Xəbərlər 03.09.2024 15:10 1513

 “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in əməkdaşları seçki komissiyasında iştirak edib - FOTOLAR

Sentyabr ayının 1-də keçirilən Azərbaycan Respublikasının Milli Məclisinə VII çağırış növbədənkənar seçkilərdə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in sədri Tahir Xudiyev və İdarə Heyəti üzvü Məlahət Abdullayeva 122 saylı Xankəndi Seçki Dairəsində Seçki Komissiyasının üzvləri kimi iştirak ediblər.

QHT.az xəbər verir ki, Tahir Xudiyev bildirib ki, seçki məntəqəsi açılmazdan əvvəl qanunun tələblərinə uyğun olaraq boş seçki qutuları möhürləndi. Seçicilərin obyektiv və rahat şəkildə səsverməsi üçün hər bir şərait yaradıldı. Səsvermə kabinələri beynəlxalq və milli qanunvericilikdə nəzərdə tutulmuş standartlara cavab verirdi, texniki təchizat da seçki qanunvericiliyinin tələblərinə uyğun idi.

Məlahət Abdullayeva Xankəndi Seçki Dairəsinin 15 saylı Seçki Məntəqəsində  səsvermə prossesində seçicilərin fəallığından, hətta Hüseynovlar ailəsinin Gəncə şəhərindən gələrək böyük sevinc və qürur hissi ilə məhz Xankəndində səsvermədə iştirak etdiyindən danışdı. Bildirdi ki, məntəqədə səs verən ən yaşlı seçicinin 78, ən gənc seçicinin isə 19 yaşı var idi, xəstə və ahıl vətəndaşların seçkilərdə iştirakını təmin etmək məqsədilə daşınan seçki qutuları hazırlanmışdı. Səsvermə prossesi ümumilikdə normal keçdi.

Yerli müşahidəçilər arasında YAP-dan seçkiləri sonadək müşahidə edən polis polkovnik-leytenantı Təranə Şahmuradova Seçki Məcəlləsinin tələblərinə uyğun aparılan səsvermədə  kənar müdaxilə hallarının baş vermədiyini bildirdi. Onu da qeyd edək ki, Xankəndindən məcburi köçkün kimi Gəncə şəhərində məskunlaşan Təranə Şahmuradovanın iki qardaşı və həyat yoldaşı Birinci Qarabağ Müharibəsi zamanı şəhid olublar.

Xankəndində yaşayan müstəqil müşahidəçi Tamilla Quliyeva da məntəqədə səsvermənin həqiqətən də obyektiv şəkildə keçdiyini bildirdi. 122 saylı Xankəndi Seçki Dairəsinin sədri Ağalar Əliyev:”Milli Məclisə seçkilərdə deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb. 122 saylı Xankəndi Seçki Dairəsindən 55,5 %  səslə Gəncəliyev Tural Babaşah oğlu Milli Məclisə deputat seçilib. VII çağırış Milli Məclisə seçilən bütün deputatları təbrik edir, Vətənimizə, dövlətimizə, xalqımıza ləyaqətlə xidmət etməyi diləyirik”.

Məntəqədə seçki prossesini izləmək üçün yerli müşahidəçilərlə yanaşı bir neçə beynəlxalq müşahidəçilər də iştirak edirdilər. Onlardan Belarus Milli Məclisi Respublika Şurasının sədr müavini Sergey Xomenko və Şuranın Qanunvericilik və dövlət quruculuğu üzrə daimi komissiyasının sədr müavini Aleksey Vasilyev Xankəndi şəhərindəki keçmiş mərkəzi inzibati binada yaradılmış 14 saylı və Kərkicahan qəsəbəsindəki 15 saylı məntəqələrdə seçki prossesi ilə tanış oldular. 15 saylı məntəqədə olduğu kimi İmran Mirzəyevin sədri olduğu 14 saylı məntəqədə də seçkilər yüksək səviyyədə keçirildi. Beynəlxalq müşahidəçiləri maraqlandıran sulları cavablandıran Tahir Xudiyev Belorusiya dövləti və xalqı ilə Azərbaycan dövləti və xalqı arasında uzun illər davam edən sıx dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olmasını, bu gün onların seçkiləri müşahidə etmək üçün gəlmələrinin də bu dostluq və qardaşlıq münasibətlərinin tərənnümü olduğunu bildirdi. Çox məmnun qalan qonaqlar Belarus Milli Məclisi Respublika Şurasının təsviri olan suvenirləri “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-ə etdilər. Bir neçə televiziya kanalları seçki prossesini izləmiş, xəbərlər proqramı üçün süjetlər hazırlamış, canlı yayımlar təşkil ediblər.

Qeyd etməyi vacib sayırıq ki, seçkilərdə iştirak edən hər bir kəs möhtərəm Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun sücaəti sayəsində bu gün tarixi torpaqlarımızda, eləcə də Xankəndində səsvermədə qürur və sevinc hissi ilə iştirak edirdi.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı