Sahib Məmmədov: "... Azərbaycanın mövqeyini dünya səviyyəsində çatdırmaq üçün əhəmiyyətlidir"
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Lüksemburq Böyük Hersoqluğunun xarici işlər və xarici ticarət naziri Xavier Bettel arasında telefon danışığı baş tutub. XİN-dən verilən məlumata görə, bu görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri, həmçinin regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov QHT.az-a özəl açıqlama verib. O, bildirib ki, Lüksemburq, Avropanın kiçik dövlətlərindən biri olsa da, adam başına düşən ümumi daxili məhsul həcminə görə dünyada qabaqcıl yerlərdədir və Avropa İttifaqının üzvüdür. Lakin, Ermənistan-Azərbaycan məsələsində Lüksemburqun anti-Azərbaycan mövqeyi sərgilədiyi vurğulanıb. S. Məmmədov, Ceyhun Bayramovun bu telefon danışığında Lüksemburq xarici işlər naziri ilə Azərbaycanın mövqeyini birbaşa çatdırmasının əhəmiyyətini qeyd edib. O, Ermənistanın müsbət olmayan mövqeyinə və sülh müqaviləsi çərçivəsində yaranan problemlərə də toxunub. Onun fikrincə, Ermənistanın konstitusiyasındakı ərazi iddiaları, sülh müqavilələrinin effektivliyini təsir edir və bu məsələni beynəlxalq səviyyədə izah etmək vacibdir.
Sahib Məmmədov belə təmasların və beynəlxalq müzakirələrin Azərbaycanın mövqeyini dünyaya çatdırmaq üçün önəmli olduğunu vurğulayıb: "Bizə qarşı çıxan, bəyanat verən bütün dövlətlərlə və s. təmasları qurmağımız vacibdir. İnandırmaq, Azərbaycanın rəsmi mövqeyini çatdırmaq, bilavasitə yoldan çatdırmaq daha məqsədə uyğundur".
Pərvanə Fərhadqızı
QHT.az