Xəbərlər 28.09.2023 14:56 2854

Valideyn-müəllim-uşaq əməkdaşlığının rolu adlı tədbir Lerik Rayonunda - FOTOLAR

Sentyabrın 28-də Lerik Rayon Dövlət Aqrar İnkişaf Mərkəzində “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyinin “Üçbucaq” - “milli tərbiyə modeli”nin formalaşdırılmasında ailə dəyərlərinin və valideyn-müəllim-uşaq əməkdaşlığının rolu adlı layihəsinin növbəti tədbiri həyata keçirilib.

Birlikdən QHT.az –a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Müxtəlif ailə nümayəndələrinin, valideynlərin iştirak etdiyi tədbirdə giriş sözü ilə çıxış edən Lerik rayon İcra Hakimiyyətinin əməkdaşı Ramin Agayev qonaqları salamlayaraq, təqdim olunan mövzunun dövrümüz üçün ən aktual problemlərdən biri oldugunu qeyd etdi.

Layihənin rəhbəri, Birliyin icraçı direktoru Şahin Rəcəbov layihə barədə iştirakçılara geniş məlumat verərək, milli tərbiyə modelinin qurulması, mövcud durum, bu sahədə beynəlxalq təcrübə və ölkə qanunvericiliyi barədə geniş çıxış edib, valideynlərin suallarını cavablandırıb: “Əvvəllər yaşlı nəsildən milli mənəvi dəyərlər, adət-ənənələr gənc nəsilə ötürülür və ailələrin dayanıqlığı təmin olunurdu. Lakin indi müasir gənc ailələrdə gənc valideynlər uşaqları necə tərbiyə etmək lazım oldugunu bilmirlər, bunun üçün bir ortaq tərbiyə nümunəsi, modeli qurulmayıb, tərbiyə haqqında Qanun yoxdur. Təlim-tədrisdə təlimə üstünlük verilir, tərbiyə arxa planda qalır. Bu istiqamətdə ciddi tədqiqatlara, dövlət proqramına, qanunvericilik təşəbbüslərinə ehtiyac vardır”.  

Mövzu ətrafında ailə nümayəndələrinin geniş fikir mübadiləsi aparıldı. İştirakçılar bu gün ailədə, cəmiyyətdə, sosial mediada, xüsusən də məktəblərdə baş verənlərlə bağlı problemlərin əksəriyyətinin ailədən qaynaqlandığını və bunun birbaşa tərbiyə məsələləri ilə bağlı olduğunu vurğulayıblar. İştirakçılar milli tərbiyə modelinin qurulması, valideynlərin-müəllimlərin-uşaqların bu mövzuda əməkdaşlığına dair öz təkliflərini, təcrübələrini bölüşüblər.      

Layihənin məqsədi ölkəmizdə “milli tərbiyə modelininin” formalaşdırılması istiqamətində təşəbbüs irəli sürmək, bunun üçün ailə dəyərlərinin təbliği və valideyn-müəllim-uşaq əməkdaşlığının rolunun artırılmasına dair valideynlərlə maarifləndirməni həyata keçirmək, bu sahədə əməkdaşlığı və məsuliyyəti artırmaqdır.

Layihə çərçivəsində 4 ay müddətində 9 rayonda -  Mingəçevir, Qəbələ, İsmayıllı, Neftçala, Masallı, Lerik, Lənkəran, Astara, Quba rayonlarını əhatə etməklə  “milli  tərbiyə modeli”ni formalaşdırılması üçün ailə dəyərlərinin və valideyn-müəllim-uşaq əməkdaşlığının rolunu artırmaq mövzusunda yerli sakinlərlə, valideynlərlə maarifləndirmə görüşlərinin təşkili, görüşlərdən çəkilən materiallarından ibarət video roliklərin hazırlanması və sosial şəbəkələrdə (youtube və facebook) yayılması nəzərdə tutulur.

Qeyd edək ki, layihə üzrə növbəti tədbir Lənkəranda həyata keçiriləcəkdir.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı