QHT 25 ildən artıq sosial rifaha xidmət - AÇIQLAMA
QHT.az xəbər verir ki, "Tərəqqi" Sosial İnkişaf İctimai Birliyi 1999-cu ildən bəri ölkə ərazisində məskunlaşan qaçqın, məcburi köçkün və aztəminatlı ailələrin sosial və humanitar problemlərinin həlli istiqamətində fəaliyyət göstərir. Birlik bu illər ərzində müxtəlif sosial inkişaf layihələri həyata keçirərək cəmiyyətin həssas qruplarına dəstək olub.
Birliyin sədri Telman Dadaşovun sözlərinə görə, təşkilat məcburi köçkünlər və aztəminatlı təbəqənin həyat şəraitinin yaxşılaşdırılması üçün müxtəlif layihələr icra edib. Onlardan bəziləri aşağıdakılardır:
- Sosial və tibbi maarifləndirmə layihələri – “Məcburi köçkünlər arasında tibbi profilaktik maarifləndirmə”, “Əhali arasında tibbi maarifləndirmə işinin təşkili”, “Sağlam və təhlükəsiz qidanın vacibliyi ilə bağlı əhalinin maarifləndirilməsi”, “Əhalinin koronavirus pandemiyası barədə məlumatlandırılması, maddi və psixoloji yardımların göstərilməsi” və s.
- Hüquqi və iqtisadi dəstək layihələri – “İctimai hüquqşünasların hazırlanması”, “Kredit ittifaqlarının yaranması üçün məlumat bazasının toplanması”, “Məcburi köçkünlərin sosial-iqtisadi durumunun öyrənilməsi”.
- Gənclərin və qadınların maarifləndirilməsi və sosial inkişafı – “Məcburi köçkün gənclərin ‘Narkotikə və Alkoqolizmə yox deyək’”, “Gender Əsaslı Zorakılıqla Mübarizə”, “Yeniyetmə və gənc qızların təhsildən yayınmalarının qarşısının alınması”, “Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği”, “Regionlarda narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə kampaniyalarının keçirilməsi”.
- İnfrastruktur və ekoloji layihələr – “Hər birimiz bir ağac əkək – ekologiyamızı qoruyaq”, Biləsuvar rayonunun Amankənd kəndində məktəb tikintisi, Biləsuvar rayonunun Aşağı Gürəli kəndində Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə 24 çarpayılıq xəstəxana binasının tikilməsi, Ağdam rayonunda yeni salınmış qəsəbələrdə bələdiyyə və icmaların birgə fəaliyyətinin araşdırılması və inkişafı üçün təlimlərin aparılması.
Telman Dadaşov bildirib ki, “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi gələcəkdə də sosial rifahın gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək və həssas qrupların həyat şəraitinin yaxşılaşdırılması üçün yeni layihələr həyata keçirməyi planlaşdırır.
Pərvanə Fərhadqızı