“Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin 2022-ci il üzrə hesabatı

2022-ci ildə görülmüş işlərin hesabatı

“Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi 2022-ci il ərzində 3 layihə və 34 tədbir həyata keçirib ki, ümumilikdə bu fəaliyyətlərdə 1194 nəfər gənc iştirak edib.

25.01.2022-ci il tarixdə Qazax Gənclər Evində "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və "Qazax Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" intellektual turniri keçirilib. Rayon məktəbliləri arasında keçirilən bilik yarışında 33 komandanın heyətində 165 gənc mübarizə aparıb.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 fevral – 01 may 2022-ci il tarixlərdə icra olunan “Zəfər kuboku” intellektual turniri layihəsi çərçivəsində 09,10,11 və 14 mart tarixlərində intellektual yarış təşkil olunub. Yarışlarda ümumilikdə 44 komandadan 220 nəfər gənc iştirak edib. Yekun nəticələrə əsasən, “F4T” komandası qalib adını qazanıb. BDU Qazax filialının “Scorpions” komandası II, M.Hüseyn adına Qazax şəhər məktəb-liseyin “Vadi” komandası isə III yerləri tutublar. Qalib komanda kubokla, I, II və III yerləri tutan komandaların üzvləri isə müvafiq diplomlar və medallarla təltif olunublar.

01.04.2022-ci il tarixdə "ZəfərimİZ" tədbirlər silsiləsi çərçivəsində Qazax gəncləri Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş kapitan Mühüd Orucov, baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin məzarlarını ziyarət ediblər. Səfər "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin birgə təşkilatçılığı ilə reallaşıb. Ziyarətdə 11 gənc iştirak edib.

08.04.2022-ci il tarixdə "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "İntellektual oyunlar klubu"nun birgə təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin Qazax filialında tələbələr arasında intellektual yarış keçirilib. "Nə? Harada? Nə zaman?" formatında reallaşan bilik yarışında 5 komandanın heyətində 22 gənc iştirak edib. Yekun nəticələrə əsasən "Birləşmiş cəbhə" komandası yarışın qalibi olub. "Phobia" və "Xəmsə" komandaları isə müvafiq olaraq II və III pillədə qərarlaşıblar. Qaliblər diplomla təltif olunublar.

14.04.2022-ci il tarixdə "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Alı Mustafayev - 70" adlı bədii qiraət müsabiqəsi keçirilib. Milli Qəhrəmanın adını daşıyan Qazaxbəyli kənd tam orta məktəbdə təşkil olunan müsabiqə şəhidin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra A.Mustafayevin həyat və yaradıcılığı barədə məlumat verilib. GİKM-in Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov əməkdar jurnalist, publisist, şair Alı Mustafayevin xatirəsinə həsr olunan müsabiqənin qaydaları barədə məlumat verib. Şəhidin bacısı Bəsti Yaqubova isə tədbirin təşkilində əməyi keçən hər bir kəsə öz təşəkkürünü bildirib və müsabiqə iştirakçılarına uğurlar arzulayıb. Daha sonra iştirakçıların ifasında şeirlər səsləndirilib. Münsiflər heyətinin qərarına əsasən, Aysun Yusifli müsabiqənin qalibi adına layiq görülüb. Nihat Qurbanov ikinci və Bahar Qocayeva isə üçüncü yeri tutub. Qalib və mükafatçılar müvafiq diplomlar və qiymətli hədiyyələrlə təltif olunublar.Müsabiqədə 10 şagird iştirak edib.

18.04.2022-ci il tarixdə "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Vətəni tanı" layihəsi çərçivəsində #gənclərimİZ "Damcılı" tarix-mədəniyyət qoruğuna səfər ediblər. Burada 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən təşkil olunan "Açıq qapı" günü çərçivəsində gənclərə tarixi abidələrimiz barədə məlumat verilib, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri ilə tanış olublar. Səfərdə 13 gənc iştirak edib.

04.05.2022-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Heydər Əliyev - 99" adlı gənclər arasında intellektual turnir keçirilib. “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və "Qazax Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilən bilik yarışı "Nə? Harada? Nə zaman?" formatında baş tutub. İntellektual turnirdə 28 komandanın heyətində 140 gənc mübarizə aparıb.İlk üç pillədə qərarlaşan komandaların üzvləri müvafiq diplomlarla təltif olunublar. Qalib komandaya həmçinin hədiyyələr təqdim edilib.

09.05.2022-ci il tarixdə gənclər Böyük Vətən Müharibəsi abidə kompleksini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.

09.05.2022-ci il tarixdə "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi, Qazax Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüylə əlaqədar "Heydər Əliyev və Azərbaycan gəncliyi" adlı tədbir keçirilib. Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Qazax Heydər Əliyev Mərkəzində keçirilən görüş Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib. Tədbirdə çıxış edən Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov və Qazax Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova dahi liderin Azərbaycan xalqı üçün göstərdiyi əvəzedilməz xidmətlərindən danışıb. Hazırda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasətçinin təməlini qoyduğu yolu uğurla davam etdirdiyini bildiriblər. Tədbirdə 30 gənc iştirak edib.

01.06.2022-ci il tarixdə "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Heydər Əliyev parkı ərazisində aksiya təşkil olunub. Aksiya çərçivəsində 10 gənc tərəfindən 15 uşağa kiçik hədiyyələr təqdim edilib.

03.06.2022-ci il tarixdə 5 İyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar mərkəzimizdə "Qara Bağ - Ekoloji terrorun annotasiyası" sənədli filminin nümayişi həyata keçirilib. Nümayişdən sonra gənclərimiz film barədə təəssüratlarını bölüşüblər. "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən hazırlanmış ekran işi Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində regionun ekologiyasına dəyən ziyandan bəhs edir. Tədbirdə 14 gənc iştirak edib.

12.06.2022-ci il tarixdə "Instagram" üzərindən canlı yayımlanan “Təhsil və ictimai fəaliyyət” adlı vebinarın qonağı "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, təlimçi Rəşad Bayramov olub. Vebinada 18 gənc iştirak edib.

13.06.2022-ci il tarixdə "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib. Müsabiqədə gənc rəssamların azərbaycançılıq və vətənpərvərlik mövzusunda çəkdiyi rəsmlər yarışıb. Müsabiqədə 11 gənc rəssam iştirak edib.

17.06.2022-ci il tarixdə "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin və birgə təşkilatçılığı ilə Qazax Rayon Mərkəzi Xəstəxanasında 17 İyun - Tibb İşçiləri Günü ilə bağlı görüş keçirilib. İlk olaraq Vətən müharibəsi şəhidi tibb xidməti leytenantı Adil Əfəndiyevin məzarı ziyarət olunub. Tədbiri giriş sözü ilə açan Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib və onlara fədakar fəaliyyətlərində uğurlar arzulayıb. "Qazax Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Sevda Məmmədova göstərilən diqqətə görə minnətdarlığını bildirib və əlamətdar günün tarixi barədə qısa məlumat verib. Daha sonra fəaliyyətlərində fərqlənən 10 nəfər tibb işçisi tərəfimizdən təltif edilib. Tədbir bayram şənliyi ilə davam edib.

19.06.2022-ci il tarixdə “İnstagram” hesabımız üzərindən karyera psixoloqu Orxan Mahmudovun təqdimatında “Uğurlu karyera strategiyası” adlı vebinar təşkil olunub. Vebinarda 15 nəfər iştirak edib.

23.06.2022-ci il tarixdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi, "Qazax Gənclər Evi" Sosial Xidmət Müəssisəsi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 26 İyun - Ümumdünya Narkomaniya və Narkobizneslə Mübarizə Günü ilə əlaqədar aksiya təşkil olunub. Gənclər arasında antinarkotik təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə həyata keçirilməsi məqsədilə bukletlər paylanılıb. Aksiyada 4 gənc tərəfindən 50 nəfərə maarifləndirici bukletlər paylanılıb.

