"İdman klubu öz fəaliyyətini Xankəndidə davam etdirəcək"- Akşin Hüseynli
"İdman klubu öz fəaliyyətini Xankəndidə davam etdirəcək"- Akşin Hüseynli
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyevlə "Xankəndi idman kllubu"nun fəalları ilə görüş keçirilmişdir.
"Xankəndi idman kllubu"nun rəhbəri Akşin Hüseynli klubun fəaliyyəti haqqında millət vəkilinə ətraflı məlumat vermişdir.
Millət vəkili Tural Gəncəliyev klubun fəalları ilə yaxından tanış olmuş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Görüşdə bildirmişdir ki, gənclərimiz üçün ən həlledici sınaqlardan biri, şübhəsiz, 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən VƏTƏN MÜHARİBƏSİ oldu.
Məlum olduğu kimi, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunmuş, 1 milyondan çox qaçqın və məcburi köçkün, o cümlədən 80 mindən artıq Dağlıq Qarabağ azərbaycanlısı öz doğma yurdlarından didərgin düşmüşdü.
Bu gün II Qarabağ savaşında, Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş igid Azərbaycan oğullarını - fədakar oğullarımızı unutmaq olmaz. Məhz Azərbaycan gənclərinin təmsil olunduğu Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlıqları sayəsində Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında düşmən üzərində parlaq Qələbəyə nail olduq. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz Vətən müharibəsinin ağır sınağından əsl qəhrəman kimi çıxdılar və adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar.
Qazanılan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu. İndi artıq soydaşlarımız mərhələlərlə öz doğma yurd-yuvalarına qayıdırlar.
Biz, Şəhadət zirvəsinə ucalan, eyni zamanda döyüşlərdə xəsarət alan və bu gün bizimlə olan, öz qalib addımlarını bugünkü həyatlarında da ləyaqətlə davam etdirən gəncləri unutmamalı, onların bugünkü gəncliyə örnək olan həyat yollarını təbliğ etməliyik.
Bugünkü həyatımız, xoşbəxt sabahımız üçün biz onlara borclu olduğumuzu unutmamalı, hər bir şəhidimizi dönə-dönə xatırlamalıyıq.
Görüşdə qeyd olundu ki, bugünkü gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərmiş, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak etmişlər.
Bu gün gənclər Respublikamızın adını bir çox ölkələrdə layiqincə ucaldır və bir çox halllarda Azərbaycan dövlət himnini düşmən qonşumuzun ölkəsində səsləndirirlər.
Bu gün Azərbaycan, həm də dünyanın qabaqcıl idman ölkəsi kimi tanınır. Azərbaycanın gənclər siyasətində idmanın inkişafı və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir.
Bu gün respublikamızda 45-dən çox Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Gənclər idman arenalarında ölkəmizin bayrağını yüksəklərə qaldırır. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır.
Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə etməliyik.
Xalqımız müzəffər xalq kimi yaşayır və bu qürurverici amil bizimlə bundan sonra əbədi olacaq. - Klub üzvlərinin fəaliyyətində də bunlar başlıca amillər hesab olunur və təsadüfi deyil ki, klubun üzvləri sırasında da idmançılar çoxdur.
Məlum olduğu kimi bu gün Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyası davam edir və bu aksiyanın iştirakçılarının böyük əksəriyyətini gənclər təşkil edir
Şaxtaya, soyuğa, qara baxmayaraq, etiraz aksiyasına qatılan iştirakçıların böyük əksəriyyətini gənclər təşkil edir. Bütün Azərbaycanın ürəyi hazırda Laçın yolunda döyünür. Onlar böyük əhvali-ruhiyyə ilə öz haqlı tələblərini dünyaya bəyan edirlər.
İnamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” - sözləri dövlətimizin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz təzahürüdür.
Görüş zamanı "Xankəndi idman kllubu"nun
gələcək fəaliyyəti və məqsədləri barədə də müzakirələr aparılmışdır.
Qeyd olunmuşdur ki, tezliklə idman klubu öz fəaliyyətini Xankəndidə davam etdirəcəkdir.