Xəbərlər 30.09.2024 00:18 1955

Həzi Aslanovun xatirəsinə açıq cüdo turniri keçirilib  

Həzi Aslanovun xatirəsinə həsr olunan ənənəvi açıq cüdo turniri keçirilib  

 

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunlarının qvardiya general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi 40-cı açıq yubiley turnirinə yekun vurulub.
Sentyabrın 28-də  Azərbaycan Cüdo Federasiyası (ACF) və “Judo Club 2012” idman klubunun təşkilatçılığı ilə Lənkəranda  keçirilən turnirin açılış mərasimində Gənclər və İdman Nazirliyinin, Müdafiə Nazirliyinin, ACF-nin, Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran Astara-Regional Gənclər və İdman İdarəsinin rəsmiləri, “Azman Holdinq” şirkətinin və “Judo Club 2012”nin rəhbərləri, məşhur sərkərdənin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Lənkəran şəhər Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsi və Həzi Aslanovun adını daşıyan Xiyabanda generalın abidəsi önünə gül dəstələri qoyulub, sonra qəhrəmanın ev muzeyi ziyarət edilib. 
Açılış mərasimində Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Abdulla Qurbani, turnirin baş hakimi, “Judo Club 2012”nin idman direktoru, Olimpiya dərəcəli hakim Fariz Hüseynov, Gənclər və İdman Nazirliyinin idman səfiri, cüdo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Orxan Səfərov, ACF-nin baş katibinin müavini Kamran Talıbov, yarışların meneceri Ağayar Axundzadə ölkəmizdə idmanın, o cümlədən cüdonun inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə minnətdarlıq edib, idmançılara uğurlar arzulayıblar.
Turnirin əhəmiyyətini yüksək qiymətləndirən natiqlər bu yarışdan gələcəyin dünya, Avropa və Olimpiya çempionlarının çıxacağına əminliklərini ifadə ediblər.
Tanınmış sərkərdənin nəvəsi, polis general-mayoru Həzi Aslanov turnirin təşkilatçılarına, ACF rəhbərliyinə və ənənəvi yarışın yenidən bərpa olunmasında göstərdiyi təşəbbüsə görə “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərova minnətdarlığını bildirib.
Qeyd edilib ki, turnirin keçirilməsində əsas məqsəd gənclərə vətənpərvərlik hissi və döyüş ruhunu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini artırmaq, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirməkdir.
Möhtəşəm idman tədbirinin bədii hissəsindən sonra yarışlara start verilib.
Beynəlxalq Cüdo Federasiyasının təsdiq etdiyi qaydalara və ACF-nin reqlamentinə uyğun olaraq təşkil ediləcək ənənəvi yarışda 8 çəki dərəcəsi üzrə ölkəmizin 25-ə yaxın klubundan 120-dən çox 18 yaşadək ən güclü idmançısı (2008-2010-cu illər təvəllüdlü oğlanlar) gücünü sınayıb.
Respublika Kompleks İdman Mərkəzi (RKİM) 3 qızıl, 1 gümüş, 2 bürünc medalla birinci, “Judo Club 2012” klubu 2 qızıl, 2 bürünc medalla ikinci, “Sərhədçi” İdman Mərkəzinin komandası isə 1 dəst medalla üçüncü yerə sahib çıxıb.
Qaliblər diplom, medal və pul mükafatları ilə təltif olunublar.

 

Akif AĞAYEV


 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı