Xəbərlər 04.11.2024 07:40 1686

"Vətən uğrunda şəhid olan oğullarımızı daim anmaq borcumuzdur" - QHT sədri / FOTOLAR

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Miqdad Abduləlimovun xatirəsinə həsr edilmiş genişmiqyaslı anma tədbiri keçirilib.

"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova QHT.az-a açıqlamasında qeyd edib ki, 28 oktyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən şəhadətə ucalan oğlu Miqdad Abduləlimovun dəfn mərasimi oktyabrın 29-da baş tutub. Şəhidin qəhrəmanlığı və xatirəsini yaşatmaq üçün Quba Azərbaycan Dövlət Universitetinin filialında təşkil edilən tədbirdə şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq xüsusi proqram təqdim edilib. Tədbirdə dövlət qurumları, yerli icra hakimiyyəti, deputat nümayəndələri, Dövlət Təhlükəsizlik Xidməti (DTX) təmsilçiləri, Miqdadın komandirləri, müəllimləri və sinif yoldaşları iştirak ediblər. Onun haqqında xatirələr bölüşülüb, vətənpərvərlik ruhunda çıxışlar edilib və Azərbaycan bayrağı tədbirə gətirilib, ehsan süfrəsi verilib.

Tünzalə Abduləlimova bildirib ki, tədbirin əsas məqsədi Vətən uğrunda canını fəda edən övladlarımızın adını yaşatmaq və onların ailələrinə mənəvi dəstək olmaqdır. Şəhid ailələrinə verilən dəstəklə bağlı fikirlərini bölüşərək qeyd edib ki, "Vətən Naminə" təşkilatı Vətən uğrunda şəhid olmuş övladlarımızın ailələrini tək qoymur, onların xatirəsini daim yaşadır və müxtəlif tədbirlərlə onları anır. "Hər bir şəhid ailəsi bizim üçün əzizdir və onların yanındayıq. Bu, bizim Vətən qarşısında borcumuzdur," – deyə T.Abduləlimova vurğulayıb. Eyni zamanda, o, tədbirin təşkilindəki dəstəyə görə Quba Azərbaycan Dövlət Universitetinin Yusif Alıyevəyə təşəkkür etdiyini bildirib.

Miqdad Abduləlimovun göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Bu mükafatlar, şəhidimizin fədakarlığının və döyüş yolunun əhəmiyyətini göstərir və onun adının daim yüksək tutulmasını təmin edir.

QHT sədri sonda qeyd edib ki, "Vətən Naminə" təşkilatı 44 günlük Vətən müharibəsində şəhid olan bütün övladların xatirəsinə həsr edilmiş tədbirlərdə fəal iştirak edir və bu istiqamətdə fəaliyyətlərini genişləndirir. Təşkilatın məqsədi, şəhidlərimizin adlarını yaşatmaq, onların ailələrinə dəstək olmaq və gələcək nəsillərə vətənpərvərlik ruhunu aşılamaqdır.

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı