Xəbərlər 09.12.2024 00:25 419

Beyləqanın tarixi: Örənqala şəhər yeri- QHT sədri yazır / FOTOLAR

Azərbaycan ən qədim və zəngin tarixə malik olan rayonlarından biri Beyləqan rayonudur. Rayon Mil düzü rayonları qrupuna və Orta Kür iqtisadi rayonuna daxildir. Coğrafi koorinantları N 39°46′09′′ E 47°36′56′′ dairəsində yerləşir.

Sovet dövründə rayon kimi 1939-cu ildə yaradılmış və inqilabçı Andrey Jdanovun adı ilə Jdanov rayonu adlandırılmışdır. Lakin 1989-cu il Nazirlər sovetinin qərarı ilə tarixi Beyləqan adına geri qaytarılmışdır. Rayonun ərazisi İran İslam Respublikası, Ağcəbədi, Fizuli, İmişli rayonları ilə həmsərhəddə yerləşir. Beyləqanın tarixi adı ərəb və sasani mənbələrində Balasaka, Balasaqun, Paytakaran və nəhayət Beyləqan kimi keçir. Y. Paxamov və S. T Yeremyan Paytakaranın və Beyləqanın eyni şəhər olduğunu yazmışlar. IV əsrin ortalarına aid hadisələrlə əlaqədar olaraq mənbələrdə bu şəhərin adı əsasən Paytakar kimi yazılır. Bu toponimin mənşəyi haqqında çox yazılır və mübahisə obyekti olaraq da qalmaqdadır. Q. Kapanısyan belə bir fikir irəli sürmüşdür ki, Paytakaran e.ə VII əsrdə kimmerlərin Ön Asiyaya hərəkəti ilə əlaqədar Kiçik Asiyadan şimala çəkilən palay adlı tayfanın adından və qədim fars dilindəki kara-ördü xalq sözündən ibarətdir. Bunu sonralar İqrar Əliyev də dəstəkləmiş və bu fikirdə olduğunu söyləmişdir. Qafqaz Albaniyası dövründə Paytakaran (Kaspiana) vilayətində formalaşmış Beyləqan sonradan böyük bir şəhərə çevrilmişdir.

Beyləqanda ilkin arxeoloji qazıntı işlərini XX əsrin 40-cı illərində İ.İ Meşşaninov, Ə.K. Ələkbərov, Q.M Əhmədov və başqaları aparmışdır. Lakin əsaslı arxeoloji qazıntılar 1953-cü ildən başladılmışdır. Rayondan tunc dövründən başlayaraq orta əsr şəhər yeri qalıqlarının ən gözəl nümunələrinə rast gəlmək olar. Aşağı Çəmənli kəndi yaxınlığında yeddi təpədən ibarət ilk tunc dövrünə aid Çardaqlı abidələri qədim yaşaşayış yerindən tapılmış müxtəlif saxsı və tuncdan hazırlanmış əmək alətləri əhalinin oturaq həyat sürüb əkinçilik və maldarlığla məşğul olduğunu sübut edir. İkinci Aşıqlı kəndi ərazisindən e.ə VII-V əsrlərə aid qəbristanlığdan tapılan maddi mədəni nümunələr isə əhalini yarımköçəri həyat sürdüyü, əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olduğunu göstərən ən bariz nümunələrdir. Təxminən 3 m dərinlikdən açılmış qəbirlərdən insan sümükləri, dəmir bıçaq, dəhrə, xəncər, tunc düymələr, bülöv daşı, qara və boz rəngli təkqulp kuboklar və.s maddi mədəniyyət nümunələri yüksək ustalıqla hazırlanmışdır.

Kəbirli kəndi yaxınlığında Örənqala adlanan V əsrdə sasani şahı I-ci Qubad tərəfindən salınmış qədim şəhər xarabalıqları qala divarları, qala darvazaları və yaşayış binalarından ibarətdir. Q. Əhmədov burada genişmiqyaslı arxeoloji qazıntı işləri apararaq aşkar etdiyi saxsı qab üzərində ərəb əlifbası ilə yazılmış Beyləqan sözünün rayonun adının Beyləqan olduğunu bir daha sübut etmişdir. Örənqalanın ətrafına 6 m., enində möhtəşəm qala divarları tikilmişdir. Orta əsrlərdə qala divarları şəhərin müdafiyəsini təşkil edən ən önəmli vasitə idi. Qala divarları xüsusəndə düzən ərazidə yerləşən şəhərlər üçün daha səciyyəvi idi. Beyləqanda isə şəhərin qala divarlarından içəridə olan sahəsi 40 hektara yaxın idi.

Örənqalanı arxeoloqlar elmi ədəbiyyatda iki hissədən ibarət şəhər kimi adlandırmışdılar ki bu da "Böyük" və "Kiçik" şəhər adı ilə tanınır. Hər iki hissədə arxeoloji qazıntılar aparmış arxeoloqlar belə bir nəticəyə gəlmişdilər ki, aşkar edilmiş mədəni təbəqə və tikili qalıqları bunları bir birindən heçdə fərqləndirmir. Yaşayışın XIII əsrə qədər ara kəsilmədən mövcud olmuş Beyləqanda əsas tikinti vasitələri kimi çiy və bişmiş kərpicdən istifadə olunmuşdur. Həmin materiallatdan istifadə etməklə 2 dəfə VII- əsrlərdə və IX-X əsrlərdə qala divarı çəkilmişdir.

Qala divarlarının hündürlüyü 8-10 m olmuş, müxtəlif ölçülü çiy kərpicdən tikilmişdir. Qala divarlarının salamat qalan hissəsi 3.5 m-ə çatır. Divarların 1-m-ə qədər torpaqdan bünövrəsi olmuşdur. Bünövrənin eni isə 6m-ə qədərdir. Divarları içəri və bayır tərəfdən 3-7 sm-ə qədər samanlı palçıqla suvanmışdır. Qala bürcləri uzunsov və yarımdairəvi şəkildə olmuşdur. Burada aparılan arxeoloji qazıntılar zamanı şəhər iqtisadiyyatının və sənətkarlıq istehsalının yüksək səviyyəsini təsdiq edən xeyli materiallar əldə olunmuşdur. Qala divarları içərisində metalişləmə, dulusçuluq, toxuculuq, dabbaqlıq, şüşə istehsalı, daşişləmə, ipəkçilik və digər sahələrə məxsus maddi mədəniyyət nümunələri eyni zamanda istehsalat ocaqları və əmək alətləri tapılmışdır. Məsud ibn Namdar XII əsrdə Beyləqanda dəmirçi, bənna, toxucu, zərgər kimi sənətkarların yaşadığını yazır. Burada zərgərlər qızılın emalına mürəkkəb texniki üsullar-məftilçəkmə, dənə düzmə, cilalanmanın təkmilləşdirilməsi və.s kimi tətbiq edirdilər. Buradan aşkar olunmuş numizmatik materiallar şəhərin orta əsr ticarət əlaqələrinin yüksək inkişafını da göstərir. Bizans imperatoru Anastasinin mis pulu, Sasani şahı II Xosrovun gümüş pulu və.s tapılması sənətkarlıq və ticarətin, əmtəə pul münasibətlərindən xəbər verir.

Çox böyük elmi əhəmiyyət kəsb edən qazıntlardan biri də Böyük şəhərin şimal- qərb qala darvazalarında aparılan qazıntılar olmuşdur. VI sahədə aparılan qazıntılar nəticəsində məlum olmuşdur ki ilk orta əsrlərdən başlamış, XIII əsrin 20-ci illərinə qədər şəhərin şimal qərb qala darvazaları burada yerləşmiş və XIII əsrin əvvələrində monqol dağıntılarına məruz qalmış qala darvazalarının izləri aşkara çıxarılmışdır. Beyləqan orta əsr şəhəri XI-XIII əsrlərdə özünün çiçəklənmə dövrünü keçirir. Lakin tarixdən məlum olduğu kimi monqolların Azərbaycana yürüşü zamanı şəhər tamamilə dağıdılmış, yerlə yeksan olmuşdur. Həmdullah Qəzvini qeyd edir ki, 1340-cı ildə Beyləqan xarabalıq içində idi. Sonradan şəhərin bərpası üçün bütün cəhdlər boşa çıxdı. Bundan sonrakı dövrdə Beyləqan bir daha inkişaf etmək baxımından digər şəhərlərdən geri qaldı. Aparılan arxeoloji tədqiqatlar VI-XIII əsrlərdə Beyləqanın Mil düzündə mühüm sənətkarlıq və ticarət mərkəzi kimi mövcud olmuş bir şəhər olduğunu sübuta yetirmişdir.

 

Hasil Tağıyev

“Qayıdış” ictimai birliyinin sədri

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı