Xəbərlər 03.10.2024 15:41 3160

Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 31 il keçir
 

Azərbaycanın qlobal siyasət arenasında nüfuzlu lideri – Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 31 il keçir

Strateji və coğrafi cəhətdən əlverişli ərazidə yerləşən, Şərqlə Qərbi birləşdirən, mühüm tarixi ticarət yollarının keçdiyi, zəngin resurslara malik Azərbaycan tarixən işğalçıların hücumlarına məruz qalıb, talan edilmiş, dəfələrlə parçalanmışdır. Lakin elə bir gün gəldi ki, Azərbaycana da bir günəş doğdu, qaranlıq səması üzərindən qara buludları dağıtdı. O günəş ki, parlaq işıqları ilə Azərbaycan xalqının ümidinə çevrildi. O günəş – Azərbaycanın xilaskarı Ümummilli lider Heydər Əliyev idi.
 

Ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın formalaşmasında mühüm rol oynayan - ölkəmizi 1990-cı illərin əvvəllərində siyasi xaos və qeyri-sabitlikdən çıxaran milli xilaskarımızdır. 1993-cü il, oktyabrın 3-də Ulu Öndərin Prezident seçilməsi və rəhbərliyi ölkədə ictimai asayişin bərpa edilməsi, siyasi sabitliyin və təhlükəsizliyin tam təmin olunması ilə tarixdə yadda qaldı. Ulu Öndər hadisələrə praqmatik yanaşan, Azərbaycanın taleyini düzgün qiymətləndirən və uzunmüddətli uğurlu qərarlar qəbul edən bir siyasi lider idi. O, qlobal səviyyədə düşünən və beynəlxalq arenada tarazlaşdırılmış siyasət yürüdən lider olaraq, həm daxili, həm də xarici siyasətdə dərin biliklərə malik olmuş və milli maraqları hər zaman üstün tutmuşdur.
 

Ulu Öndər Azərbaycanın milli ideologiyasını - azərbaycançılıq məfkurəsini yaratmışdır. Bu ideologiya təkcə ölkə daxilində deyil, həm də dünyada yaşayan bütün azərbaycanlıları birləşdirən milli məfkurədir. Ulu Öndər, həmçinin nitq bacarığı ilə seçilən bir lider idi. Onun çıxışları dərin məntiqi, aydın və təsirli məzmunu ilə yadda qalan olmuşdur. O, öz fikirlərini cilalanmış şəkildə ifadə edərək auditoriya ilə uğurlu ünsiyyət qurma bacarığına malik idi. Milli və mənəvi dəyərlərə xüsusi önəm verən, dövlət müstəqilliyinin qorunması və gücləndirilməsi uğrunda mübarizə aparan bir lider idi. O, Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyinin möhkəmləndirilməsi yolunda böyük işlər görmüşdür.
 

Beynəlxalq arenada uğurlu diplomatiya ilə Ulu Öndərin gördüyü işlər sayəsində Azərbaycanın beynəlxalq aləmdə mövqeyini gücləndirilmişdir. O, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmış, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli üçün ciddi səylər göstərmişdir. Heydər Əliyevin diplomatik uğurları Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirmiş və ölkənin nüfuzunu artırmışdır.
 

Əzmkar və qətiyyətli lider Heydər Əliyev çətin anlarda milli mənafeləri qorumaq üçün öz iradəsi və uzaqgörənliyi, xüsusilə neft strategiyasının həyata keçirilməsində mühüm rol oynamışdır. Heydər Əliyevin iqtisadi siyasəti ölkəyə böyük investisiya axınını stimullaşdırmış və Azərbaycanın beynəlxalq iqtisadi sistemdəki yerini müəyyənləşdirmişdir. Onun neft strategiyası sayəsində 30 il öncə "Əsrin müqaviləsi" imzalanmış, bu da Azərbaycanın enerji sektorunda mühüm nailiyyətlərə səbəb olmuşdur. Bu strategiya Azərbaycanın iqtisadi inkişafının əsas dayaqlarından biri olmuşdur. Heydər Əliyev Azərbaycanın müasir hüquqi və demokratik dövlət kimi qurulmasında və inkişafında mühüm rol oynamışdır. Onun rəhbərliyi ilə Konstitusiya qəbul edilmiş, vətəndaş hüquqları və azadlıqları təmin olunmuş, demokratik islahatlar həyata keçirilmişdir. O, ölkəni iqtisadi tərəqqi yoluna çıxarmış, dayanıqlı inkişaf modeli yaratmış və Azərbaycanın strateji maraqlarını beynəlxalq səviyyədə müdafiə etmişdir.
 

Ulu Öndərin yürütdüyü uğurlu siyasi rəhbərliyi cənab Prezident İlham Əliyev müvəffəqiyyətli davam etdirir. Bugün Azərbaycan xalqı hamılıqla liderinə inanır və arxalanır, çünki 30 il sonra ata vəsiyyətini yerinə yetirən Ali Baş Komandan milyonlarla azərbaycanlını öz doğma ata-baba yurduna qaytardı, ölkəmizin qanayan yarası – Qarabağ işğaldan azad edildi, həsrətə son qoyuldu. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi məhz qətiyyətli və əzmkar lider – cənab İlham Əliyevin uğurlu hərbi və siyasi rəhbərliyi altında təmin edildi. Azərbaycan xalqı liderinin ətrafında bir yumruq kimi birləşdi və özünün də dediyi kimi “Dəmir yumruq təkcə güc deyil, bu, həm də birlik deməkdir”. Ulu Öndərin varisi, dünya hərb tarixinə torpaqları geri qaytaran lider kimi adını yazdırmış cənab Prezident İlham Əliyev Azərbaycan xalqının dayaq nöqtəsi və güvən mənbəyidir.

Milli Məclisin deputatı
Pərvanə Vəliyeva

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı