Xəbərlər 20.02.2025 17:53 200

"Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə önəmli addımlar atır" - QHT sədri

Azərbaycan Respublikası iqlim dəyişikliyi ilə mübarizədə mühüm işlər görməkdə davam edir.

Bu barədə “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu prosesdə elmi ictimaiyyət, tədqiqatçılar və yerli QHT-lər də böyük rol oynayır:

"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) məhz Azərbaycanda keçirilməsi ölkəmizin bu istiqamətdə apardığı işlərin bariz nümunəsidir. O qeyd edib ki, Azərbaycan BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi” təşəbbüsünə qoşularaq dayanıqlı inkişafa nail olmaq öhdəliyini bəyan edib və bu məqsədlə konkret addımlar atır. “Azərbaycan 2030 – Sosial-İqtisadi İnkişafa dair Milli Prioritetlər” sənədində ölkəmizin “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi və Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nin elan edilməsi Azərbaycanın ekoloji siyasətə verdiyi önəmin göstəricisidir".

İradə Həsənovanın sözlərinə görə, Azərbaycan artıq yaşıl enerji sahəsinə keçid prosesinə start verib. O, qeyd edib ki, Prezidentin 2022-ci il 22 iyul tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nda bərpa olunan enerji mənbələrindən istifadənin artırılması, bioenerji və geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi ilə bağlı mühüm istiqamətlər müəyyən olunub:

"Təşkilatımız iqlim dəyişikliyi ilə bağlı həm yerli, həm də beynəlxalq səviyyəli konfranslarda iştirak edərək konkret təkliflər irəli sürüb. Türkiyədə təşkil edilən “İqlim dəyişikliyi və qida təhlükəsizliyi” mövzusunda beynəlxalq konfransda iştirak edən təşkilat ətraf mühitin qorunması və ekoloji tarazlığın saxlanılması ilə bağlı vacib təşəbbüslərlə çıxış edib. Bundan əlavə, təşkilat Bakı və regionlarda ekoloji fəaliyyətlərini uğurla davam etdirərək ağacəkmə və ekoloji təmizlik aksiyalarını həyata keçirir. Maarifləndirmə tədbirləri də təşkilatın əsas fəaliyyət istiqamətlərindən biridir. Respublikamızın təhsil ocaqlarında ətraf mühitin qorunması və çirklənmənin qarşısının alınması məqsədilə seminarlar və təlimlər keçirilir".

QHT sədri vurğulayıb ki, “Səma və Eko” İB dövlətin ekoloji siyasətini tam dəstəkləyir və bu sahədə fəaliyyətini daha da genişləndirməyi planlaşdırır.

 

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı