QHT bölgələrdə veteranlarla görüşləri davam etdirir - FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müharibə veteranlarının hüquqi maarifləndirilməsi” adlı layihə çərçivəsində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) bölgələrdə veteranlarla görüşləri davam etdirir.
QHT.az xəbər verir ki, layihə çərçivəsində bu dəfə Göygöl rayonunda “Gənclər Evi”-də geniş tərkibdə görüş keçirilib. Görüşdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov, AVMVİB sədrinin sosial məsələlər üzrə sədr müavini Qurban Osmanov, AVMVİB Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov, Göygöl rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin rəisi polkovnik-leytenant Abidin Rüstəmov, müharibə veteranları və müharibə əlilləri iştirak edirdilər.
Tədbirdə çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov layihənin məqsədi barədə iştirakçılara geniş məlumat verdi. Layihənin icrası artıq bir çox veteranlarımızın problemlərinin həllində oynadığı müsbət rolundan danışdı. Faktlarla layihə çərçivəsində öz hüquqlarını bərpa edə bilmiş veteranlarımızın bundan sonra da hüquqlarının bərpasına hər vasitə ilə yardımçı olacaqlarını qeyd etdi.
Tədbirlə bağlı sədr müavini Qurban Osmanov bildirdi ki, bu layihələrin həyata keçirilməsi müharibə veteranları tərəfindən razılıqla qarşılanır. Həmçinin, veteranlarımızın mövcud problemləri ilə tanışlıq üçün AVMVİB rəhbərliyi əlavə bir imkan əldə edir. Bu imkanı yaradan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə öz minnətdarlığımızı bildirirəm.
Çıxış edən Göygöl rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev layihənin həyata keçirilməsinin vacibliyindən danışdı. O, bildirdi ki, müharibə veteranlarının problemlərinə həsr olunmuş belə layihələrin böyük əhəmiyyəti var. AVMVİB Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov çıxış edərək belə layihələrin bizim rayonda həyata keçirilməsi də müharibə veteranları tərəfindən rəğbətlə qarşılandığını, ona görə də layihənin Göygöl rayonunda da keçirilməsini alqışladığını bildirdi.
Layihə çərçivəsində rayon veteranlarını maraqlandıran suallara cavablar verildi. Onların qarşılaşdıqları problemlər öyrənildi. Problemlərin həlli yolları onlara izah olundu. Ən böyük problem maddi imkansızlıq ucbatından müharibə vaxtı aldıqları stres-travmaların və xəsarətlərin daha da şiddətlənməsi ilə əlaqədar olaraq müalicə oluna bilməmələri, döyüşlərdə iştirakını təsdiq edən müharibə veteran vəsiqəsini ala bilməmələri və işsizlik idi. Müharibə veteranı vəsiqələrinin alınması üçün ilkin sənədlərin toplanmasında hüquqi məsləhətlər verildi. Müdafiə nazirliyinin Mərkəzi Arxivlər İdarəsinə və nazirliyin “Veteran adlarının və vəsiqələrin verilməsi” komissiyasına onların daxil olmuş ərizələrinin vaxtında cavablanması ücün təşkilat tərəfindən müraciətlər olunacağı bildirildi.
Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdirdilər.