2023-cü il üzrə Əsas Qrant Müsabiqəsi - ELAN

 Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 2023-cü il üzrə Əsas Qrant Müsabiqəsini elan edilib. 300 000 manatadək maliyyə həcmli layihələr qəbul edilir.

Azərbaycan elminin inkişaf etdirilməsi görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu elm siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə elmin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

 

Azərbaycan Elm Fondu 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar olaraq Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Əsas Qrant Müsabiqəsini elan edir. “Əsas Qrant Müsabiqəsi - 2023”ün proqramı qabaqcıl texnologiyaların, kəşflərin sayını artırmaq üçün nəzərdə tutulub. Bu müsabiqə elmi tədqiqatlarla yanaşı, nümayiş layihələri və innovasiyalar da daxil olmaqla geniş spektrli fəaliyyətləri dəstəkləyir. Məqsəd müsabiqə əsasında ayrılan maliyyə vəsaiti hesabına elmin səviyyəsini yüksəltmək və tədqiqatın elmi əhəmiyyətini rəhbər tutaraq alimlərin özlərinin təklif etdikləri mövzular üzrə tədqiqatlarını dəstəkləməkdir. Perspektivli gənc alimlər, eləcə də öz elmi sahəsində lider olan tədqiqatçılar bu qrant üçün müraciət edə bilərlər.

 

Müraciət edənlərin yaşı, eləcə də tədqiqatın tematik sahələri ilə bağlı heç bir məhdudiyyət yoxdur. Müsabiqədə iştirak etmək üçün layihələr 6 mart - 05 may 2023-cü il tarixləri arasında qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2023-cü ilin sonunda açıqlanması planlaşdırılır. Qeyd edək ki, layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub.

 

Bu barədə əlavə məlumat Fondun internet səhifəsində (www.aef.gov.az/) dərc olunacaq