Xəbərlər 05.02.2025 16:45 225

İctimai şuralar vətəndaş maraqlarını necə təmin etməlidir? QHT sədrindən AÇIQLAMA

“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında ictimai şuraların əhəmiyyətindən və onların fəaliyyətinin gücləndirilməsinin vacibliyindən danışıb.

Onun sözlərinə görə, ictimai şuraların əsas məqsədi vətəndaş cəmiyyəti ilə dövlət qurumları arasında körpü rolunu oynamaq, aktual problemləri gündəmə gətirmək və onların həlli yollarında vətəndaş mövqeyini müdafiə etməkdir: "İctimai şuraların yaradılması və bu sahədə peşəkar vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı, əhalinin qurumlarla daha əlçatan əlaqə qurmasına xidmət etməlidir."

 

"İctimai dinləmələr və aktiv fəaliyyət vacibdir"

Nuriyeva qeyd edib ki, ictimai şuraların daha effektiv fəaliyyəti üçün onlara lazımi imkanlar yaradılmalıdır: "İctimai şuralar yerli səviyyədə ictimai dinləmələr keçirməli, vətəndaşları narahat edən sualları aidiyyəti qurumlara çatdırmalıdır. Bu gün cənab Prezidentin də vurğuladığı kimi, vətəndaş məmnuniyyəti əsas prioritetdir və ictimai şuralar da bu məqsədə xidmət etməlidir."

 

Yeni seçkilər və gözləntilər

O, həmçinin son dövrlərdə müxtəlif qurumlarda keçirilən ictimai şura seçkilərinə toxunaraq bildirib ki, əvvəlki illərdə bu qurumlar effektiv fəaliyyət göstərə bilməyib. Bununla belə, yeni seçkilərdən gözləntilər böyükdür: "Ümid edirik ki, bu dəfə hər şey fərqli olacaq və ictimai şuralar vətəndaş maraqlarını daha yüksək səviyyədə qoruyacaq. Yeni tərkibin fəaliyyəti ölkə başçısının müəyyən etdiyi vətəndaş məmnuniyyəti prinsipinə uyğun qurulmalıdır. Bu gün ictimaishura.az saytında onlayn səsvermənin nəticələri bir daha göstərdi ki, hansı qurumların daha aktiv, hansıların isə zəif mövqedə olduğunu aydın şəkildə müşahidə etdik. Bu, ictimai şuraların effektivliyinin və qeyri-aktivliyinin həmin qurumun öz fəaliyyətindən asılı olduğunu göstərir. İctimai şuraların fəaliyyətini daha qənaətbəxş etmək üçün həmin qurumların daha çox imkan və şərait yaratması, vətəndaşların problemlərinə müsbət yanaşması və həlli istiqamətində addımlar atması vacibdir". 

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı