Xəbərlər 08.12.2023 10:18 1324

Yaşıl enerji ilə bağlı həyata keçirilən tədbirləri ölkəmizin enerji strategiyasında yeni eranın başlanğıcı hesab etmək olar -ŞƏRH

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı tərəfindən təşkil olunan növbəti Dünya İqlim Fəaliyyəti Sammiti – COP28 bəşəriyyətin qarşılaşdığı ekoloji problemlərin həlli istiqamətində səylərin birləşdirilməsi məqsədilə bir araya gəlmək nöqteyi-nəzərdən əhəmiyyətli hadisədir. Dünyanın 140-dan çox hökumət və dövlət rəhbərinin 28-ci sammitdə iştirakı bu beynəlxalq tədbirin günümüz üçün nə qədər aktual olduğunu göstərir. Prezident İlham Əliyevin COP28-də iştirakı, Azərbaycanın ilk dəfə olaraq orada öz pavilyonu ilə təmsil olunması ölkəmizin iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini bir daha göstərdi.

 

QHT. az bildirir ki,  bunu AZƏRTAC-a müsahibəsində “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri Rüstəm Məlikov deyib.

 

Azərbaycanın 1995-ci ildə BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etməklə dünyada həmin qlobal problemin səbəb olduğu mənfi təsirlərin azaldılması haqqında beynəlxalq səylərə qoşulduğunu deyən təşkilat sədri fikirlərinə belə davam edib: “Dubay şəhərində Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə 254 kvadratmetrlik ərazidə təşkil edilən pavilyon iştirakçılar tərəfindən maraqla qarşılanır. Burada nümayiş olunan enerji keçidi, ətraf mühit xəritəsi, bərpa olunan enerji, ağıllı kənd və digər bölmələr, ölkəmizin iqlim dəyişmələri üzrə mübarizə sahəsində gördüyü işlər, yumşaltma və adaptasiya tədbirlərini əks etdirən virtual eksponatların nümayişi, eyni zamanda, regional və beynəlxalq təşkilatlarla təmaslar Azərbaycanın bu işə nə qədər önəm verdiyini göstərir. Milli pavilyonda xüsusi diqqət çəkən məqamlardan biri erməni işğalı zamanı ərazilərimizdə həyata keçirilən ekoterror barədə məlumatların geniş auditoriyaya çatdırılmasıdır. Məlumdur ki, 2022-ci ildə BMT-nin ətraf mühit proqramı çərçivəsində ölkəmizin işğaldan azad olunmuş ərazilərində ətraf mühiti qiymətləndirmək missiyası həyata keçirilib. Missiyanın hesabatı gələcəkdə bütün beynəlxalq platformalarda bizim üçün mühüm sənəddir.

Sammitdə geniş heyətlə iştirak və pavilyonun nümayişi əyani şəkildə göstərdi ki, dünyanın müasir çağırışlarından olan yaşıl enerji, ekoloji davamlılıq Azərbaycanın inkişaf strategiyasında öncül yer tutur. Rəsmi məlumatlara görə, yaşıl enerjinin aparıcı qüvvəsi kimi bərpa olunan enerji mənbələri 2026-cı ilədək Azərbaycanda elektrik enerji istehsalının 24 faizini təşkil edəcək. 2030-cu ildə isə bu, 30 faizə çatdırılacaq. Azərbaycan istixana qazı emissiyalarını 2050-ci ilədək 40 faiz azaltmağı hədəfləyir. Bu, onu təsdiq edir ki, Azərbaycan son illərdə yaşıl enerjiyə keçiddə fəal iş aparır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, həmçinin Naxçıvanın yaşıl enerji zonası elan edilməsi və həmin istiqamətdə atılan addımlar beynəlxalq arenada inkişaf etmiş ölkələrlə münasibətdə bizə əlavə nüfuz və hörmət qazandıracaq. Azərbaycanın bərpa olunan, yaşıl enerji ilə bağlı həyata keçirdiyi tədbirləri ölkəmizin enerji strategiyasında yeni eranın başlanğıcı hesab etmək olar. Hazırda Səudiyyə Ərəbistanı Krallığının məşhur enerji şirkətləri ilə bu istiqamətdə anlaşma və müqavilə əsasında müvafiq işlər aparılır. Quruda və dənizdə 25 giqavat bərpaolunan külək və günəş enerjisi istehsal ediləcək. Bu isə çox böyük potensialdır. 2022-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması, ölkəmizin bu sahədə potensialının realizə olunmasına və dünyanın enerji bazarında əhəmiyyətli rolunun daha da yüksəlməsinə xidmət edir”, - deyə R.Məlikov bildirib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı