Xəbərlər 27.12.2024 17:02 272

"Bəhram Nəsibov yaradıcılığını gələcək nəsillərə çatdırmaq üçün geniş layihələr planlaşdırırıq" - Adil Nəsibov / FOTOLAR

“Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov qarşıdakı illər üçün bir sıra mühüm layihələr üzərində iş apardıqlarını QHT.az-a açıqlayıb. O bildirib ki, 2025-ci il çərçivəsində Bəhram Nəsibovun yaradıcılığını geniş kütləyə tanıtmaq məqsədilə müxtəlif tədbirlər planlaşdırılıb.

"Gələn il mətbuatımızın 150 illiyi ilə əlaqədar olaraq Bəhram Nəsibovun mətbuat və jurnalistika haqqında mahnılarını jurnal və konsert formatında işıqlandırmaq istəyirik. Bundan əlavə, tərbiyəvi əhəmiyyətli mahnılarını toplu və ya konsert proqramı kimi təqdim etməyi planlaşdırırıq," – deyə Adil Nəsibov qeyd edib.

O, həmçinin Lənkəran Turan Birliyinin 2025-ci ildə Gənclər Mərkəzi elan olunması münasibətilə, Bəhram Nəsibovun Yeni Turan və Lənkəran haqqında mahnılarının xüsusi konsert proqramında səsləndiriləcəyini vurğulayıb.

"Böyük Vətən müharibəsinin 80 illik zəfəri və bu zəfərin davamı olan "Zəfər Günü”nə həsr olunmuş qəhrəmanlıq mahnı və marşları, eləcə də COP 29-un ildönümündə görülmüş işləri filmin və musiqinin dili ilə göstərmək məqsədilə, ekologiya və alternativ enerji mövzusunda mahnılardan ibarət film-konsert üzərində də işləyirik. Həmçinin Qərbi Azərbaycanla silsilə layihələrimizdən olan aşıq məktəbi haqqında monoqrafiya hazırlayırıq. Bu layihələr çərçivəsində sənədli film çəkmək də planlarımız sırasındadır," – deyə o əlavə edib.

Adil Nəsibov gələcəkdə ansambllarla musiqi ifalarının təşkilinə çalışdıqlarını, hazırda isə not toplularına üstünlük verildiyini qeyd edib.

"Not toplularında mahnıların mövzu və mətnlərini dəqiq əks etdirmək istəyirik ki, gələcək nəsillər bu əsərləri səhvsiz oxuya bilsinlər," – deyə bildirib.

Birlik sədri 2025-cü ilin mart ayında Novruz bayramına həsr olunmuş "Bəhram Nəsibovun yaradıcılığında Novruz Bayramının vəsfi" adlı konsert proqramının təşkil ediləcəyini də açıqlayıb.

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı