Xəbərlər 28.10.2024 08:45 1789

Sona Hacıyeva: “Vətənin hər qarışını qorumaq üçün ömrümüzü belə verməyə hazırıq"

Azərbaycan Vərəm Əleyhinə Koalisiyasının üzvü, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin koordinatoru Sona Hacıyeva "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin təşkil etdiyi "Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi" layihəsinin yekun tədbirində ölkəmizin mədəni və tarixi irsinin bərpasına və bu sahədə çalışanların əməyinə böyük dəyər verib. QHT.az xəbər verir ki, o, Azərbaycanla bağlı hər layihənin həm xalqımızın milli kimliyini qorumaq, həm də tariximizin incəliklərini gələcək nəsillərə çatdırmaq üçün mühüm bir addım olduğunu qeyd edib.

“Ayağa durdum, niyə? Bir yerdə ki, Azərbaycandan söhbət gedir. Məmməd Araz gözəl şairimiz demişkən, Azərbaycan deyəndə ayağa dur ki, ana yurdun ürəyinə toxuna bilər,” - deyə S.Hacıyeva bildirib. O, Azərbaycanın çoxsaylı yaralar aldığını, lakin bu yaraların sağalması istiqamətində işlərin görüldüyünü vurğulayıb. O, layihə iştirakçılarına, xüsusən də təşkilatçı olan Cəsarət Hüseyinzadəyə təşəkkür edib.

Sona Hacıyeva, Cəsarət Hüseyinzadənin əməkdaşlıq etdiyi layihələrdə hər zaman səmimi və mənalı iş gördüyünü, onun dəyərli töhfələrinin layihələrə əlavə güc qatdığını vurğulayıb: “Biz bir koalisiya üzvü olaraq bir yerdəyik və mən həmişə bu qənaətdə olmuşam ki, harada Cəsarət Hüseyinzadə var, orda sözə dəyər var, orda sözə qiymət var. Orda işin qiyməti var və orda işin mahiyyəti ortalığa çıxır.”

Azərbaycan Vərəm Əleyhinə Koalisiyasının üzvləri və Azərbaycan Qızıl Aypara Cəmiyyəti adından bu layihədə əmək sərf edən hər kəsə minnətdarlığını ifadə edən S.Hacıyeva, vətənpərvərlik ruhunun hər bir layihədə önəmli rol oynadığını və ölkənin hər qarışı uğrunda fədakarlıq göstərilməyə hazır olduğunu bildirib: “Bir Vətənə bağlı insan kimi, Vətənin hər qarışından ötrü, hətta ömrünü belə verməyə hazır olan bir adam kimi Sizə dərin minnətdarlıq edirəm,” - deyə çıxışını yekunlaşdırıb.

Qeyd edək ki, oktyabrın 24-də Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsinin yekun tədbiri keçirilib. Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan layihə çərçivəsində “qerbiazerbaycanirsi.az” (“westernazheritage.com”) elektron bazasının və “Danışır tarix” filminin təqdimatı olub.

 

 

Pərvanə Fərhadqızı

QHT.az

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı