Xəbərlər 31.01.2023 01:47 2696

QHT koalisiyası Statistika Komitəsindən niyə narazıdır?
 

Mədən Sənayesində Şəffaflığın Artırılması QHT koalisiyası bəyanat yayıb.

QHT.az Novator.az-a istinadən xəbər verir ki, bəyanat koalisiyanın Dövlət Statistika Komitəsinin (DSK) hasilat sənayesində şəffaflıq hesabatı ilə bağlı keçirdiyi müzakirənin və “Hasilat sənayesində şəffaflıq hesabatlarının beynəlxalq standarta yaxınlaşdırılması yolları” adlı tədbirdəki debatların nəticəsində tərtib olunub.

 

Bəyanatda deyilir: “DSK-nın 2021 və 2022-ci illər üzrə şəffaflıq hesabatları komitənin 2021-ci ilin fevralında təsdiqlədiyi “Hasilat sənayesində şəffaflıq üzrə statistik göstəricilər sistemi”nə uyğun olsa da, beynəlxalq şəffaflıq standartına cavab vermir. Çünki DSK-nın hesabatlarında vətəndaş cəmiyyətinin iştirakçılığı təmin edilmir, bir çox mühüm məlumat verilmir, hər hansı analitik mülahizələri ehtiva edən zəruri qeydlər aparılmır, bəzi şirkətlərə dair məlumatların bir çoxu açıqlanmır və sair.

Hasilat sənayesi üzrə bağlanmış müqavilələrin hələ də bir qismi açıqlanmamış qalır. Bu hallar isə hesabatların yerli və xüsusilə də beynəlxalq səviyyədə etibarlılığına xidmət etmir.

Hazırkı durum Azərbaycan prezidentinin “Hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” 28 iyul 2020-ci il fərmanına da ziddir. Həmin fərmanda bildirilir: “Hasilat sənayesində şəffaflıq sahəsində beynəlxalq standartların ardıcıl tərəfdarı olaraq Azərbaycan Respublikası bu dəyişikliklərin ölkəmizdə tətbiqini təmin etməyi və onların müsbət nəticələrindən yararlanmağı zəruri hesab edir”. Beləliklə, fərman hesabatların beynəlxalq standarta riayət edilməsinin vacibliyini təsdiqləyir. Lakin hesabatlar bu tələbə cavab vermir. Problemin əsasında isə “Hasilat sənayesində şəffaflıq üzrə statistik göstəricilər sistemi”nin beynəlxalq şəffaflıq standartı tələblərinin yalnız bir qismini əhatə etməsi durur.

Daha bir problem Azərbaycanın “Rəsmi statistika haqqında” qanunu ilə bağlıdır. Qanunun 16-cı maddəsi şirkətlərə DSK-ya təqdim etdikləri məlumatların açıqlanmaması tələbi qoymağa imkan verir. Nəticədə bəzi şirkətlərə dair məlumatların bir çoxu DSK-nın hazırladığı şəffaflıq hesabatında göstərilmir”.

Bəyanatda vurğulanır ki, hasilat sənayesində şəffaflığın artırılması məqsədilə aşağıdakı addımların atılması vacib görünür:

– “Hasilat sənayesində şəffaflıq üzrə statistik göstəricilər sistemi”nin beynəlxalq şəffaflıq standartı tələblərinə uyğunlaşdırılması;

– hasilat sənayesində fəaliyyət göstərən şirkətlərə DSK-ya təqdim etdikləri məlumatların açıqlanmamasını tələb etmək hüququ verən “Rəsmi statistika haqqında” qanunun 16-cı maddəsinin dəyişdirilməsi;

– hasilat sənayesində imzalanmış, lakin hələ açıqlanmayan 4 sazişin mətninin digər sazişlər kimi DSK-nın internet səhifəsində yerləşdirilməsi;

– yeni sazişlərin imzalandıqdan dərhal sonra açıqlanması üçün ayrıca qanunun qəbul edilməsi və ya mövcud “Yerin təki haqqında” qanunda bu tələbin əks olunması.

Mədən Sənayesində Şəffaflığın Artırılması QHT koalisiyası hesab edir ki, bu addımların atılması hasilat sənayesində şəffaflığın artırılmasına xidmət edərdi: “Şəffaflığın artırılması və ölkəmizin beynəlxalq səviyyədə imicinin bərpası üçün ən mühüm addım isə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü üzvlünə qayıtması olardı. Azərbaycan uzun illər bu mötəbər beynəlxalq təşkilatda nümunəvi ölkələrdən biri olub”.

Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan 2003-cü ildə təşəbbüsə qoşulub. 2017-ci ildə vətəndaş cəmiyyətinə basqılar üzündən qurumda Azərbaycanın fəaliyyəti dayandırılıb, ardınca ölkə təşəbbüsdən çıxıb. Həmin il prezident fərmanı ilə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb, komissiyanın Katiblik funksiyası Dövlət Neft Fonduna həvalə edilib, 2020-ci ildə hesabatlılığın təmin edilməsi Dövlət Statistika Komitəsinə tapşırılıb.

 

P.S. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı