Xəbərlər 15.07.2024 09:26 2253

Azərbaycanın Milli Qəhrəmanı - şəhid general mayor Polad Həşimovun anım günüdür

General-mayor Polad Həşimov 2020-ci ilin "Tovuz döyüşləri" zamanı 14 iyul tarixində Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə birlikdə ön xətdə döyüş zamanı qəhrəmancasına şəhid olub.

QHT.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi olan general-mayor Polad İsrayıl oğlu Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. 1992-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul olan Polad Həşimov 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirib. 2014-cü ilin iyul ayında isə Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olub və 2016-cı ildə "hərbi idarəetmə" üzrə magistr dərəcəsi alıb. 1992-ci ildən Azərbaycan Ordusunun sıralarında xidmət edən Polad Həşimov Birinci Qarabağ Müharibəsinin və 2016-cı ilin "Aprel döyüşləri"nin iştirakçısı olub. "Aprel döyüşləri" zamanı 1-ci Ordu Korpusunun Komandir müavini, Qərargah rəisi olan Polad Həşimov hərbi əməliyyatlardan sonra Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

2019-cu il iyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Polad Həşimova "general-mayor" ali hərbi rütbəsi verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Polad İsrayıl oğlu Həşimov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı