Xəbərlər 24.05.2024 16:44 2798

Bakı Məktəblərində Narkotiklərlə Mübarizə üzrə Maarifləndirici Tədbirlər Keçirilib - FOTOLAR

Suraxanı, Nizami və Sabunçu rayonlarının orta məktəblərində “Narkotiklərlə mübarizə sağlam gələcəyin yoludur” mövzusunda maarifləndirici tədbirlər keçirilib.

QHT.az xəbər verir ki, Hüquq və İnsan Haqları İnstitutu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə birgə Bakı şəhərinin bir sıra orta məktəblərində narkotiklərə qarşı mübarizəyə həsr olunmuş maarifləndirici tədbirlər həyata keçirib.

“Narkotiklərlə mübarizə sağlam gələcəyin yoludur” mövzusunda keçirilən tədbirlər mayın 21-də Suraxanı rayonu 87 saylı, mayın 22-də Nizami rayonu 61 saylı tam orta məktəblərdə və mayın 23-də Sabunçu rayonu 252 saylı məktəb-liseydə təşkil olunub.

Tədbirlərin keçirilməsində məqsəd narkotiklərin cəmiyyətə, insanların sağlamlığına vurduğu ziyan və onların nəticələri barədə yeniyetmə və gənclərin məlumatlandırılması, bu istiqamətdə aparılan təbliğat işlərinin miqyasının genişləndirilməsi və ictimai fəallığın artırılmasından ibarətdir.

İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayevin, təlimçilərdən Əmrah Rəhimli, Günay Abasova və Aygün Ariflinin maarifləndirici təqdimatları ilə keçirilən tədbirlərdə Suraxanı Rayon Məhkəməsinin hakimi Nərminə Rzayeva, Suraxanı RPİ-nin Yetkinlik yaşına çatmayanlarla iş üzrə profilaktiki işin təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Əfqan Ağayev, Nizami RPİ-nin Yetkinlik yaşına çatmayanlarla iş üzrə profilaktik işin təşkili bölməsinin inspektoru Nuranə Fətəliyeva, Nizami Rayon Məhkəməsinin hakimi Qumru Əliyeva, Sabunçu Rayon Məhkəməsinin hakimi Elnurə Rəcəbova öz maraqlı təcrübələrini şagirdlərlə bölüşüblər.

Tədbirlər çərçivəsində 87 saylı məktəbin direktoru Elmira Ələkbərova cəmiyyətin ciddi sosial bəlası sayılan, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyanın insan orqanizmi üçün zərərli nəticələrindən və onun törətdiyi fəsadlardan söz açıb. 61 saylı məktəbin direktoru Zenfira Şıxəliyeva isə narkotiklərin vətəndaşların sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükə mənbəyi olmasından danışıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xüsusi dəstəyi ilə təşkil olunan tədbirlərdə ümumilikdə 295 şagird və müəllim iştirak edib.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı