Həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının müzakirəsi: Elmi-praktiki kommentariya təqdim edildi/ FOTOLAR
Bu gün Hüquq və İnsan Haqları İnstitutunda Azərbaycan Respublikasının “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanununa dair hazırlanmış elmi-praktiki kommentariya layihəsinin müzakirəsi məqsədilə dəyirmi masa keçirilib. Tədbir 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş və Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin (HEQT Mərkəzi) və Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə baş tutdu.
QHT.az xəbər verir ki, dəyirmi masada həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının qorunması, bu sahədə qanunvericilikdə mövcud olan boşluqların aradan qaldırılması və təkmilləşdirilməsi istiqamətində həll yolları müzakirə olunub. Tədbir iştirakçıları hüquq mühafizə orqanları ilə vətəndaşlar arasında sağlam dialoqun qurulması məsələlərini də diqqət mərkəzinə gətiriblər.
Hüquq və İnsan Haqları İnstitutunun inzibati binasında baş tutan tədbirdə Azərbaycan Respublikasının Prezidentinin Administrasiyası, Milli Məclis, Baş Prokurorluq, Konstitusiya Məhkəməsi, Nəsimi Rayon Məhkəməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsi, Məhkəmə-Hüquq Şurası, Vəkillər Kollegiyası və onun Akademiyasının nümayəndələri iştirak ediblər. Tədbirdə, həmçinin, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, DİN Polis Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası və Dövlət İdarəçilik Akademiyasının hüquq fakültələrinin rəhbərləri də yer alıblar.
Tədbirin açılışında Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva və Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxış edərək qanunvericiliyin təkmilləşdirilməsi və insan hüquqlarının təmin edilməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar. Tədbir nəticəsində həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə tövsiyələr hazırlanıb. İştirakçılar qeyd ediblər ki, bu kimi müzakirələr qanunvericilik islahatlarına və insan hüquqlarının qorunmasına mühüm töhfə verir. Hüquq və İnsan Haqları İnstitutu və Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi bu sahədə işlərin davam etdiriləcəyini bildirib.
Daha ətraflı məlumatı və müzakirələrin nəticələrini bir azdan paylaşacağıq. Bizi izləməyə davam edin!
Pərvanə Fərhadqızı
QHT.az