24.06.2022-ci il tarixdə Qazax Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı, "Gəncliyin Təşəbbüsü" maarifləndirmə ictimai birliyi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin dəstəyi ilə Qazax Olimpiya İdman Kompleksində 26 iyun - Silahlı Qüvvələrin yaranması günü münasibətilə tədbir təşkil edilib. Tədbirdə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru, "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təsisçisi İsmayıl Süleymanov, Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədr müavini Namiq Alıyev və digər şəxslər çıxış edərək, Azərbaycan ordusunun yaranma tarixindən, ordu quruculuğundan və 44 günlük Vətən müharibəsində əldə olunan zəfərdən danışıblar. Tədbirdə 20 gənc iştirak edib.

25.06.2022-ci il tarixdə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Ağstafa Atıcılıq və Peyntbol Mərkəzində gənclər arasında peyntbol yarışı təşkil olunub. "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax və Ağstafa nümayəndəlikləri, eləcə də, "Qazax Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilən oyun gərgin mübarizəyə səhnə olub. Gənclərin əyləncəli və adrenalinli anlar yaşadığı oyunda dostluq qalib gəlib. Tədbirdə 20 gənc iştirak edib.

26.06.2022-ci il tarixdə “İnstagram” hesabımız üzərindən natiqlik, ünsiyyət bacarıqları üzrə təlimçi Zaur Cahangirovun təqdimatında “İlanı yuvasından çıxarmaq” adlı vebinar təşkil olunub. Vebinarda 20 nəfər iştirak edib.

03.07.2022-ci il tarixdə “İnstagram” hesabımız üzərindən iqtisadi idarəetmə üzrə mütəxəssis, biznes konsultant Ənvər Yavəroğlunun təqdimatında “Biznes və satışın idarə olunması” adlı vebinar təşkil olunub. Vebinarda 23 nəfər iştirak edib.

04.07.2022-ci il tarixdə təşkilatımızın dəstəyi ilə rəssam Aynurə Mustafayevanın təqdimatında Ağstafaçay su anbarının ətrafında plener-etüd təşkil olunub. Səfərdə 14 gənc iştirak edib.

06.07.2022-ci il tarixdə təşkilatımızın dəstəyi ilə #gənclərimİZ Ağstafaçay su anbarı ətrafında #Trashtag aksiyası keçiriblər. Aksiya çərçivəsində su anbarının ətrafında tullantılar qismən təmizlənib. Aksiyada 15 gənc iştirak edib.

08.07.2022-ci il tarixdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax və Ağstafa nümayəndəlikləri, "Qazax Gənclər Evi" Sosial Xidmət Müəssisəsi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənclər arasında intellektual turnir keçirilib. "Nə? Harada? Nə zaman?" formatı üzrə reallaşan bilik yarışında 10 komanda mübarizə aparıb. 43 gəncin iştirak etdiyi turnirdə 24 sual səsləndirilib.

10.07.2022-ci il tarixdə “İnstagram” hesabımız üzərindən Bakı Mühəndislik Universitetinin Riyaziyyat-İnformatika kafedrasının baş müəllimi, təlimçi Bəhman Qüdsinin təqdimatında “İdeal tələbə” adlı vebinar təşkil olunub. Vebinarda 28 nəfər iştirak edib.

17.07.2022-ci il tarixdə “İnstagram” hesabımız üzərindən Gəncə Dövlət Universitetinin baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Lamiə Hacımuradovanın  təqdimatında “Yeniyetmə və gənclərin hüquq tərbiyəsi” adlı vebinar təşkil olunub. Vebinarda 18 nəfər iştirak edib.

20.07.2022-ci il tarixdə Beynəlxalq Şahmat Günü münasibətilə "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi birgə təşkilatçılığı ilə gənclər arasında şahmat turniri təşkil olunub. Qazax Şahmat Məktəbində dairəvi sistem üzrə keçirilən yarışda 16 gənc mübarizə aparıb. Ən çox xal toplayan Ahu Mustafayeva turnirin qalibi olub. Şahmalı Məmmədzadə və Rüfət Gözəlov isə müvafiq olaraq II, III yerləri tutublar.

07.08.2022-ci il tarixdə “İnstagram” hesabımız üzərindən "Təlimçilik Akademiyası"nın təsisçisi, karyera və şəxsi inkişaf üzrə təlimçi və mentor Fəxrəddin Abdullayevin təqdimatında “İnsan tanıma sənəti” adlı vebinar təşkil olunub. Vebinarda 30 nəfər iştirak edib.

12.08.2022-ci il tarixdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax və Ağstafa nümayəndəlikləri və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənclər arasında 12 Avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş intellektual turnir keçirilib. "Nə? Harada? Nə zaman?" formatı üzrə reallaşan bilik yarışında 7 komanda mübarizə aparıb. 32 gəncin iştirak etdiyi turnirdə 20 sual səsləndirilib. Nəticələrə əsasən, ən çox suala düzgün cavab verən "Valhalla" komandası yarışın qalibi olub. "Matadorlar" II , "Kapitan Tahir" isə III yeri tutub.

15.08.2022-ci il tarixdə "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və "Qazax Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə "Şəxsi inkişaf" təlimləri çərçivəsində növbəti təlim təşkil olunub. Bu təlim B.D.Karvasarski İnstitutunun məzunu, psixoloq Təranə Mərdanovanın təqdimatında "Özgüvən texnikaları" mövzusunda keçirilib. Təlim aşağıdakı başlıqları əhatə edib: Özgüvən nədir?; Özgüvən azaldığı zaman nələri etməliyik?; Özgüvən əskikliyi yaşayan insanlarda olan davranışlar; Özgüvən sahibi olmaq üçün bilməli olduğunuz 5 maddə. Təlimdə 20 gənc iştirak edib.

22.08.2022-ci il tarixdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Şuşa, sən azadsan" tədbirlər silsiləsi davam edir. Fəaliyyət çərçivəsində Şuşa fatehi, Vətən müharibəsi şəhidi İsmayıl Qəsəbovun məzarı ziyarət olunub. Gənclər məzarın üzərinə gül dəstələri qoyub, şəhidin ruhuna ehtiramlarını bildiriblər. Ziyarətdə 9 gənc iştirak edib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 sentyabr – 01 noyabr 2022-ci il tarixlərdə icra olunan “Əsas Həyat Bacarıqları” layihəsi çərçivəsində 20 sentyabr – 21 oktyabr tarixlərində Qazax Gənclər Evində təlimçi Elmar Rzalı tərəfindən 16 mövzu üzrə 10 təlim keçirilib. Təlimlərdə 20 gənc iştirak edib. Yekunda təlim iştirakçıları müvəffəqiyyət və iştirakçı sertifikatları ilə təltif olunub.

02.09.2022-ci il tarixdə "GÜVƏN" Xeyriyyə və Dostluq Cəmiyyətinin təşkilatçılığı, "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin dəstəyi ilə Qazax rayonunun dörd cəbhəyanı kəndində - Quşçu Ayrım, Məzəm, Cəfərli və Bala Cəfərli kəndlərində birinci sinfə qədəm qoyacaq ümumilikdə 23 nəfər şagirdə məktəb çantaları və müvafiq dərs ləvazimatları təqdim edilib. Aksiyada 9 gənc iştirak edib.

21.09.2022-ci il tarixdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi, "Qazax Gənclər Evi" Sosial Xidmət Müəssisəsi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənclər arasında 21 Sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunmuş intellektual turnir keçirilib. "Nə? Harada? Nə zaman?" formatı üzrə reallaşan bilik yarışında 6 komanda mübarizə aparıb. 30 gəncin iştirak etdiyi turnirdə 24 sual səsləndirilib. Nəticələrə əsasən, suallara ən çox düzgün cavab verən "Nizami" komandası yarışın qalibi olub. "Edelveys" II, "Xəmsə" isə III yeri tutub. Qeyd edək ki, hər üç komanda Bakı Dövlət Universitetinin Qazax filialını təmsil edib.

