İqlim dəyişikliyi Azərbaycanın gələcəyini necə dəyişəcək? QHT sədrindən AÇIQLAMA
“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında iqlim dəyişikliklərinin Azərbaycana təsirini və bu sahədə həyata keçirilən tədbirləri şərh edib.
"İqlim dəyişikliyi bu gün dünyanın qarşısında duran ən böyük problemlərdən biridir. Qlobal istiləşmə və onun nəticələri ekoloji balansın pozulmasına, təbii fəlakətlərin artmasına və insan sağlamlığına ciddi təsirlərə səbəb olur. Son yüz il ərzində Yer kürəsində orta temperatur 0,8 dərəcə yüksəlib ki, bu da əsasən antropogen amillərlə bağlıdır. Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb. Son 100 ildə ölkə ərazisində orta illik temperatur 0,4–1,3 dərəcə arası artıb. Son illərdə kiçik dağ çaylarında sel və daşqınların intensivliyi yüksəlib. Bu dəyişikliklər su ehtiyatlarının azalması, quraqlıq və kənd təsərrüfatına mənfi təsirlər kimi bir sıra problemlərə yol açır".
İradə Həsənova bildirib ki, iqlim dəyişiklikləri təkcə ekosistemlərə deyil, sosial və iqtisadi inkişafa da təsir edir:
"İqlim dəyişmələri həm regional həm də qlobal səviyyədə insanların qida təhlükəsizliyini və suya çıxışını məhdudlaşdırır, aclıq, yoxsulluq və digər ağır sosial-iqtisadi nəticələrə, miqrasiyanın güclənməsinə səbəb olur, yoluxucu və xroniki xəstəlikləri artırır. Aparılan araşdırmalar göstərir ki, kənd təsərrüfatı sektoru, su resursları sektoru, sahilyanı zonaları, enerji sektoru, meşə sektoru, turizm sektoru və səhiyyə sektoru Azərbaycanda iqlim dəyişikliyinə həssasdır. İqlim dəyişikliyinə ən çox zəif olan sahələr kənd təsərrüfatı sektoru, su sektoru və sahilyanı zonalardır. Azərbaycan artıq sosial, iqtisadi inkişafı və yoxsulluğun azaldılmasını ölkənin prioritetləri olaraq müəyyənləşdirmişdir".
QHT sədri həmçinin bildirib ki, keçən ilin Azərbaycanda ekoloji fəaliyyətin daha da aktivləşdiyi il olub. Belə ki, keçən il ölkə başçısının müvafiq Sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi, həm də nüfuzlu tədbir olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 ölkəmizdə keçirildi. İradə Həsənova hər iki mühüm hadisənin Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində görülən işlərin daha da sürətləndirilməsinə sövq etdiyini də vurğulayıb:
"Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması, iqlim dəyişmələri ilə mübarizə istiqamətində görülən tədbirlər bunun bariz nümunəsi işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının, eləcə də Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji zonası elan edilməsidir. “Yaşıl enerji zonası” elan edilən Qarabağ və Şərqi Zəngəzur 2050-ci ilədək “netto sıfır emissiya zonası”na çevriləcək. “Yaşıl enerji”yə keçid qlobal ekoloji problemlərin həllində mühüm rol oynayır. “Yaşıl enerji”yə keçid ekosistemdə dayanıqlığın və insanın tələbatları ilə təbiətin imkanları arasında tarazlığın təmin olunmasında böyük əhəmiyyət daşıyır. “Yaşıl enerji” mənbələrindən enerji istehsalı iqlim dəyişikliyinin və qlobal istiləşmənin qarşısının alması üçün vacibdir. Azərbaycan Respublikası coğrafi baxımdan əlverişli “yaşıl enerji” potensialına malikdir və ondan səmərəli şəkildə istifadə edilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti aparılır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” də reallaşdırılması nəzərdə tutulan beş prioritetin biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” adlanır. Bu prioritetlər isə qlobal iqlim dəyişiklikləri prosesləri fonunda özündə bütöv bir tədbirlər sistemini cəmləşdirir".
Pərvanə Fərhadqızı