Xəbərlər 28.12.2024 11:20 187

Şərqiyyə Dadaşova: “Qadınların iqtisadi güclənməsi onların sosial problemlərinin həllində mühüm rol oynayacaq”

Regional Gender Mərkəzi İctimai Birliyinin sədri, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, Miqrasiya Əməkdaşlıq Platformasının İdarə Heyətinin üzvü Şərqiyyə Dadaşova mərkəzin prioritetləri və gördüyü işlər haqqında QHT.az -a açıqlama verib.

 

Mərkəzin əsas prioritetləri

Şərqiyyə Dadaşova bildirib ki, Regional Gender Mərkəzi qadınların və qızların peşə sahibi olması, hüquqi biliklərinin artırılması və qayıdış prosesinə hazırlaşmalarına dəstək məqsədilə müxtəlif layihələr həyata keçirir.

Mərkəz, həmçinin sağlam ailələrin sayını artırmaq məqsədilə erkən nikahlar, məişət zorakılığı və narkomaniya ilə mübarizə istiqamətində maarifləndirmə işləri aparır. Bu çərçivədə “Nümunəvi Valideynlik İnstitutu” layihəsi reallaşdırılıb.

 

“Liderlik Məktəbi” və qadın qruplarının yaradılması

2023-cü ilin sentyabr ayında qadınlar və gənclər üçün “Liderlik Məktəbi” təsis edilib. Burada iştirakçılar ingilis dili, rus dili, dərzilik və kompüter kursları ilə yanaşı, liderlik, icma inkişafı, psixoloji dəstək və sosial hüquqlar mövzularında təlimlərdə iştirak ediblər.

2024-cü ilin fevralında isə “Ağdam Qadın Klubu” və “Qadınlar İnkişafa Doğru” təşəbbüs qrupları yaradılaraq, qadınların icmalarda fəal iştirakını təmin ediblər.

 

Sosial sahibkarlığın təşviqi

Şərqiyyə Dadaşova qeyd edib ki, qadınların iqtisadi müstəqilliyinə nail olmaq məqsədilə sosial sahibkarlığın inkişafına xüsusi diqqət ayrılır. Ağdamda həssas qruplardan olan qadınlar üçün çörək və şirniyyat bişirmə sexinin açılması planlaşdırılır. Bu sexdə işləyəcək qadınlar həm iqtisadi cəhətdən güclənəcək, həm də sosial problemlərinin həllinə nail olacaqlar.

 

Ətraf mühitin qorunmasına dair maarifləndirmə

Təlimlər zamanı təbii resurslardan qənaətlə istifadə, torpağın çirklənməsinin qarşısının alınması və əkin sahələrinin səmərəli istifadəsi kimi məsələlərə də xüsusi diqqət yetirilir.

Şərqiyyə Dadaşova əlavə edib ki, Regional Gender Mərkəzi qadınların sosiallaşmasını genişləndirmək və onların həyat şəraitini yaxşılaşdırmaq üçün fəaliyyətini davam etdirəcək.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı