Avropa İttifaqının Nümayəndəliyi Beynəlxalq Qadınlar Gününü qeyd edib - FOTO

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Beynəlxalq Qadınlar Günü münasibətilə  “Qadın böyük qüvvədir” kampaniyası çərçivəsində ziyafət təşkil edib.

 

QHT.az xəbər verir ki, tədbirdə Avropa İttifaqının, həmçinin quruma üzv ölkələrin Azərbaycandakı səfirləri, müxtəlif sahələrdə tanınmış qadınlar iştirak ediblər.

 

Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko bildirib ki, sosial layihə ay ərzində davam edəcək. 

“Qadınları güclü edən nədir və onlar öz güclərindən necə istifadə edirlər? Hər yerdə cəmiyyətlərə böyük təsir edən qadınlarla rastlaşırıq və Azərbaycan bu baxımdan istisna ölkə deyil. Avropa İttifaqı kampaniyamızın simasına çevrilmiş, müxtəlif sahələri təmsil edən, güclü ilə digərlərini ruhlandıran 27 Azərbaycan qadını ilə tərəfdaşlıq ruhunda Beynəlxalq Qadınlar Gününü qeyd etməkdən qürur hissi keçirir. Avropa İttifaqı Azərbaycanda qadınlara fayda verən və nəticələrindən böyük qürur hissi keçirdiyimiz bir neçə layihəyə dəstək verir. Bu qadınlardan bəzilərini bu gün özünüz eşidəcəksiniz”, - səfir Mixalko əlavə edib.

 

Bildirib ki, bu qadınlar təkcə gördükləri iş və kampaniya zamanı verdikləri ismarışlarla bizi ruhlandırmayıb: “Onların gələcək nəsilləri də şövqə gətirəcəklərindən, qarşıdan gələn illər ərzində gənc Azərbaycan xanımları və qızları üçün bir örnək olacaqlarından əminik”. 
 

Səfir Mixalko kampaniyada iştirak edən, mədəniyyət, təhsil, idman, vətəndaş cəmiyyəti, işgüzar dünya, səhiyyə sahələrində fəaliyyət göstərən, həmçinin kişilərin hökmranlıq etdiyi pilot və mühafizəçi peşələrinə yiyələnmiş qadınları təbrik edib.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, qadın özünün gücünü hiss edəndə və yaşadığı cəmiyyət onun gücünə inananda daha güclü və möhtəşəm olur.

O, layihəyə hər cür dəstək verməyə hazır olduğunu söyləyib. Avropa İttifaqının həyata keçirdiyi siyasət və proqramların vasitəsilə cəmiyyətin bütün sahələrində qadınların tam iştirak etməsinə, həmçinin qadınlar üçün təhsil və məşğulluq imkanlarının artırılmasına şərait yaratmaq məqsədinə xidmət etdiyini diqqətə çatdırıb. 
 

Tədbir kampaniyaya həsr edilmiş videoçarxlar nümayiş etdirildikdən və sertifikatlar verildikdən sonra “Ahmedovski” caz qrupunun ifası ilə başa çatıb.