Xəbərlər 06.09.2024 14:55 2193

Ədliyyə Akademiyasında Gürcüstan Mediatorlar Assosiasiyası sədrinin kitabının təqdimatı olub - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən Avrasiya Hüquqşünaslar Assosiasiyasının “Mediasiya (mübahisələrin səmərəli həlli vasitəsi) - Praktik dəsrlik” kitabı nəşr edilib. Nəşr olunan kitab Mediasiya Şurasının metodiki dəstəyi və rəyi əsasında çap olunub.

QHT.az xəbər verir ki, ilk dəfə Azərbaycan dilində nəşr edilən tədris vəsaiti mediatorların praktik biliklərinin artırılmasında, professional səviyyələrinin yüksəldilməsində mühüm rol oynayacaq. Qeyd edək ki, mediasiya sahəsində Azərbaycan dilində tədris vəsaiti çatışmazlığı bu sahədə ciddi problemlər yaradırdı. Amma qeyd edilən vəsaitin nəşri bu sahədə boşluğun doldurulmasında mühüm rol oynacayacaq. Eyni zamanda Mediasiya Şurası tərəfindən təlim qurumu kimi mediasiya reyestrinə daxil edilən AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında mediatorların ilkin hazırlığı da daxil olmaqla, əmək və ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə kurslar təşkil olunarkən qeyd edilən vəsait mediator olmaq istəyən namizədlərə ödənişsiz əsaslarla təqdim ediləcək.

Kitabın nəşrinin əsas məqsədi mediasiya sahəsində praktiki bacarıqların artırılmasına dəstək olmaq, mediasiya proseslərinin effektivliyində, keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsi sahəsində mediatorluğa namizədlərin və mediatorların bilik və bacarığının artırılmasıdır. Kitabda mediasiya prosesinin müxtəlif mərhələləri, metodları və strategiyaları ətraflı şəkildə izah olunur. Eyni zamanda, kitabda mediasiya sahəsində beynəlxalq təcrübələr və tövsiyələr də yer alır.

Ədliyyə Akademiyasında keçirilən təqdimat mərasimində Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarəedilməsi üzrə meneceri Mehti Mehtiyev və AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov çıxış edib. Tədbirdə həmçinin mediasiya təşkilatı rəhbərləri və mediatorlar iştirak edib.

Kitab barədə danışan Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov ilk olaraq kitabın müəllifi, Gürcüstan Mediatorlar Assosiasiyası İdarə Heyətinin sədri İrakli Kandaşviliyə təşəkkürlərini bildirib. O qeyd edib ki, İrakli Kandaşvili dost və qardaş gürcü xalqınının simasında Azərbaycanı sevən şəxslərdəndir və dostumuzdur. O qeyd edib ki, İrakli Kandaşvilinin kitabının Azərbaycan dilində nəşr olunması təkcə mediasiya sahəsində biliklərin öyrənilməsində deyil, həmçinin iki xalq və xalqların peşə birlikləri arasında olan dostluq və qardaşlığın nümunəsidir. O, mediatorlara kitabı oxumağı və İrakli Kandaşvilinin Azərbaycana səfəri zamanı kitabın onunla müzakirəsinin təşkil edilməsini tövsiyə edib.

Təqdimat mərasimi kitab barədə fikirlərin bildirilməsi ilə başa çatıb. Kitablar mediatorlara ödənişsiz olaraq təqdim edilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı