Masallıda Milli Qəhrəmanın xatirəsi anılıb

Müqəddəs xatirəli ölməz igidlər

Masallıda Milli Qəhrəman Elşad Saday oğlu Əhədovun (04.03.1968-11.12.1993) xatirəsi anılıb.
Rayon Mərkəzi Kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədovun anadan olmasının 55 illiyi ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin, Milli Qəhrəman Elşad Əhədovun, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Kitabxananın əməkdaşları Ağahüseyn Hüseyni, Lətafət Əlirzayeva və başqaları Milli Qəhrəman Elşad Əhədovun həyat və keçdiyi döyüş yolundan danışıb, müqəddəs xatirəli ölməz igidimizin qəlblərdə əbədi yaşayacağını vurğulayıblar.
Bildirilib ki, Elşad Saday oğlu Əhədov 1968-ci il martın 4-də Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya göz açıb. C.Naxçıvanski adına Hərbi Liseyi, sonra Ukraynanın Kamenets-Podolsk Ali Komandirlər Məktəbini bitirən E.Əhədov 1989-cu ildə baş leytenant rütbəsi alaraq təyinatla Volqoqrad vilayətindəki hərbi hissələrdən birinə rota komandiri göndərilib. Gənc zabit bir müddətdən sonra doğma Vətənə qayıdaraq əvvəlcə Güzdək qəsəbəsində, sonra isə Lənkəran rayonunda rota komandiri kimi fəaliyyət göstərib. Erməni işğalçılarının hərbi təcavüzündən hiddətlənən E.Əhədov döyüş bölgəsinə üz tutub. Gənc zabitin Füzuli rayonu ərazisindən başlayan döyüş yolu Daşburun, Nərgiztəpə, Aşağı Veysəlli və Şişqayaya davam edib. O, Beyləqanın müdafiəsində böyük rəşadət göstərib. Onun minaladığı sahəyə 8 düşmən tankı və onlarla erməni yaraqlısı düşərək məhv edilib.
İgid komandirin sonuncu döyüşü 1993-cü il dekabrın 11-də Ağdaş yüksəkliyi uğrunda olur. Qeyri-bərabər döyüşdə ağır yaralanan E.Əhədovun həyatını xilas etmək mümkün olmur. 
Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 14 dekabr tarixli Fərmanı ilə Elşad Əhədov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib, 1994-cü il 16 sentyabr tarixli Fərmanla isə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Ailəli idi. İki uşağı yadigar qalıb.
Elşad Əhədov doğulduğu Masallı rayonunun Təzə Alvadı kəndində dəfn edilib. Kənd orta məktəbi və parkı Milli Qəhrəmanın adını daşıyır.

 

Akif AĞAYEV