Xəbərlər 16.09.2024 19:29 1320

Azərbaycan dünya dövlətlərini iqlim maliyyəsinin ədalətli bölgüsü ilə bağlı razılaşma əldə olunmasına çağırır - AÇIQLAMA

Təxminən XVIII əsrin ortalarında başlayan sənaye inqilabı atmosferə karbon qazı və digər istixana effekti yaradan qazların buraxılmasını artıraraq qlobal istiləşməyə səbəb oldu. Sonrakı əsrlər ərzində Avropa və Amerika ölkələri kənd, aqrar cəmiyyətlərdən sənaye, urbanizasiyaya keçərək, daha çox kömür və neftdən istifadə etməklə öz iqtisadiyyatlarını gücləndirdilər. Bu isə öz növbəsində dünyanı təhdid edən iqlim dəyişiklikləri, iqlim böhranı ilə nəticələndi.

 

QHT.az bildirir ki,  bunu AZƏRTAC-a açıqlamasında COP29 Təşkilat Komitəsinin üzvü, “Sağlamlığa Xidmət” İctimai Birliyinin İcraçı direktoru Pərvanə Vəliyeva deyib.

 

İqlim böhranını həll etmək üçün imkanlar pəncərəsinin getdikcə daraldığını deyən P.Vəliyeva fikirlərinə belə davam edib: “Dünya dövlətləri bunu dərk etməlidir. Hazırda orta qlobal temperaturun sənayedən əvvəlki dövrlərdən 1,2°C yuxarı olduğu təxmin edilir. Mövcud tendensiyalara əsasən, dünya növbəti iki onillikdə 1,5°C həddini, əsrin ikinci yarısında isə 2°C həddini keçə bilər. Qlobal istiləşməni 1,5°C-ə qədər məhdudlaşdırmaq hələ də çətinlik olaraq qalır. Bunu dünya dövlətləri tərəfindən qəbul ediləcək növbəti investisiya qərarları müəyyən edəcək. Yaşıl İqlim Fondu (GCF) (tarixi Paris Sazişinin kritik elementi) dünyanın ən böyük iqlim fondudur. Bu fond inkişaf etməkdə olan ölkələrə aşağı karbon emissiyasına nail olmaq, iqlimə davamlı yollara doğru Milli Müəyyənləşdirilmiş Töhfələri (NDC) artırmaq və həyata keçirmək üçün dəstəyin verilməsini şərt kimi irəli sürüb.

 

Bu il iqlim maliyyəsi üçün mühüm ildir. Bakıda keçiriləcək COP29-da təcili iqlim tədbirlərinin artan xərclərini həll etmək üçün tərəf ölkələr kritik qərarlar qəbul edəcəklər. Bu maliyyələşmə həm də mühüm siyasi məqamlar təqdim edir. Beynəlxalq iqlim cəmiyyəti aktorları inkişaf etmiş ölkələri qətiyyətli hərəkəti təmin etmək üçün birləşməyə çağırırlar.

COP29-a yaxınlaşdıqca inkişaf etmiş ölkələrin Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) üçün masaya nə gətirəcəyi – yeni hədəfin nə olacağını hər kəs səbirsizliklə gözləyir. Bu, ölkələrin indiyə qədər müzakirəsini apardıqları məsələ - inkişaf etməkdə olan ölkələrin şəffaflıq, hesabatlılıq və ictimai dəstək öhdəliyinin götürülməsi idi. İnkişaf etməkdə olan ölkələrə və iqlim dəyişikliyinin dağıdıcı təsirlərindən qeyri-mütənasib şəkildə əziyyət çəkən icmalara və insanlara kömək etmək təbii ki, bir çözüm yolu deyil. Maliyyə şəffaflığı mövcud bir çox mexanizmlərlə həyata keçirilir. Lakin maliyyə dəstəyinə çıxışın sadələşdirilməsi və genişləndirilməsi, onun əhatə dairəsinin maksimuma çatdırılması, hər şeydən əvvəl maliyyələşdirilən iqlim tədbirlərinin əziyyət çəkən şəxslərin ehtiyaclarına və prioritetlərinə uyğun olmasının təşviqini təmin etmək əsas prioritet olmalıdır”.

 

İqlim dəyişmələrinin fəsadlarının bu günlərdə Avropada özünü kəskin büruzə verdiyini bildirən P.Vəliyeva deyib: “Polşanın cənub-qərbində leysan yağışlarından sonra bənd partlayıb. Polşa səlahiyyətliləri xəbərdarlıq edirlər ki, bəndin pozulması yerli çaylar boyu yaşayış məntəqələri üçün ciddi təhlükə yaradır. Polşa ordusu və aviasiyası insanların xilas edilməsinə cəlb olunub.

 

Avstriyada isə onlarla rayon təbii fəlakət zonası elan edilib. Artıq bəzi yaşayış məntəqələrinə quru yolu ilə getmək mümkün deyil. Ölkə hakimiyyəti “yüz ildə bir dəfə baş verən seldən” danışır. Çexiyada 250 mindən çox ev işıqsız qalıb. Çexiya və Polşa sərhədində yerləşən bənddə vəziyyət kritik olaraq qalır. Opava şəhərindən minlərlə insan təxliyə edilməli olub. Almaniyada güclü leysanla müşayiət olunan tufanlardan sonra Bavariyanın cənub-şərqində daşqınlar baş verir. Qeyd olunanların fonunda iqlim dəyişmələrinin fəsadlarından əziyyət çəkən Avropa İttifaqının iqlim maliyyəsi barədə konsensusa gəlməsini artıq şərtləndirir.

Azərbaycan dünya dövlətlərini iqlim maliyyəsinin ədalətli bölgüsü ilə bağlı razılaşma əldə olunmasına çağırır. Qlobal problem olan iqlim dəyişikliyi və qlobal istiləşmənin qarşısı yalnız dünya dövlətlərinin həmrəyliyi və birgə səyi nəticəsində alına bilər. Ölkəmiz planetimizin qorunması üçün təşəbbüslər irəli sürür. Həmin müqəddəs missiyanı dövlətimizin layiqincə yerinə yetirəcəyinə əminik. Azərbaycanın uğurlu beynəlxalq siyasətini dünya ictimaiyyəti də yüksək qiymətləndirir”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı