"Dil xətalarının qarşısının alınması üçün orfoqrafik və orfoepik qaydaların dəqiqləşdirilməsinə ehtiyac var" - ÖZƏL
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanı Azərbaycan dilçiliyi qarşısında böyük vəzifələr qoyub. " - Bu sözləri Surdo.az saytına AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova deyib: "Nəzərə alsaq ki, uzun müddət dilimiz sovet dövründə sıxışdırılıb, yalnız Ümummilli lider Heydər Əliyev respublikaya rəhbər təyin edildikdən sonra dilimizin dövlət dairələrində işlənməsi təmin edilmişdi. Müstəqillik dövründə isə dilimiz dövlət dili statusunda böyük inkişaf yolu keçmişdir. Dilimizin müstəqil dövlətin dili kimi dünyada təbliği üçün onun nəzəri əsaslarının yenidən işlənməsi vacibdir. İndi dilçilik elmində dilin tədqiqi üçün yeni elmi tədqiqat üsullarından və cihazlardan istifadə olunur. Dil xətalarının qarşısının alınması üçün orfoqrafik və orfoepik qaydaların dəqiqləşdirilməsinə ehtiyac var. Fikrimcə, bu sahədə müzakirələrin aparılması və bu müzakirələrin mediaya açıq olması AMEA-nın uğurudur. Elm qapalı sahə kimi qalmamalı, alimlərin tədqiqlərinin müəyyən hissəsi ictimailəşməli, müəyyən məsələlərlə bağlı cəmiyyətin fikri də öyrənilməlidir. Sadəcə media həmin müzakirənin elmi tərəflərini qabartmalı, şou effektinin arxasınca qaçmamalıdır."