Xəbərlər 23.02.2024 14:03 3619

“Xocalı – qan yaddaşımız” – Masallıda tədbir

Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı  

 

Masallı Tarix- Diyarşünaslıq Muzeyində “Xocalı – qan yaddaşımız” adlı tədbir keçirilib.
Masallı Rayon İcra Hakimiyyəti, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyi və Ombudsman Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə  təşkilatçı müəssisələrin nümayəndələri, Xocalı və Şuşa sakinləri, şəhid ailələri, media və mədəniyyət işçiləri, gənclər iştirak ediblər.
Əvvəlcə soyqırımı qurbanları və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva  Xocalı soyqırımı faciəsinin bizlər üçün kədərli bir səhifə olduğunu qeyd edib.
Xocalı sakini Kamilə Quliyeva Xocalı faciəsi baş verən günə qədər yaşadıqları ərazidə başına gələn acınacaqlı günlər və şahidi olduğu dəhşətli hadisələrdən ürək ağrısı ilə bəhs edib.
Masallı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nuranə Muradova, Ombudsman Cənub Regional Mərkəzinin direktoru Ziya İsmayılov, şəhid atası Şükran Yusifli, Şuşa sakini, Masallı şəhər 4 saylı məktəbin hərbi rəhbəri Rafiq Abbasov,  “Yeni həyat” ictimai-siyasi qəzetinin əməkdaşı Akif Ağayev tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqının növbəti belə faciə ilə XX əsrin sonlarında Xocalıda, Ermənistanın ölkəmizə hərbi təcavüzü zamanı üzləşdiyi dəhşətlərdən, əli yalın xalqın başına gətirilən vəhşiliklərdən, hadisələrin ilkin başvermə proseslərindən, hüquqi aspektlərindən, Ümummilli lider Heydər Əliyev tərəfindən 1 mart 1994-cü ildə  Fərman verərək Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunması barədə geniş danışıblar.
Çıxışçılar bu gün Ali Baş Komandan İlham Əliyev və məğrur igidlərimiz sayəsində Xocalı soyqırımı, torpaqlarımız uğrunda şəhid olanların qısasının alındığını xüsusi vurğulayaraq bildiriblər ki, Azərbaycan xalqı və dövlətinin Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq.
Sonda Xocalı soyqırımına aid sərgiyə baxış keçirilib.

 

Akif VAQİFOĞLU
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı