Maliyyə Nazirliyi “Vətəndaşın büdcə bələdçisi”ni hazırlayıb

Maliyyə Nazirliyi Azərbaycan Respublikasının 2023-cü ilin dövlət və icmal büdcələri ilə bağlı məlumatları özündə birləşdirən “Vətəndaşın büdcə bələdçisi” hazırlayaraq rəsmi internet səhifəsində yerləşdirib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, hər il ənənəvi olaraq hazırlanan bələdçidə dövlət və icmal büdcələrin əsas parametrləri, büdcə layihəsinin hazırlanması prosesində görülmüş işlər, büdcə gəlirlərinin formalaşma mənbələri və xərclərin istiqamətləri barədə əsas məlumatlar əks olunub. Büdcə olduqca mürəkkəb və xüsusi bilik tələb edən bir maliyyə sənədi olduğundan onun strukturu ilə bağlı məlumatlar ilkin baxışda sadə vətəndaşlar üçün anlaşılan olmaya bilər. Belə ki, büdcə sisteminə daxil olan büdcələrin tərtibi, onların gəlir və xərclərinin, kəsirinin strukturu, gəlirlərin formalaşma mənbələri, xərclərin istifadə istiqamətləri və kəsirinin maliyyələşmə mənbələri üzrə çoxsaylı məlumatların təhlili xeyli vaxt tələb edir.

Bu baxımdan əhalinin büdcənin mahiyyəti, onun parametrlərinin tərtibi və icrası prosesi, 2023-cü ilin dövlət və icmal büdcələrinin gəlir və xərclərinin strukturu, büdcə-vergi siyasətinin istiqamətləri ilə bağlı qısa və asan anlaşılan məlumatlarla təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hazırlanmış “Vətəndaşın büdcə bələdçisi” vətəndaşların ixtiyarına verilir. Bu məlumat toplusu vətəndaşlara büdcə sahəsində bələdçilik edəcək, büdcənin daha asan və aydın şəkildə başa düşülməsində yardımçı olacaq.

“2023-cü ilin dövlət büdcəsi dünyada mövcud olan geosiyasi gərginlik fonunda yaranmış yeni iqtisadi çağırışlara və Böyük Qayıdışın tələblərindən meydana çıxan reallıqlara əsaslanır. Bu siyasətə uyğun olaraq, növbəti ildə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, zəruri infrastrukturun yaradılması işlərinin daha da sürətləndirilməsi, şəhər və rayonlarımızın bərpası əsas prioritetlərdәn biridir. Eyni zamanda, ordumuzun müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, dövlət sərhəd xətlərinin bərpası və qorunması, milli təhlükəsizlik tədbirlərinin, vətəndaşların layiqli və keyfiyyətli həyat şəraitinin təmin edilməsi büdcənin əsas xərc prioritetini təşkil edəcək”, - deyə bələdçinin ön sözündə bildirilir.

Beynəlxalq fiskal diaqnostika alətlərinin, xüsusilə də Açıq Büdcə Sorğusunun metodologiyasına və tələblərinə uyğun olaraq hazırlanan sənəd büdcə şəffaflığının və hesabatlılığının artırılması istiqamətində son illərdə Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin tərkib hissəsidir.