"Poçt xidmətləri universal olmalıdır" - Professor Elşad Məmmədov
Hər il oktyabrın 9-u, Ümumdünya Poçt İttifaqının (BPI) yaranması günü kimi qeyd olunur. Bu gün, 1874-cü ildən etibarən müxtəlif ölkələr arasında poçt xidmətlərinin standartlaşdırılması və inkişafı məqsədilə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulamaq üçün qeyd edilir. BPI, dünya miqyasında poçt mübadiləsini asanlaşdıran və müasir poçt sistemlərinin inkişafına dəstək verən bir təşkilatdır.
Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov QHT.az-a özəl açıqlamasında 9 oktyabr Ümumdünya Poçt İttifaqının yaranması günü ilə bağlı fikirlərini bölüşüb. O, poçt sahəsində uzun müddət çalışmış bir mütəxəssis olaraq, elektronlaşma və rəqəmsallaşmanın artdığı dövrdə ənənəvi poçt xidmətlərinin vacibliyini vurğulayıb. Professor qeyd edib ki, dövlət poçt operatorları üçün müvafiq dövlət dəstəyinin verilməsi labüddür. "Bir çox ölkələrdə dövlət poçt müəssisələri yeni xidmətləri reallaşdırmağa çalışır. Azərbaycanda da Azərpoçt, telefon ödənişləri kimi xidmətlər vasitəsilə əhəmiyyətli gəlirlər əldə edib," - deyə o bildirib.
O, həmçinin poçt xidmətlərinin yalnız mənfəət məqsədilə deyil, eyni zamanda sosial funksiyaları ilə də əhəmiyyətli olduğunu vurğulayıb. "Vacib sənədlərin çatdırılması iqtisadi cəhətdən mənfəət verməsə də, yenə də həyata keçirilməlidir," - deyə professor əlavə edib.
Elşad Məmmədov, Azərpoçtun marketinq fəaliyyətlərini təkmilləşdirməsi və bazardakı çağırışlara uyğun menecment qurması gərəkliyini də qeyd edib. "Dövlət dəstəyi olmaqla yanaşı, poçt müəssisələrinin öz iqtisadi imkanlarını gücləndirməsi vacibdir," - deyə professor sözlərini tamamlayıb.
Pərvanə Fərhadqızı
QHT.az