Kəmalə Aşumova gənclərə təqdim edilən xidmətlər və dəstək proqramlarından danışdı
Yuvenal Ədliyyə Mərkəzi, riskli davranışa meyilli və cinayət törətmiş gənclərin cəmiyyətə reinteqrasiya olunmasına kömək edir. "Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri və mərkəzin koordinatoru Kəmalə Aşumova, mərkəzin təqdim etdiyi əsas xidmətlər haqqında QHT.az-a məlumat verərək, bu xidmətlərin sosial problemlərin həllinə, psixoloji və hüquqi dəstəyə, həmçinin təhsil və iş imkanlarının artırılmasına yönəldiyini açıqlayıb:
"Yuvenal Ədliyyə Mərkəzi, riskli davranışa meyilli olan, cinayət törətmiş və ya məhkumluq həyatı yaşamış uşaqlar və yeniyetmələrlə, əsasən də 14 yaşdan yuxarı yeniyetmələrlə fəal şəkildə işləyir. Mərkəzimizin əsas məqsədi bu gənclərin həyatlarını yenidən qurmaq və cəmiyyətə faydalı vətəndaşlar kimi qayıtmalarına dəstək olmaqdır. Mərkəzimiz tərəfindən göstərilən xidmətlər çoxşaxəlidir. Birincisi, sosial problemlərin həllinə dəstək verilir. Bu dəstək təkcə gənclərin özlərinə deyil, eyni zamanda onların ailələrinə də şamil edilir. Ailə və uşaqların inkişafını dəyərləndirir, sosial problemlərin həlli ilə bağlı tədbirlər görürük. Bu, sosial işlərin həyata keçirilməsini və uşaqların inkişafını təmin edir".
QHT sədri digər vacib istiqamətə də toxunub. Onun sözlərinə görə, biz gənclərin reabilitasiyası və cəmiyyətə yenidən inteqrasiyası prosesi reabilitasiya yolu ilə həyata keçiririk, bu da psixoloji dəstəklə müşayiət olunur: "Xidmətlərimiz ödənişsiz olaraq təqdim edilir. Bununla yanaşı, hüquqi yardım da təmin edirik. Dövlət qurumlarında hüquqlarının qorunması, polis idarələri, istintaq və məhkəmə proseslərində onların hüquqlarının müdafiəsi üçün lazımi tədbirlər görülür. Hər bir məhkəmə prosesində uşaqların yanında vəkilin olması təmin edilir. Pedaqoji dəstək də göstərdiyimiz əsas xidmətlərdən biridir. Təhsil sahəsində problemləri olan uşaqlara, xüsusilə də təhsili yarımçıq qalmış və ya təhsildən uzaq düşmüş uşaqlara təhsilini davam etdirmək üçün kömək edirik. Biz bu gənclərə məktəb, kollec və peşə təhsili müəssisələrində təhsil almaqda yardım edirik".
Qeyd edək ki, Mərkəzin digər genişmiqyaslı fəaliyyətləri də mövcuddur. Bu fəaliyyətlər dövlət qurumları ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir. Məqsəd uşaqların həyatında baş verə biləcək mənfi halların təkrarlanmaması və onların həyatlarına davamlı müsbət təsirlər göstərməkdir. Eyni zamanda, işsizliklə mübarizə aparmaq üçün gənclərə hüquqi dəstək verilir və onları işlə təmin etmək məqsədilə müvafiq tədbirlər görülür.
Pərvanə Fərhadqızı
QHT.az