Xəbərlər 31.01.2023 18:24 3985

“Vətənpərvər Azərbaycan gəncləri” – Masallıda tədbir

“Vətənpərvər Azərbaycan gəncləri” – Masallıda tədbir

YAP Masallı rayon təşkilatı aparatında Gənclər günü ilə bağlı “Vətənpərvər Azərbaycan gəncləri” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçılarını Gənclər günü münasibətilə təbrik edən YAP rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, intellektual imkanları və kreativliyilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir: “Gənclərimiz ölkəmizi beynəlxalq aləmdə də layiqincə təmsil edir, dövlətimiz haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirirlər. Müasir Azərbaycan gəncliyi unutmur ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar”.
S.Əliyev əlavə edib ki, Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 44 günlük Vətən müharibəsi oldu. Qəhrəman gənclərimizin fədakarlığı ilə qazanılan Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstəriblər...”
YAP Masallı rayon təşkilatının sədr müavini İlkin Əzizov, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Xırmandalı ərazi partiya təşkilatının sədri Məhəmməd Yusifov, gənc YAP üzvlərindən İradə İmambəyli, Nihad Mikayılov, Mehman Zaidov, Şəfa Xəlilova və başqaları çıxışlarında qeyd ediblər ki, gəncliyə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. 
Sonda bir qrup gəncə, Vətən müharibəsi iştirakçısına fəxri fərman, təşəkkürnamə və hədiyyələr,  partiya sıralarına yeni qəbul olanlara Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.

Akif AĞAYEV
 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı