Xəbərlər 03.12.2024 15:20 294

“Həssas qrupların müdafiəsi hər birimizin vəzifəsidir” - Cəmilə Çingizqızı ilə MÜSAHİBƏ

Hər il dekabrın 3-ü dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd edilir. Bu xüsusi tarix, cəmiyyətdə həssas qrupların hüquqlarını qorumaq, onlara bərabər imkanlar yaratmaq və sosial inteqrasiyanı təşviq etmək üçün mühüm bir platformadır. Bu mövzuda fikirlərini bölüşmək üçün “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin rəhbəri Cəmilə Çingizqızı ilə söhbət etdik. O, həm aktual problemləri, həm də həll yollarını diqqətə çatdıraraq əlilliyi olan şəxslərə daha dəstək olmaq üçün görülməsi vacib olan tədbirləri vurğuladı.

 

QHT.az: Sizcə, Beynəlxalq Əlillər Günü əlilliyi olan şəxslərin problemlərinin cəmiyyətə çatdırılmasında hansı rolu oynayır?

Cəmilə Çingizqızı: 3 dekabr Beynəlxalq Əlillər Günü, cəmiyyətin diqqətini əlilliyi olan şəxslərin hüquqlarının qorunması, bərabər imkanların yaradılması və sosial inteqrasiya məsələlərinə yönəltmək üçün mühüm bir fürsətdir. Bu gün, həssas əhali qrupuna dəstək göstərmək və onların ehtiyaclarına daha çox diqqət ayrılması baxımından önəmlidir. Cəmiyyətimizdə hər kəsin bərabər hüquqlara malik olduğunu və onların reallaşdırılması üçün konkret addımlar atılmalı olduğunu vurğulamaq üçün bu günün qeyd olunması əhəmiyyətlidir. Ümumdünya səhiyyə təşkilatının məlumatına görə dünya əhalisinin hər 5 nəfərdən biri eşitmə məhdudiyyətlidir. Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən Azərbaycanda 12360 nəfər eşitmə məhdudiyyətli şəxs var. 

 

QHT.az: Ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi və inteqrasiyası sahəsində mövcud vəziyyəti necə dəyərləndirirsiniz?

Cəmilə Çingizqızı: Ölkəmizdə bu sahədə mühüm tədbirlər həyata keçirilir və əlilliyi olan şəxslər dövlətimizin daim qayğısı ilə əhatə olunurlar. Lakin buna baxmayaraq, bəzi problemlər hələ də mövcuddur. Məsələn, eşitmə və nitq məhdudiyyətli şəxslərin gündəlik həyatlarında qarşılaşdığı çətinlikləri azaltmaq üçün daha təsirli tədbirlər görülməsinə ehtiyac var. Xüsusən işarə dili tərcüməçilərinin xidmətlərinin genişləndirilməsi, təhsil və iş imkanlarının artırılması kimi istiqamətlərdə daha çox iş görülməlidir.

 

QHT.az: Əlilliyi olan şəxslərin hüquqlarının qorunması və bərabər imkanların təmin edilməsi üçün hansı əlavə tədbirlərin görülməsini zəruri hesab edirsiniz?

Cəmilə Çingizqızı: İlk növbədə, dövlət və özəl sektorda xidmətlərin işarə dili tərcüməçiləri vasitəsilə əlçatan olması təmin edilməlidir. Dövlət televiziyasında və ictimai tədbirlərdə işarə dili tərcüməçilərinin iştirakı məcburi qaydada təmin edilməlidir. Təhsil sahəsində eşitmə məhdudiyyətli şəxslər üçün inklüziv proqramların genişləndirilməsi və müasir texnologiyalarla təminat artırılmalıdır. Bundan əlavə, əmək bazarında bərabər imkanların təmin edilməsi, peşə təlimlərinin təşkili və işəgötürənlər üçün təşviq mexanizmlərinin yaradılması zəruridir.

 

QHT.az: İctimai Birliyiniz qarşıdakı dövr üçün hansı prioritet layihələr üzərində çalışır?

Cəmilə Çingizqızı: Biz eşitmə və nitq məhdudiyyətli şəxslərin hüquqlarının müdafiəsi, onların sosial inteqrasiyası və həyat şəraitinin yaxşılaşdırılması üçün müxtəlif layihələr üzərində çalışırıq. Gələcəkdə işarə dili kurslarının təşkil olunması, inklüziv təhsil proqramlarının inkişaf etdirilməsi və cəmiyyətin maarifləndirilməsi istiqamətində kampaniyaların həyata keçirilməsi prioritetlərimiz sırasındadır. Məqsədimiz bu şəxslərin cəmiyyətimizin ayrılmaz bir hissəsi olduğunu daha geniş kütləyə çatdırmaqdır.

 

QHT.az: Son olaraq, Beynəlxalq Əlillər Günü ilə bağlı nə demək istərdiniz?

Cəmilə Çingizqızı: Eşitmə və nitq məhdudiyyətli şəxslər cəmiyyətimizin ayrılmaz hissəsidir. Onların hüquqlarının qorunması və bərabər imkanlarla təmin edilməsi hər birimizin borcudur. Beynəlxalq Əlillər Günü, empatiya və həmrəylik ruhunun güclənməsi üçün gözəl bir fürsətdir. Azərbaycan cəmiyyəti birlikdə daha güclüdür!

 

QHT.az: Dəyərli fikirləriniz üçün təşəkkür edirik!

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı