Xəbərlər 06.12.2024 09:56 256

Azərbaycanın iqtisadiyyatının regional perspektivləri - Professorun AÇIQLAMALARI

Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov dünya iqtisadiyyatının dolların hegemonluğuna söykənən qlobal sistemin ciddi tənəzzüllə üzləşdiyini qeyd edərək, regional iqtisadi əlaqələrin dərinləşməsinin vacibliyini vurğulayıb. E.Məmmədov Azərbaycanın regional iqtisadi layihələrə üstünlük verərək, ikitərəfli formatda xarici ticarət tərəfdaşları ilə əlaqələrini gücləndirməsinin müsbət nəticələr verdiyini bildirib.

QHT.az xəbər verir ki, professor iqtisadi siyasətin mürəkkəb olduğunu, hər bir ölkənin bu siyasətdə müəyyən problemlərlə üzləşdiyini, lakin Azərbaycanın iqtisadi siyasətinin daha da optimallaşdırılmasına ehtiyac olduğunu qeyd edib. O, xüsusilə investisiya mühitinin inkişafının vacibliyini və bu sahəyə daha aktiv yanaşılmasının zəruriliyini vurğulayıb. Həmçinin, bank sektoru və özəl investisiyaların hələ tam şəkildə çağırışlara cavab vermədiyini bildirib.

E.Məmmədov deyib: "Bir valyutanın dolların hegemonluğuna söykənən qlobal sistem çox ciddi tənəzzüllə üz-üzə qalıb. Bu gün regionlaşma, regional iqtisadi əlaqələrin dərinləşməsi prioritetə çevrilir. Bu baxımdan Azərbaycanın da regional iqtisadi layihələrə üstünlük verməsi və ikitərəfli formatda digər əsas xarici ticarət tərəfdaşlarımızla əlaqələrinin qurulması müsbət nəticələr verir. İqtisadi siyasət o qədər mürəkkəbdir ki, heç bir ölkədə ideal iqtisadi siyasət yoxdur. Bizdə də iqtisadi siyasət nöqteyi nəzərdən bir sıra problemli istiqamətlər mövcuddur. İlk növbədə, investisiya mühitinin inkişafı ilə bağlı çağırışları qeyd etmək istəyirəm. Burada bu sektorun daha aktiv şəkildə investisiya impulslarına qoşulmasına ehtiyac var. Təəssüf ki, bank sektoru və özəl investisiyalar hələ tam şəkildə müvafiq çağırışlara cavab vermir. Mən düşünürəm ki, həm bank sektorunun, həm də hökumətin iqtisadi blokunun yaxın müddətli perspektivdə prioritet fəaliyyət istiqamətlərindən biri məhz investisiyaların kəskin şəkildə artırılmasından ibarət olmalıdır. Çünki bu, dayanıqlı iqtisadi artımın zəminidir. Beynəlxalq təcrübəyə əsaslanaraq da bunu bildirə bilərik ki, investisiyaların artımı və xüsusilə yüksək texnoloji, innovativ tutumlu sahələrə investisiyaların artırılması iqtisadi inkişafın dayanıqlılığının bünövrəsidir. Bu baxımdan, mənə elə gəlir ki, bu çağırışlar adekvat şəkildə cavablandırılmalıdır".

Professor həmçinin, iqtisadiyyatın daha da diversifikasiyası və innovasiya yönümlü sektorlara yatırımın artırılması ilə əlaqədar önəmli mesajlar verib.

 

Pərvanə Fərhadqızı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı