Xəbərlər 25.11.2024 12:30 392

QHT sədri ilə MÜSAHİBƏ: Neftçalada qadınların sosial inkişafı üçün yeni addımlar

Neftçalada qadınların sosial inkişafına dəstək olmaq məqsədilə müxtəlif təşəbbüsləri ilə tanınan “Neftçalada Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə ilə bu günki müsahibəmizdə, qadınların sosial vəziyyətini yaxşılaşdırmaq və onların hüquqlarını müdafiə etmək sahəsində həyata keçirilən layihələr və gələcək planlar haqqında danışacağıq.

 

QHT.az: Neftçalada qadınların sosial vəziyyətini daha da yaxşılaşdırmaq üçün gələcəkdə hansı planlarınız var?

Gülqədəm Mirzəzadə: 2016-cı ildən Neftçalada qadınların sosial inkişafına dəstək vermək məqsədilə onların peşə təlimlərində iştirakını təmin edirik və öyrəndikləri peşəyə uyğun olaraq onları avadanlıqla təmin edirik. Bu yolla qadınların maddi təminatının və sosial rifahının yaxşılaşmasını müşahidə edirik. Nəticədə fəaliyyətlərimizi daha da genişləndirməyi qərara almışıq. Hal-hazırda ictimaiyyətə açıqlamadığımız dayanıqlı dəstək proqramı üzərində çalışırıq. Bu proqramın tərkibində yeni iş yerləri açmaq, həmçinin məişət zorakılığından əziyyət çəkən və gender əsaslı zorakılıqdan xilas olmuş qadınlara peşə öyrətmək və onların sahibkarlıq yolunda inkişafına dəstək vermək təşəbbüslərimiz var. İlk addım olaraq çörək və şirniyyat bişirmə sexinin istifadəyə verilməsi üçün təmir işləri sona çatmaq üzrədir.

 

QHT.az: Qadınların öz hüquqlarını bilməsi və özlərinə inamını artırması üçün hansı tövsiyələri verərdiniz?

Gülqədəm Mirzəzadə: Hüquqlar insan dünyaya gəlməzdən əvvəl yaranır və bu hüquqları bilmək hər bir insana güc verir. Hüquqlarını bilən insanın həyatın çətinliklərini daha asan dəf edə biləcəyini müşahidə etmişik. Bizim fəaliyyətimizin ayrılmaz hissəsi olan ödənişsiz hüquqi xidmətlər 2021-ci ildən davam edir və bu müddət ərzində bir çox qadın hüquqi məlumatlarla tanış olub. Eyni zamanda, hər il 16 günlük Fəallıq Kampaniyasına qoşularaq, maarifləndirmə işləri aparırıq. Müşahidələr göstərir ki, ucqar kəndlərimizdə yaşayan qadınlar öz hüquqlarını az bilir, hətta onlar Dövlət Dəstəyi Proqramlarından az məlumatlıdırlar. Onları hüquqları ilə yanaşı həm də Dövlətin sosial rifahın yaxşılaşması istiqamətində Qərarları ilə də tanış edirik.  Bu baxımdan tövsiyyəm yalnız maarifləndirmədir. Hər bir ziyalının təkcə öz vəzifə borcunu deyil, həm də mənəvi öhdəliyini yerinə yetirərək ətrafındakı həssas qrupa aid insanlar arasında maarifləndirmə aparması vacibdir. Eyni zamanda, Bələdiyyələrin də nəzdində ödənişsiz hüquqi xidmət göstərilməsi,  maarifləndirmə üçün bir vasitə hesab oluna bilər.

 

QHT.az: Qadınların ictimai həyatdakı iştirakını artırmaq üçün hansı dəstək mexanizmləri yaradıla bilər?

Gülqədəm Mirzəzadə: Qadınların cəmiyyətdəki stereotiplər, hüquqi biliklərinin az olması və ev qayğılarının çoxluğu səbəbindən ictimai fəaliyyətə daha az vaxt ayırması müşahidə edilir. Buna görə qadınların ictimai həyatda iştirakını artırmaq üçün uyğun mühitin yaradılması və onların müxtəlif sahələrdə təmsilçiliyinin təmin edilməsi lazımdır. Fəal qadınlar arasında dayanıqlı kommunikasiya qurulmalı və bu kommunikasiya nümunə olaraq cəmiyyətə ötürülməlidir. Həmçinin, qadınların əmək bazarına cəlb edilməsi və onların məşğulluğunun artırılması üçün güzəştlər tətbiq edilməlidir. Bu, qadınların ictimai həyatda daha aktiv iştirak etməsinə və müsbət vərdişlərin formalaşmasına şərait yaradacaq.

 

QHT.az: Gələcəkdə bu təşəbbüslərinizin genişlənməsi üçün hansı dəstək mexanizmlərini görürsünüz?

Gülqədəm Mirzəzadə: Gələcəkdə bu təşəbbüslərin genişlənməsi üçün yerli icmalarla əməkdaşlıq, qadınların iqtisadi gücünün artırılması məqsədilə dövlət dəstəyi və özəl sektorun da müsbət töhfələri böyük əhəmiyyət daşıyır. Ayrıca, qadınların sosial təminatını gücləndirmək və onları daha çox özünəməşğulluq sahələrinə cəlb etmək məqsədilə həm hüquqi, həm də iqtisadi sahədə daha çox əməkdaşlıq imkanları yaradılmalıdır.

 

QHT.az olaraq Gülqədəm Mirzəzadəyə, Neftçalada qadınların sosial inkişafına yönəlmiş fəaliyyətləri və gələcək planları haqqında bizə dəyərli məlumat verdiyi üçün təşəkkür edirik. Onun rəhbərlik etdiyi birliyin bu istiqamətdəki təşəbbüsləri, yerli icmaların rifahını artırmaq və qadınların hüquqlarını gücləndirmək üçün böyük əhəmiyyət kəsb edir.

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı