Xəbərlər 31.05.2023 22:31 1395

“PAŞA Holding”in dəstəyi ilə şəhid ailələri, qazilər və müharibə iştirakçıları üçün KOB proqramına start verilib

Şəhid ailələri, qazilər, müharibə iştirakçıları və onların ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin olunmasına dəstək məqsədilə “PAŞA Holding”in dəstəyi ilə Qarabağ KOB-ları proqramına start verilib.

QHT. az bildirir ki,  “PAŞA Holding”dən AZƏRTAC-a bildiriblər ki, proqram Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə və “PAŞA Holding”in ayırdığı qrant vəsaiti hesabına həyata keçiriləcək. Qarabağ KOB-ları proqramı çərçivəsində şəhid ailələri, qazilər, müharibə iştirakçıları və onların ailə üzvlərinin arasından müvafiq tələblərə uyğun gələn şəxslər seçilərək təlimlərə cəlb olunacaq. Onlara biznes biliklərinin və bacarıqlarının artırılması üçün KOBİA tərəfindən maliyyə və mühasibatlıq, kadr işi, idarəetmə, satış və marketinq və s. mövzularda zəruri təlimlər keçiriləcək. Təlimləri uğurla başa vuran iştirakçılar seçdikləri fəaliyyət istiqaməti üzrə peşə təlimlərinə də cəlb olunacaq və onlara özünüməşğulluq proqramı çərçivəsində zəruri avadanlıq veriləcək.

Ümumilikdə layihəyə Bakı şəhərindən, Şamaxı, İsmayıllı və Şəki rayonlarından olan 50 şəhid ailəsi üzvü, qazilər, müharibə iştirakçıları və onların ailə üzvləri cəlb ediləcək. Layihə çərçivəsində, həmçinin 50 yeni sahibkarlıq subyektinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, maliyyə dəstəyi ilə yanaşı, layihənin icrasında “PAŞA Holding”in Korporativ Sosial Məsuliyyət (KSM) komandası da iştirak edib.

Xatırladaq ki, “PAŞA Holding” tərəfindən KSM fəaliyyəti çərçivəsində müharibə iştirakçıları, qazi və şəhid ailələrinə dəstək istiqamətində təhsil, səhiyyə və digər yönümlü sosial layihələr icra olunur.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı