltif olunurlar.