26.09.2022-ci il tarixdə "Qazax Gənclər Evi" Sosial Xidmət Müəssisəsi, “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinin ikinci ildönümü ilə əlaqədar tədbir təşkil edilib. Tədbirdə ilk olaraq Vətənimizin bütövlüyü uğrunda canında keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra "Qazax Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin direktoru Vüsal Hüseynov, Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov çıxış edərək bildiriblər ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəs fəxr edir və qürur duyur. Tədbirdə 25 gənc iştirak edib.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə 10 sentyabr – 10 dekabr 2022-ci il tarixlərdə icra olunan “Əsrə bərabər 44 gün” layihəsi çərçivəsində 02 noyabr tarixində Qazax Dövlət Rəsm Qalereyasında rəsm ümsabiqəsi təşkil olunub. Müsabiqədə 20 gənc rəssam mübarizə aparıb. Yekun nəticələrə əsasən, Aida Nəsibli I yerə layiq görülüb. Ruhin Xasməmmədov II və Anar Bənnayev III yerlərdə qərarlaşıblar. Qalib və mükafatçılar müvafiq diplomlar və qiymətli hədiyyələrlə təltif olunublar. Bunlardan başqa, Yusif Məmmədov və Sitarə Əsgərovaya həvəsləndirici diplomlar təqim olunub.

Layihə çərçivəsində 15, 16 və 17 noyabr 2022-ci il tarixlərdə Qazax Gənclər Evində intellektual yarış təşkil olunub. Yarışda 16 komandadan 80 nəfər gənc iştirak edib. Yarışın nəticələrinə əsasən, müstəqil “GFG” komandası qalib adını qazanıb. BDU Qazax filialının “Hürufilər” və “Tornado” komandaları müvafiq olaraq II və III pillərləri bölüşüblər. Qalib komanda kubokla, I, II və III yerləri tutan komandaların üzvləri isə müvafiq diplomlar və medallarla təltif olunublar.

“Əsrə bərabər 44 gün” layihəsi çərçivəsində bunlardan başqa, Vətən müharibəsi şəhidi, tibb xidməti leytenantı Adil Əfəndiyevin xatirəsinə həsr olunmuş “Xüsusi Təyinatlı Həkim” filmi çəkilib.

20.12.2022-ci il tarixdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazax Gənclər Evində Vətən müharibəsi şəhidi, tibb xidməti leytenantı Adil Əfəndiyevin xatirəsinə həsr olunmuş "Xüsusi Təyinatlı Həkim" filminin nümayişi həyata keçirilib. Ekran işi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunmuş "Əsrə bərabər 44 gün" layihəsi çərçivəsində ərsəyə gətirilib. Qeyd edək ki, layihə 44 günlük Vətən müharibəsində qələbəni bizə yaşadan qəhrəmanlarımızı tanıtmaq və onların xatirəsini yad etmək məqsədilə həyata keçirilib.Film nümayişində 20 gənc iştirak edib.

20-27.12.2022-ci il tarixlərdə "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi və Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş onlayn rəsm müsabiqəsi təşkil olunub. “Dünya azərbaycanlılarının palitrası” adlı onlayn rəsm müsabiqəsində 18 nəfər gənc rəssam iştirak edib. “Facebook” və “İnstagram” sosial şəbəkə hesabları üzərindən ən çox bəyənmə alan üç nəfər gənc  - Gülcan Alıyeva, Qumaş Əlizadə və Sevgi İbrahimli müvafiq olaraq, ilk üç yeri tutublar. Qalib və mükafatçılar müvafiq diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

2022-ci il ərzində həyata keçirilən fəaliyyətlərdə əsas tərəfdaşlarımız olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi, “Qazax Gənclər evi”sosial xidmət müəssisəsi, Qazax Rayon Gənclər və İdman İdarəsi, Qazax Rayon Təhsil Sektoru və Qazax Dövlət Rəsm Qalereyası çıxış edib. Bundan başqa, tərəfdaş qismində BDU Qazax filialını xüsusi olaraq vurğulamaq olar.