Xəbərlər 24.10.2024 16:00 1716

Pərvanə Vəliyeva: "Deportasiyalar zamanı azərbaycanlıların qeyri-insani rəftara məruz qalması tarixi bir faciədir"

Milli Məclisin deputatı Pərvanə Vəliyeva Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən keçirilən  “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsinin yekun tədbirində çıxış edərək, bu mövzunun tarixi əhəmiyyətini və vətəndaş cəmiyyəti ilə parlamentarilərin əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıb. O, deportasiya məsələlərinə toxunaraq, Azərbaycan xalqının keçmişdə yaşadığı çətinlikləri beynəlxalq hüquq konvensiyalarına zidd hesab edib:
"Biz Qərbi azərbaycanlılar XX əsrdə dörd dəfə deportasiyaya məruz qalmışıq. Bu, BMT-nin İnsan Hüquqları üzrə Konvensiyası, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt və Milli azlıqlar üzrə konvensiyaların tələblərinə ziddir. Bu deportasiyalar zamanı insanların qeyri-insani rəftara məruz qalması tarixi bir faciədir."
Pərvanə Vəliyeva, həmçinin, Azərbaycan xalqının mədəni irsinin məhv edilməsi faktlarına diqqət çəkərək, beynəlxalq qurumların, xüsusilə UNESCO-nun bu sahədə daha fəal olmasını tələb edib:
"Biz Ermənistan tərəfindən sistematik şəkildə məhv edilən mədəni irsimizin beynəlxalq səviyyədə tanınmasını istəyirik. UNESCO-nun texniki missiya göndərərək bu məhv edilən irsin təsbit edilməsi və beynəlxalq hesabatlara daxil edilməsi çox vacibdir."

Deputat gənclərin bu mövzuda əhəmiyyətli rol oynadığını və Qərbi Azərbaycan həqiqətlərini gələcək nəsillərə çatdırmağın zəruriliyini vurğulayıb:
"Gənclərimiz bu işlərdə fəal iştirak etməli, tariximizi və mədəni irsimizi qorumaq və gələcək nəsillərə ötürmək işini öz üzərlərinə götürməlidirlər. Videoçarxın ingilis dilində olması da beynəlxalq platformalarda bu faktları sübut kimi təqdim etmək üçün çox mühüm bir addımdır."
Pərvanə Vəliyeva gələcəkdə vətəndaş cəmiyyəti ilə əməkdaşlığın daha da güclənəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, oktyabrın 24-də Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsinin yekun tədbiri keçirilib.
Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan layihə çərçivəsində “www.qerbiazerbaycanirsi.az” (“www.westernazheritage.com”) elektron bazasının və “Danışır tarix” filminin təqdimatı olub.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı