“Gün ərzində qadınlar 20 q, kişilər isə 35 q şəkər qəbul etməlidir”
“Yayda istehlak olunan dondurma, süd məhsullarında yüksək miqdarda şəkər, kalori var. Əgər dondurma sağlam süddən, qaymaqdan, yağdan hazırlanıbsa çox keyfiyyətli qida sayılır” – bu sözləri Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma və düzgün həyat tərzi üzrə beynəlxalq ekspert Məhsəti Hüseynova QHT.az-a açıqlamasında bildirib.
Beynəlxalq ekspert Məhsəti Hüseynova qeyd edib ki, dondurmanın tərkibindəki bu qida məhsulları birmənalı şəkildə xoşbəxtlik hormonunu artırır, serotonin hormonunu qaldırır və orqanizmə enerji verən bir qida hesab olunur: “Yaxşı olar ki, bunu yeməkdən dərhal sonra deyil, yemək zamanı qəbul edilsin. Çünki tərkibindəki qida məhsulları orqanizmin enerji ehtiyacını ödəyir. Satışda olan paketlənmiş dondurmalar var ki, bunların tərkibində saydığımız keyfiyyətli məhsullardan istifadə olunmur. Məsələn, yağ olaraq hər hansı bir palma, trans yağlardan istifadə olunursa bu dondurma bir mənalı şəkildə insan orqanizminə zərərlidir”.
Onun sözlərinə görə, dadlandırıcı olaraq kimyəvi maddələrdən, şəkərdən istifadə olunursa bu da zərərlidir, təhlükəlidir: “Əgər özümüz dondurma hazırlayırıqsa, təbbi süddən, qaymaqdan, yağdan, mövsümü meyvələrdən istifadə etməliyik. Süd məhsulu tez xarab olan məhsul olduğu üçün yaxşı olar ki, birdəfəlik istifadə olunsun. Tərkibindəki şəkər də gün ərzində qəbul olunan şəkərin miqdarını keçməmək şərtilə qəbul olunsa daha faydalı olar. Çünki gün ərzində qadınlar 20 q, kişilər isə 35 q şəkər qəbul etməlidir ki, həm enerjili, həm gözgörməsi yaxşı, həm də mərkəzi sinir sistemi gözəl çalışsın. Günlük şəkəri başqa qidalardan alıbsa, bu zaman dondurmada qəbul olunan şəkər onun orqanizmi üçün artıq ola bilər, bu da zərərlidir”.
Pərvanə Fərhadqızı