Eks-nazirdən açıqlama: "Hazırda dünyada 6,5 milyarddan çox insan internetdən istifadə edir"
17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd edilir.
Keçmiş rabitə naziri və Rabitə və İnformasiya Texnologiyaları İctimai Birliyinin sədri Siruz Abasbəyli QHT.az-a verdiyi açıqlamada bu günün proqramistlər, sistem administratorları, internet provayderləri, internet nəşriyyat redaktorları, ümumiyyətlə informasiya texnologiyaları sahəsində çalışan mütəxəssislər, kiber təhlükəsizlik mütəxəssisləri və poçt xidmətində çalışanlar üçün xüsusi bir bayram olduğunu bildirib.
QHT sədri bu günün əsas məqsədinin, internet və kommunikasiya texnologiyalarından (İKT) istifadə edən ölkələrin inkişafına dəstək vermək olduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırda dünyada 6,5 milyarddan çox insan internetdən istifadə edir və rəqəmsal informasiya inqilabı kağızdan istifadənin azalmasına və yazışmaların rəqəmsal texnologiyalar vasitəsilə aparılmasına səbəb olub: “Rəqəmsal epoxa bir çox sahələrdə inqilabi dəyişikliklər yaradıb. Məsələn, əvvəllər taksi sifariş vermək üçün bir radiostansiyaya zəng etmək lazım idi, lakin indi bunu evdən çıxmadan, bir neçə kliklə etmək mümkündür. Rəqəmsal texnologiyalar insanların həyatını sadələşdirib və hər şeyin əlçatanlığını artırıb. Məsələn, tibb müəssisələrində artıq hər bir şəxsin tibbi məlumatları komputerlərdə saxlanılır və asanlıqla əldə edilir. Asan xidmət mərkəzlərində sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsi kimi sənədləri qısa müddətdə almaq mümkündür. Süni intellekt, maşın təhsili, 5G texnologiyası, sürücüsüz avtomobillər və robot səhiyyə sistemləri kimi yeniliklər də həyatımızın bir parçasına çevrilib”.
Abasbəyli vurğulayıb ki, texnoloji yeniliklər sayəsində evə getmədən işıqları yandırmaq, istilik sistemini qoşmaq və təhlükəsizlik sistemlərini idarə etmək mümkündür: “Gələcəkdə rəqəmsal texnologiyalar həyatımızın hər bir sahəsinə daha da inteqrasiya ediləcəkdir. Bu dəyişikliklər, Abasbəylinin sözlərinə görə, insanların həyatını daha rahat və effektiv hala gətirir və gələcəkdə daha da böyük imkanlar açacaqdır”.
Pərvanə Fərhadqızı